13 yaşlı qız ana oldu: Bu nə tibbə, nə dinə, nə də insanlığa sığır

Lalə Mehralı: “Həkimlər onun körpə bədəninin doğuşa hazır olmadığı qənaətinə gəlirlər”

Raya Qasımova: “Bu çox vaxt  ana və ya uşaq ölümü ilə nəticələnir”


Gürcüstanın Qori rayonunda 13 yaşlı məktəbli dünyaya uşaq gətirib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Faktla bağlı “yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə” maddəsi ilə cinayət işi başladılıb.
“Netgazeti” xəbər verir ki, kənddə bu hadisədən çoxdan xəbərdar olublar. Uşağa 12 yaşında təcavüz edən ailəsinin tanışı tutulub.

Baş verən hadisəni “Sherg.az”a dəyərləndirən sosioloq Lalə Mehralı bildirib ki, 12 yaşlı uşağa təcavüz olunması dəhşətdir:

“Amma təcavüz edilməsə belə, Gürcüstanda 13-15 yaşlı qızların ana olması bizi qədər onları narahat etmir. Həmin bölgədə bu halı normal qəbul edirlər, cinayət olduğunun fərqində deyillər, azyaşlı qızların ərə gedib ana olması onlar üçün adi haldır. Təcavüz halı qeydə alınıbsa, hamiləlik müşahidə edilən kimi abort aparılmalı idi. Belə hallarda azyaşlı mütləq şəkildə abort və yaxud başqa yolla döldən azad edilir. Çünki həkimlər onun körpə bədəninin doğuşa hazır olmadığı qənaətinə gəlirlər. Abort etməyiblərsə, deməli valideynlər qızın ana olmasına razılaşıblar. Yəni bu durum onlar üçün dəhşətli deyil. 13 yaşlı qız körpədir, o, nə bilir analıq, dünyaya uşaq gətirmək nədir? Bu yaşda biri fizioloji və psixoloji olaraq ana olmağa hazır deyil. Odur ki, bütün hallarda qanunsuzluq və cinayətə yol verilib”.

Mama-ginekoloq Raya Qasımova fizioloji və psixoloji baxımdan qızların ailə qurması üçün ən yaxşı yaş həddinin 20-30 yaş arası olduğunu deyir. Onun sözlərinə görə, ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır:

“Hələ 17 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz funksiyasını tam şəkildə başa çatdırmamış olur. Ona görə də belə qızlarda bir sıra fəsadlar üzə çıxır. Birinci, elə gözlə görünən patologiyanı deyim. Məsələn, 10 ildən sonra həmyaşıdları ilə müqayisədə belə qızlar xeyli yaşlı görünürlər. Hamiləliyi erkən toksikoz və başqa bir sıra fəsadlarla müşayiət olunur. Qızların erkən yaşda ana olması onlar üçün birbaşa psixoloji zərbədir. Sonrakı mərhələdə də aydındır ki, uşağa normal baxa, yaxşı qulluq edə bilmirlər”.

Həkimin fikrincə, qızların erkən ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşması real problemlərdən biridir:

“Çünki onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın övladı dünyaya gələndə həmin uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər. Bu baxımdan erkən doğuş həqiqətən təhlükəlidir. 13 yaşda dünyaya uşaq gətirmək həm ananın, həm də uşağın səhhətində problemlərin yaranmasına səbəb olur. Çox vaxt  ana və ya uşaq ölümü ilə nəticələnir”.