Müştəriləri aldadırlar

Kampaniya yaxşıdı, hədiyyə etmək də, amma gərək zay məhsul olmaya

"Adətən belə kampaniyalar ona görə keçirilir ki, insanlar əllərində olan pullarını son qəpiyinədək xərcləsinlər"


Novruzqabağı “endirim”, “hədiyyə” kampaniyaları start götürüb. İri marketlərdə “birini alana biri hədiyyə”, “1+2”, “düyü+duz”... “yağ (əlbəttə, palma yağı) + makaron” və sair bu kimi hədiyyələr təklif edilir. Hələ “ilk 1000 müştəriyə avtomobil” hədiyyəsi təklif edənlər də var. İndi gəl, dayan, marketin qapısında və girib-çıxan müştəriləri say görək, 1000-ci müştəri sən ola biləcəksən, ya yox. Kampaniya yaxşıdı, hədiyyə etmək də. Amma həqiqi olsa. Daha çox məhsul satmaq üçün müştərilərin aldadılmasına xidmət etməsə.      

Ölkənin ən məşhur taksit kartı olan BirKart da Novruz bayramı ərəfəsində müştərilər üçün yeni güzəştli aksiya təqdim edir. Şərtlərə görə, BirKart ilə partnyor mağazalarında 3 dəfə 100 AZN və daha yuxarı məbləğdə taksitli alış-veriş edən müştərilər 20 AZN qazanacaqlar.

Verilən məlumatlar bundan ibarətdir. Dərin düşüncəyə malik olanlar bunun sadəcə müştəri cəlb etmək variantı olduğunu anlayır. BirKartla patnyor mağazalarda 3 dəfə 100 manatlıq alış-veriş etməlisən ki, sənə 20 manat “mükafat” versinlər. Kasıb adam, aztəminatlı ailə 3 dəfə 100 manatlıq alış-veriş etmək iqtidarında deyil. Bu imkana sahib olanlarınsa 20 manata ehtiyacı olmaz yəqin. Deməli, kampaniya imkanlı adamlar üçündür. Kasıb-kusubu düşünən yoxdur. Halbuki, dünyanın əksər ölkələrində bayram günləri, ölkə üçün əlamətdar günlərdə xüsusi endirim kampaniyaları təşkil edilir ki, imkansızlar da ondan yararlana bilsin. 

Elan edilən kampaniya ilə bağlı fikirlərini “Şərq”lə bölüşən iqtisadçı Əkrəm Həsənov qeyd etdi ki, belə kampaniyalarda məqsəd daha çox mal və məhsul satmaq, insanların son pulunu da xərcləməsidir: 

- Adətən belə kampaniyalar ona görə keçirilir ki, insanlar əllərində olan pullarını son qəpiyinədək xərcləsinlər. Bu da marketinqin fəndlərindən biridir. Belə kampaniyalar sayəsində marketlər, alış-veriş mərkəzləri 1 ayda sata bilmədiklərini 1 həftəyə satırlar. Belə izah edim; aztəminatlı ailənin əlində 500 manat pul var. Xanım kişinin beynini “yeyir” ki, filan marketdə kampaniya var, 20 manat hədiyyə edəcəklər.

Kişi də bezir, arvadı yanına alıb gedir marketə. Lazım oldu-olmadı, nə gördü alırlar,  təki 100 manatlıq alış-veriş tamamlansın. Amma anlamırlar ki, aldıqları malların, məhsulların həqiqi qiyməti təklif olunan qiymətdən dəfələrlə ucuzdur. Sadəcə, reklam, kampaniya şərtləri ilə insanları aldadır, gözlərini “bağlayırlar”. İnsanlarımız birdəfəlik bilsin ki, adama havayı heç nə vermirlər.

Hansısa məhsulun qiyməti üzərində ucuz yazılıbsa, hətta bu belə, onun həqiqi qiyməti deyil. Marketlər, şirkətlər sadəcə, yaranmış fürsətdən faydalanıb, daha çox gəlir əldə edirlər.