Kreml Paşinyana dözür:  Ssenari tamamlanmayıb, amma...

“Rusiya indiki şəraitdə Paşinyanla vidalaşmaq fikrində deyil”

“Rusiya üçün Paşinyandan sonrakı Ermənistan daha acınacaqlı və idərəolunmaz görünür”

“Buna görə də rəsmi Moskva Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəmir”


Ermənistandakı daxili siyasi vəziyyət həddindən artıq ağırdır. Hətta vəziyyət o yerə çatıb ki, hakimiyyət Allahın umuduna qalıb…Hərçənd, deyəsən, heç Yaradanın da mövcud iqtidara kömək etmək fikri yoxdur. Lakin baş nazir Nikol Paşinyan hətta kələklə, fintə-fəsadla olsa belə, “post”unu qoruya bilər. Ard-arda baş tutan mitinqlərdən sonra çoxları onun devriləcəyini düşünürdü. Buna baxmayaraq, hakimiyyətin dəyişilməsinə dair ehtimallar “suya düşdü”. Ən azından hələlik. Çünki Paşinyan zəli insandan yapışan kimi, kreslosundan yapışıb…Həqiqətənmi, baş nazirin sadəcə bəxti gətirir?



BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bu barədə “Sherg.az”a danışdı. Onun fikrincə, məsələyə təsir edən ən mühüm faktorlardan biri şimal qonşumuzun mövqeyi ilə bağlıdır: 

 “Müxalif qüvvələrin çox ümid bəslədiyi hərbi çevriliş baş tutmadı. Bu, etirazçıların zəifləməkdə olan qüvvələrini daha da söndürdü. Silahlı qüvvələrin Baş Qərargahı tabeliyindəki hərbçilərin siyasi proseslərə müdaxiləsinin yolverilməzliyi haqqında bəyanat səsləndirməyə məcbur edildi. Bəli, məhz “məcbur edildi”. Çünki ABŞ eyni məzmunlu işarəni verdikdən sonra Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi ilə görüşdü və onu “yerində oturmağa” dəvət etdi. Hərbçilərin geri çəkilməkdən başqa yolu qalmamışdı. Onlar hadisələrə müdaxilə edərək hakimiyyəti ələ almaq variantından əl çəkdilər.

İndi hərbçilər siyasi proseslərə qoşulmalarını qəbul edilməz hesab edirlər. Cəmi bir həftə öncə isə Paşinyanı istefa etməyə çağıran bəyanatlar verirdilər. Deməli, onları idarə edən xarici qüvvə - Rusiya indiki şəraitdə Paşinyanla vidalaşmaq fikrində deyil. Amma söhbət Paşinyanın bu gün Kremli qane edib –etməməsindən getmir.

Sadəcə Rusiya üçün Paşinyandan sonrakı Ermənistan daha acınacaqlı və idərəolunmaz görünür. Buna görə nə qədər çətin olsa da, Paşinyana dözmək lazımdır. Bir sözlə, Moskva  hələ Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəmir”.

Professorun sözlərinə görə, ictimai rəy də mövcud iqtidarın xeyrinədir:

“Paşinyan haqqında Ermənistan və Rusiya mətbuatında  yetərincə aşağılayıcı ifadələr işlədilir. Ancaq vəziyyət heç də təqdim olunan səviyyədə deyil. Hakimiyyətə can atan qüvvələrin  Qarabağı itirməsi, 10 minə yaxın erməni gəncinin döyüşdə məhv olması, Ermənistan ordusunun darmadağın edilməsi ilə bağlı onun günahkar çıxarılmasına baxmayaraq, baş naziri hakimiyyətdən sala biləcək qüvvə mövcud deyil. Yəni  vətəndaşlar bütün bu bəlaları qəbul etməklə yanaşı, onları birdəfəlik müharibə caynağından qurtardığına görə sanki Baş Nazirlə həmfikirdirlər. Ermənilər  özlərinin olmayan torpaqlar uğrunda yenidən müharibəyə girmək istəmirlər. Fikrimcə, Paşinyanın hakimiyyətdə qalmasına təsir edən ikinci məsələ budur”.

Ə. İbrahimov iqtidarın “uzunömürlülüyünə” təsir edən digər amilləri də sadaladı: 

“2018-ci ildə Paşinyan küçə hərəkatı nəticəsində hakimiyyətə gəldi. Sonradan bu hərəkatı “məxməri iqilab” adlandırdılar. Məqsəd Sorosun yardım etməsi idi. Deməli, indi ona qarşı olan küçə hərəkatından vaxtı ilə Paşinyan özü istifadə edirdi. Yəni bu sahədə yetərincə təcrübəsi var. Onun əleyhinə eyni silahdan istifadə edənlər elə əvvəldən uğursuzluğa məhkum idilər. Baş nazir küçə ilə manipulyasiya etməyi Ermənistanda hamıdan gözəl bilir. Elə buna görə də müxalifət onu istefaya və sonradan həbsə göndərə bilmədi. Növbəti səbəb isə Robert Köçaryan və Serj Sarkisyan cütlüyünün yenidən hakimiyyəti ələ almaq cəhdləridir. İnsanlar bu Rusiya meyllilərin hakimiyyətdə olduğu illəri çox gözəl xatırlayırlar. Camaat o illərə qayıtmaq istəmir. Belə ki, bu cütlüyün hakimiyyəti bir az da  davam etsəydi, yəqin, Ermənistanda əhalinin sayı indikindən iki dəfə az olardı. Çünki Köçaryan və Sarkisyan ermənilərsiz Ermənistan yaratmaq üçün çalışırdılar. Başqa bir məqam “Qarabağ klanı”nın yenidən Ermənistana rəhbər gətiriləcəyi qorxusudur. Bu klan hələ də ermənilərin “qanını içməkdə” davam edir. Onlar vəhşi qəbilənin üzvləri kimi dişlərinə keçən hər şeyi məhv edirlər. Onların öhdəsindən yalnız Paşinyan gələ bilər”.