“Reklam xarakterli məlumatların təqdimatı həssaslıq tələb edir”

Hər gün xəttə yüzlərlə avtobus buraxılır. Məlumdur ki, nəqliyyatdan da milyonlarla adam istifadə edir. Marşrut avtobuslarında yol boyu müəyyən reklamlar səsləndirilir. 
“Space tv” baş redaktoru Rasim İsmayılov da bu barədə narazı paylaşım edib:
“Marşrut avtobuslarında səsli reklam verməyə icazə varmı? 

P.S. 18 saylı avtobusda unibankın sələmçiliyi, arielin möcüzələri, Samsunqun "nestandart" texnikası barədə eşitməkdən başımız ağrıdı”.
Təkcə Rasim İsmayılov deyil, digər insanlar da mövcud vəziyyətdən əziyyət çəkir. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli bu cür məsələlərin qanunla tənzimləndiyini bildirib:

"Metroda, ictimai nəqliyyatda səslənən materiallar informativ, təşviqat xarakterli olur. Amma reklam xarakterli  məlumatların təqdimatında həssaslıq tələb edilir. Sosial çarxlar, virusdan qorunmaq üçün müəyyən qaydalar yerinə düşür. Hər hansı bir malı, yaxud xidməti tərifləmək istəyiriksə, bunun nə dərəcədə qanunauyğun olub-olmadığını dəqiqləşdirmək lazımdır. Kommunikasiya vasitələrində gedən reklamlarla,  nəqliyyatda təsadüfən toplaşmış kontingentin qavrayışı, psixoloji durumu eyni deyil. Ona görə də belə məqamda həssas olmalı, düzgün seçimə önəm vermək lazımdır".