Xroniki xəstəliyi olanlara peyvənd vurulmalıdır

Həkim bütün narahatçılıqlara aydınlıq gətirdi

"Əgər şəxs xəstəliyin kəskin dövründədirsə, deyək, infarkt keçirib və müalicə alırsa, ya digər xəstəliklə bağlı aktiv fazadadırsa, kəskin dərman allergiyası – müxtəlif variantlı dərman qruplarına qarşı allergiyası varsa, belə şəxslər vaksinasiya ilə bağlı əks-göstərişli hesab edilir"


Hazırda müəllimlərin vaksinasiyası aparılır. Pedaqoji fəaliyyətlə məşğul olanların koronavirusa qarşı peyvənd vurdurması həm kollektivdə, həm şagird və valideynlərə rahatlıq gətirən prosesdir. Vaksinasiya başa çatdıqdan sonra uşaqların məktəbdə virusa yoluxma riski xeyli azalacaq. Bu isə nəticə etibarilə əyani tədrisin davamlılığına şərait yaradacaq. Vaksinasiya könüllüdür, lakin peşəsi gərəyi müəllimlərin mütləq peyvənd vurdurmalı olduğu da deyilir. 
Gün ərzində 800-1000 müəllimin peyvənd olunması mümkündür. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook"da hesabında yazıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, təhsil işçilərinin vaksinasiyası könüllüdür, amma onun zəruriliyi vətəndaş məsuliyyətindən, peşə təəssübkeşliyindən irəli gəlir. Onun sözlərinə görə, vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı inzibati tədbirin görülməsi nəzərdə tutulmur. Lakin hər kəs vaksinasiyanın əhəmiyyətini başa düşməli və dezinformasiyalara fikir verməməlidir.
M.Vəliyeva əlavə edib ki, məktəblərdə əyani tədrisin dayandırılmaması üçün karantin rejiminin qaydalarına əməl olunmalı, insanlar vaksinasiyadan keçməlidir.

İdarə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, vaksinasiya üçün müraciət edən müəllimlər mütləq həkim müayinəsindən keçir, yanaşı xəstəliklər varsa, vaksinasiya edilmir. Müəllimlər göstəricilərə uyğun vaksinasiya olunur. 

Müəllimlərsə vaksinasiya olunmaqda maraqlı görünür. Xətai rayonu 25 saylı məktəbin müəllimi Məmmədova Aygün Trend-ə açıqlamasında deyib ki, vaksinin ilk dozasını vurdurub. Aprelin 1-də isə peyvəndin ikinci dozasını vurduracaq: "Çox şükür ki, vaksinasiya olundum. Özümü çox yaxşı hiss edirəm. Vaksinasiyanın əhəmiyyəti barədə artıq yetərli qədər məlumat var. Lakin onu bildirmək istəyirəm ki, biz cəmiyyətin fəal üzvü olduğumuz, şagirdlərlə təmasda olduğumuz üçün vaksinasiyanın edilməsi bizim üçün mütləq idi".

Vaksinasiyada müəllimlərin fəallığı hiss edilir. Lakin “yanaşı xəstəliklər” məsələsində anlaşılmazlıq yaranır. BŞTİ-nin müdiri M.Vəliyeva deyir ki, yanaşı xəstəlikləri olanlar peyvənd edilmir. Tibb mütəxəssisləri isə əksinə, yanaşı xəstəlikləri olanların məhz ilk növbədə peyvənd vurdurmasını məsləhət görür. Belə bir açıqlama ilə anestizioloq-reanimatoloq Təbriz Naibov çıxış etmişdi. Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla da “Şərq”ə açıqlamasında qeyd etmişdi ki, hansısa xəstəliyi olanların “SARS-COVİD-19” virus infeksiyasını yüngül keçirmələri, ağır fəsadlarla üzləşməmələri üçün peyvənd vurdurmaları lazımdır. Şəkərli diabet, hipertaniya (qan təzyiqi), həmçinin böyrək, qara ciyər çatışmazlığı və sair, hər hansı yanaşı xəstəliyi olanlar vaksin vurdurmaqdan çəkinməməlidir.         
  
Bəs, Təhsil İdarəsi müdirinin açıqlaması nəyə əsaslanır? 

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında yanaşı xəstəliklər məsələsinə aydınlıq gətirdi: 

- İnsanlar çaş-baş qala bilər. Yanaşı xəstəlik nədir, vaksin vurdurmaq olar, ya olmaz. Bu məsələyə aydınlıq gəlsin deyə, bildirirəm ki, vaksinlə bağlı göstəriş və əks-göstəriş anlayışı mövcuddur. Peyvəndlənməyə göstəriş olur, bir də əks-göstəriş olur. Yəni vaksin vurdurmaq olar, yoxsa olmaz. Sizə deyim, əgər şəxs xəstəliyin kəskin dövründədirsə, deyək, infarkt keçirib və müalicə alırsa, ya digər xəstəliklə bağlı aktiv fazadadırsa, kəskin dərman allergiyası – müxtəlif variantlı dərman qruplarına qarşı allergiyası varsa, belə şəxslər vaksinasiya ilə bağlı əks-göstərişli hesab edilir. Amma xroniki xəstəliyi olanlara peyvənd vurulmalıdır. Çünki peyvənd bu insanların virus infeksiyalarını yüngül, ağrısız keçirmələrinə kömək edəcək. Hər bir şəxs yaxşı olar ki, vaksinasiyadan əvvəl müalicə həkimi ilə, yaxud sahə həkimi ilə məsləhətləşsin. Ümumiyyətlə, vaksinasiya üçün sahə həkiminin tövsiyəsi, göndərişi olmalıdır. Şəxs vaksinasiyadan öncə müayinə olunmalı, səhhəti, keçirdiyi xəstəliklər və hazırkı sağlıq durumu barədə ona məlumat verilməlidir. 

Qeyd edək ki, vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.