9-cu siniflər üçün sınaq imtahanları keçiriləcək

Yeni modeldə materialların məzmununda və təşkilində sadələşmə aparılıb

Dövlət İmtahan Mərkəzi yaxın vaxtlarda ümumi təhsil səviyyəsi – 9-cu siniflər üçün sınaq imtahanları keçirəcək. Bu barədə DİM-in məlumatında bildirilir. Qeyd olunur ki, DİM otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

Yeni imtahan modeli barədə məlumatlar DİM-in “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib. 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılıb. Təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. 

Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 4 mart 2021-ci il tarixli qərarı ilə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığın verilməsi təsdiq edilib. 

Xatırladırıq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin mütəxəssisləri hazırkı vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər.

Əvvəlcədən elan olunduğu kimi, “Abituriyent” jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq.