"Admiralın millimetrlik səhv tapması məni sarsıtdı"  - Söhbət

Rafiq Əziz: "Bundan sonra işlədiyim hər rəsm barədə daha da dərindən araşdırmalar etməyə başladım. Demək olar ki, yaratdığım hər bir əsər üçün məsuliyyət hissi dəfələrlə artdı"

“Qarabağ Azərbaycandır” simvolik pul vahidinin iki nüsxəsi var"



Azərbaycanın Qarabağ qələbəsini gələcək nəsillərə çatdırmaq, şəhidlərimizin xatirəsini əbədi yaşatmaq üçün Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Rafiq Əziz tərəfindən Qarabağ xatirə sikkələri hazırlanıb. Qeyd edək ki, tarixə böyük marağı olan Rafiq Əzizin Türkiyənin hərbi muzeylərində yüzə yaxın imzalı əsəri yer almaqdadır. Bir çox sərgiyə ev sahibliyi edən rəssamın son sərgisi İstanbulun ən tarixi yerlərindən biri olan Üsküdar rayonunun “Nevməkan” binasında baş tutub.

“Sərgi İstanbul” mövzulu tədbirdə köhnə İstanbulu özündə əks etdirən əsərlər nümayiş etdirilib. Sənətkar, eyni zamanda, Türkiyənin hərbi akademiyaları, Dəniz Qüvvələri, Komandanlığı və qardaş ölkənin Xəzinə və Maliyyə Nazirliyi nəzdində Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin xətti ilə bir neçə simvolik pul vahidinin hazırlanmasında da yaxından iştirak edib. İlk dəfə 2013-cü ildə “Piri Rəisin Dünya Dəniz Xəritəsi çəkdiyi Kitabı-Bahriyənin 500 illiyi” münasibətilə hazırlanan pul vahidinin rəssamlığını edən sənətkar sonralar bir çox simvolik gümüş pulların da rəssamı olub. Hazırda fəaliyyətini İstanbulda davam etdirən Rafiq Əziz 2016-cı ildə Türkiyə Hərbi Muzeylərində yağlı boya ilə çəkilən 154 əsəri yer alan və Zərbxanada hazırlanan suvenir gümüş pulların rəssamı olaraq dünyada ilk və yeganə çağdaş rəssam kimi Ginnesin Rekordlar Kitabına daxil olub. 1995-ci ildə İstanbulda ilk rəssamlıq emalatxanasını açan rəssam 1996-cı ildən etibarən İstanbulun Yeditəpə Universitetində fəaliyyətini davam etdirib və hazırda bu ali təhsil müəssisəsinin görkəmli professorlarından biridir. Bu günə qədər Türkiyənin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, hərbi akademiyaları olmaqla bir çox qurumlarının muzeylərin şəxsi fondunda rəssamın 200-dən artıq əsəri yer alıb və daim nümayiş etdirilir. Rafiq Əzizin yaratdığı Heydər Əliyev portreti İstanbul Beşiktaş Deniz Muzeyinin Qızıl Fondundadır. Onun bir sıra sənət əsərləri, eləcə də Atatürk portretləri, Türkiyənin dövlət xadimlərinin iş otaqlarını bəzəyir. Rəssamın ən böyük əsərlərindən biri olan “1071 Malazgirt meydan müharibəsi” bu il fevralın 26-da doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib. Rəssam tərəfindən qardaş ölkə başçısına hədiyyə edilən əsərlərdən biri də Prezident Ərdoğanın anasının vəfatından sonra çəkilən portreti olub. Rafiq Əzizin təşəbbüsü ilə Türkiyə Zərbxanasında 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” və 2020-ci ildə Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfəri münasibətilə “Qarabağ Azərbaycandır” simvolik gümüş pul vahidləri hazırlanıb. "Şərq" Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Rafiq Əziz ilə daha geniş söhbət aparıb:



- Rafiq Əziz bəy, ilk olaraq bilmək istəyirik ki, belə bir təşəbbüs necə yarandı?

- Azərbaycanın 44 günlük Vətən müharibəsinin tarixi qələbəsi ilə başa çatması hər bir azərbaycanlı kimi, mənim də həyatımın ən xoşbəxt və gözəl anlarından biri idi. Mən də bu günü bütün Azərbaycan vətəndaşı kimi səbirsizliklə gözləyirdim. Bu qələbə Müzəffər Ordumuz, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqının dünyada misli görülməyən birliyinin təzahürü idi. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək və bu tarixi qələbəni əbədiləşdirmək üçün belə bir qərara gəldim. "Qarabağ Azərbaycandır “ gümüş xatirə pulu buraxılması ilə əlaqədar olaraq İstanbul Zərbxana baş müdirliyinə təkliflə müraciət etdim. Çox sağ olsunlar, bu təklifimi böyük sevinc hissi ilə qarşıladılar. Baş Direktor Abdulla Şahin Yasir Zərbxana işçilərinə təcili tapşırıq verdi. Bildirdi ki, gecə-gündüz çalışıb bu pulu Rafiq Hocanın dediyi  kimi, 24 dekabr 2020 tarixinə kimi yetişdirməliyik. Hətta qeyd etdilər  ki, siz də bir peşəkar  rəssam və  professor kimi bizə əvvəlcədən xatirə pul basılması uyğun görüləcək bildiyiniz əlamət günləri bizə bildirin. Adətən zərbxanalarda bu cür pul vahidlərinin hazırlanması bir il əvvəldən planlaşdırılır. Lakin təklif və eskiz təqdim edildikdən sonra “Qarabağ Azərbaycandır” simvolik gümüş pulu növbə gözləmədən hazırlandı. Bunun üçün də türkiyəli qardaşlarımıza, eləcə də Zərbxana baş direktorluğuna xüsusi minnətdarlığımı bildirirəm. Pul vahidinin Prezidentimiz İlham Əliyevin doğum günündə hazır olması üçün əlimdən gələni etdim və buna nail oldum.



- “Qarabağ Azərbaycandır” simvolik pul vahidinin neçə nüsxəsi var?

-  “Qarabağ Azərbaycandır” simvolik pul vahidinin iki nüsxəsi var. (“20 türk lirəsi” və “50 Azərbaycan manatı”). Onun Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılması üçün martın 3-də İstanbula səfəri zamanı Mədəniyyət naziri Anar Kərimova təqdim edilib. Qeyd edim ki, Azərbaycan variantında ön tərəf üzərində azərbaycanca yazılmış "Qarabağ Azərbaycandır" sözləri, həmçinin Azərbaycan Dövlət Gerbi, Azərbaycan xəritəsi, Yuxarı Gövhərağa məscidi, Şuşa qalası təsvirləri və üzərində də 1992-ci lə kimi kiril hərfləri ilə xatirələrimizə həkk olan "Şuşa" sözü yer alıb. Arxa üzündə Azərbaycan Respublikası, şəhidlərimizin rəmzi olan Xarıbülbül və 50 manat yazılıb. Lakin bu pul hələlik nümunə örnək kimi hazırlanıb. Türk variantının ön tərəfində isə türkçə “Karabağ Azerbaycandır” Azərbaycan gerbi və xəritəsi, Yuxarı Gövhərağa Məscidi, Şuşa qalası təsvirləri və arxa tərəfində Türkiyə Cümhuriyyəti və 20 TL yer alıb.

- Niyə ən çox Şuşa simvollarına üstünlük verilib?

- Qarabağın bütün tarixi abidələri bir-birindən dəyərli və qiymətlidir. Lakin Şuşa təkcə Qarabağın deyil, bütün Azərbaycanın ürəyinin ən qiymətli parçasıdır. Gələcəkdə Şuşa Dünya Mədəniyyət və İncəsənət mərkəzi olacağını diqqətə alaraq və bütün dünyaya hörmətli  Prezidentimiz İlham Əliyevin dediyi kimi, "Qarabağ Azərbaycandır!" olduğunun isbatı və sübutu olduğunu göstərmək idi.

- Sizin bütün əsərlərinizin çox incəliklə işlənilməsi xüsusi diqqət çəkir...

- Türkiyədə muzeylər üçün tarixi mövzulu rəsmlər çəkirdim. Çox böyük sevgi və həvəslə işlədiyim əsərimin birində bir admiralın yelkənin bağlı olduğu dirəkdə millimetrik səhv tapması məni dərindən sarsıtdı. Bundan sonra işlədiyim hər rəsm barədə daha da dərindən araşdırmalar etməyə başladım. Demək olar ki, yaratdığım hər bir əsər üçün məsuliyyət hissi dəfələrlə artdı. Əsərdə əks etdirdiyim dövrün hadisələrini, fiqurları, geyimləri, gəmi təsvirlərini doğru göstərmək üçün bir neçə tarixi kitab oxumalı oldum.



- Ən çətin əsəriniz hansı olub?

- Ən çətin əsərim isə Osmanlı dövləti tarixinin ən tanınmış gəmiçilərindən biri, Osmanlı İmperatorluğunun ilk kapitan paşası və ya bugünkü adı ilə Dəniz Qüvvələri Komandiri Barbaros Hayrəddin Paşa və onun idarəçiliyində olan gəmilərlə bağlı idi. Bu tarixi şəxsiyyətlərin çoxunun əsl simalarını əks etdirən rəsmləri ümumiyyətlə yoxdur. Piri Rəisin Kadırqa gəmilərini isə onun şəxsi cızmaqaraları əsasında çəkdim. Rəsm çox çətinliklə ərsəyə gəlsə də çox böyük rezonansa səbəb oldu.



- Hazırda Türkiyədəsiniz. Ora getməyinizin səbəbi nə ilə əlaqədardır?

- Türkiyəyə gəlməyimin əsas səbəbi Xocalıdan olan uşaqlar üçün nə isə edə bilmək istəyimlə bağlı oldu. O zamanlar Azərbaycanda Təhsil Nazirliyinin şöbəsində işləyirdim, həm də müəllimlik edirdim. 1992-ci ildə Xocalı soyqırımı baş verdikdən sonra hər bir azərbaycanlı kimi, mən də Vətənim üçün nə isə etmək istədim. Uşaqlar arasında “Qarabağ müharibəsi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi kampaniyası başlatdım. Tale elə gətirdi ki, bu kampaniya zamanı çəkilən rəsmlər 1994-cü ildə ozamankı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə İstanbulun “Taksim Sənət Qalereyası”nda nümayiş etdirildi. Sərgi qardaş ölkədə gözləmədiyim qədər böyük bir maraqla qarşılandı. 1992-ci ildə İstanbulda nümayiş olunan belə sərgilərdən birincisi bir çoxları kimi İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri, kökləri Azərbaycana dayanan Bədrəddin Dalanın da marağına səbəb oldu. Bədrəddin Dalan mənə Azərbaycanda baş verən hadisələrdən çox sarsıldığını və Qarabağ müharibəsi zamanı valideynlərini itirən on uşağın Türkiyədə təhsil almasına maddi dəstək göstərmək istədiyini bildirdi. O vaxt Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi və Qarabağdan olan bu uşaqların Türkiyəyə gətirilməsində mənə dəstək oldu. Ulu Öndər sonralar İstanbul səfəri zamanı bu uşaqlarla görüşdü. Uşaqları Türkiyəyə gətirdikdən sonra onlara cavabdeh şəxs olaraq Azərbaycanda iş yerimdən istefa edərək mən də İstanbula köçməli oldum. İllər keçdi və böyük bir məsuliyyəti öz üzərimə götürərək Türkiyəyə gətirdiyim bu uşaqlar orta və ali təhsillərini də çox yüksək səviyyədə tamamladılar. Hətta onlardan biri hazırda Türkiyə universitetlərindən birinin doktorantıdır.

- Gözəl müsahibəniz üçün təşəkkür edirik.

- Siz sağ olun.