Qəzanın səbəbi: havanın pisləşməsi, yoxsa sui-qəsd? - "Qara qutu"...

Yücel Karauz: “Mövcud şərait elə idi ki, hansısa hücum ehtimalı sıfıra bərabərdir”

Həşim Səhrablı: “Həyatını itirən insanlar Türkiyə dövlətçiliyi baxımından "kilit isimler"dir”

"Qaranlıq məqamlar heç də az deyil. Niyə Osman Erbaştək önəmli general daha təkmil helikopterləri istifadə etməyib?!”


Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda ötən gün hərbi helikopterin qəzaya uğramasına hava şəraitinin qısa zamanda kəskin dəyişməsinin səbəb olduğu ehtimal edilir. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. O, qeyd edib ki, ilkin məlumatlara və şahidlərin ifadələrinə əsasən qəzanın sürətlə dəyişən hava şəraiti səbəbindən baş verdiyi güman olunur. Bununla belə, hadisənin dəqiq səbəbi ətraflı araşdırma nəticəsində müəyyən ediləcək. Qəza ilə bağlı araşdırmalar bu gün başlayacaq. 

Hadisə nəticəsində 11 hərbçinin şəhid olduğunu, daha 2 nəfərin yaralandığını bildirən Hulusi Akar qeyd edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər: "Yaralıların müalicəsi davam etdirilir. Vəziyyətləri yaxşıdır". 

Hulusi Akar qəzada həlak olanlara rəhmət, ailələrinə səbir diləyib, yaralıların tezliklə sağalmalarını arzulayıb. Qeyd edək ki, həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var. Hadisə martın 4-də Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.



Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz “Sherg.az”a açıqlamasında hansısa təxribatı istisna etdiyini dedi:

 “Mövcud şərait elə idi ki, hansısa hücum ehtimalı sıfıra bərabərdir. Faciəvi hadisə tamamilə hava şəraiti ilə əlaqəlidir. Və ya ola bilsin, pilotun səhvi olub. Bütün hallarda kənar təsirdən danışmaq doğru deyil”.



 Hərbi-siyasi ekspert Həşim Səhrablı isə bunun ilk belə hal olmadığını söylədi: 

“Türkiyədə, demək olar,  hər helikopter qəzası nəticəsində dövlət üçün çox vacib insanlar həyatını itirir. Buna misal olaraq 1993-cü il qəzasında şəhid düşən Eşref Bitlisi və 2009-cu ildə yenə də helikopter qəzasında şəhid olmuş Muhsin Yazıcıoğlunu göstərə bilərik. Hər iki şəhid xəbəri, həmçinin digər qəzalarda da həyatını itirən insanlar Türkiyə dövlətçiliyi baxımından "kilit isimler"dir.

Onların ani ölümü cəmiyyətdə ciddi təsirlər doğurmuşdu. Həm Eşref  Bitlis, həm də Mühsin Yazıcıoğlu qəzalarında sui-qəsd ehtimalları olduğu önə sürülmüşdü. Diqqət çəkən məqam cəmiyyətin özünün də bu halları sui-qəsd kimi qəbul etməsidir. Ona görə ki, Türkiyə dövlətinin müstəqil addımlar atması və dik duruşunda bu insanlar xüsusi rola sahib simalar idi. Cəmiyyət belə qiymətli şəxslərin təsadüfən öləcəyinə inana bilmir. İnsanları inandırmaq mümkün deyil”.

Ekspertin fikrincə, sui-qəsd ehtimalı da mümkündür: 

“General-leytenant Osman Erbaşın da şəhidliyi dediyim nümunələrin eyni ssenari üzrə davamıdır. Elə ilk gündən cəmiyyətdə sui-qəsd ehtimalları barədə fikirlər üzə çıxmağa başlayıb. Hadisəni birmənalı olaraq sui-qəsd adlandırmaq çətindir. Ona görə ki, olay hələ yeni baş verib.  Bu istiqamətdə heç bir rəsmi məlumat və mütəxəssislərin yanaşması yoxdur.

Ehtimalları alovlandıran əsas məsələ isə məhz Osman Erbaşın kimliyidir. Osman Erbaşın Türkiyə ordusunun inkişafında, Türkiyə dövlətinin maraqlarının qorunmasında misilsiz xidmətləri var.

O, hələ, 2010-cu ildə İHA-ların gələcək önəminin fərqində olmadığımız zamanlarda, Türkiyə ordusunda İHA-ları idarə edəcək personala çeşidli dərslər verilməsini təşkil etmişdi. 2016-cı il, FETÖ çevriliş cəhdi zamanı da, qiyamçılara qarşı sərt mövqedə olmuş, hətta "əsgərdə günah yoxdur, əsgər vətəndaşa güllə atmaz" sözləri ilə tarixə düşmüşdür.

Elə həmin il Baş Qərargah Kəşfiyyat xidmətinin rəhbəri olmuş, 2017-ci ildən isə Türkiyənin terrorla mübarizədə əsas ordu korpuslarından olan Səkkizinci ordu korpusunun rəhbəri təyin edilmişdi. Təbii,  Türkiyənin həm ordusu, həm də siyasəti üçün belə önəm kəsb edən bir şəxsin təsadüfi qəza nəticəsində həlak olması şübhələri artırır”.

 Onun sözlərinə görə, qaranlıq məqamlar heç də az deyil:

 “Müdafiə Nazirliyi qəzanın baş verməsi barədə verdiyi açıqlamada ilkin ehtimala görə hava şəraitinin anidən pisləşməsini göstərir. Türkiyə kimi güclü ordusu olan ölkənin necə olur ki, ani hava dəyişkənliyinə uyğunlaşa bilən helikopterləri yoxdur?

Varsa, niyə Osman Erbaştək önəmli general daha təkmil helikopterləri istifadə etməyib? Bax, bunlar cavabını gözləyəcək suallardandır. Qəzanın sui-qəsd olma ehtimalı hələlik çox aşağıdır. Ancaq irəlidə hansı yanaşmalar və faktların ortaya atılması da önəmlidir.

Ya da, ola bilsin, bu qəza da, Eşref  Bitlis və Muhsin Yazıcıoğlu qəzaları kimi hər zaman müzakirə ediləcək, amma son nəticəyə çatmaq mümkün olmayacaq”.