Rusiya daha çox Paşinyana yol açacaq


Ermənistandakı revanşist qüvvələr Kremlin maraqlarına cavab vermir


Bu gün Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirəcək. Bu barədə müxalifət partiyalarının birləşdiyi “Vətənin qurtuluşu hərəkatı"nın “Facebook” səhifəsində məlumat yayılıb. “6 mart saat 15:00-da Baqramyan prospektində “Vətənin qurtuluşu hərəkatı”nin mitinqi olacaq”, - paylaşımda qeyd olunub. Ümumiyyətlə, bu gün Rusiya Ermənistanda vəziyyəti daha da gərginləşdirməkdə maraqlıdırmı? Vəziyyətin böhran səviyyəsinə gəlməsi Rusiyaya nəyi qazandıracaq? 

Suallarımızı cavablandıran politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətində siyasi komanda monolit deyil. Yəni burda da müxtəlif şəbəkələr və konkret müxtəlif korporativ maraqlar var:

"Hər bir halda Kremlin müxalif yöndə ciddi bir alternativ tapmadığı ortaya qoyulmaqdadır. Çünki ortada olan müxalif dairələr fikir verirsinizsə, Paşinyan hakimiyyətini devirdikləri təqdirdə cırtdan Ermənistanla nə edəcəyini bilmir. Ayrıca onlar Azərbaycana düşmənçilik və revanşist ritorikadan başqa erməni cəmiyyətinə heç nə vermirlər. Bu da açığı, tunelin o tərəfində erməni xalqına hər hansı bir işıq göstərmir. Məhz bunun nəticəsidir ki, artıq aylardı ki, Vazgen Manukyanın başçılığı altında 17 siyasi partiya 1500-2000-dən yuxarı ermənini küçələrə çıxarda bilmir. Yəni etiraz dalğası böyümür. Hansı ki, bu çıxanların içərisində demək olar ki, tən yarısı Qarabağdan qaçmış fərari ermənilərdir. Məsələ burasındadır ki, Paşinyanı əvəzləyə biləcək siyasi qüvvələr belə Ermənistanda yalnız dağıdıcılıqla məşğul olurlar ki, bu da gələcəkdə regionda yeni bir xaosa şərait yaradacaq. Təbii ki, Kreml də bunu hesablamamş deyil. Ona görə də artıq Rusiya "Qarabağ klanı"ndan, eyni zamanda onları maliyyələşdirdiyi və prosesi tətiklədiyi, həm də müdafiə etdiyi digər müxalif qüvvələrin hakimiyyətə gəlməsi prosesini müvəqqəti olsa da dayandırıb. Bu gün Rusiya üçün lazım olan 10 noyabrda  imzalanan bəyanatın tamamilə reallaşmasının mümkünlüyüdür". 

Politoloq qeyd edib ki, bunun alternativi Ermənistanda xaos, regionda yeni bir savaşın çıxmasına gətirib çıxarda bilər:

"Bu da Rusiyaya təbii ki, sərf etmir. Niyə? Çünki yeni bir savaş erməni dövlətçiliyini tamamilə yox edəcək. Həmçinin Azərbaycan Ordusunun qarşısında duruş gətirə biləcək Ermənistan ordusunun potensialı yoxdur və sıfıra bərabərdir. Ona görə də Ermənistan dövlətinin yoxa çıxması Rusiya dövləti üçün maraqlı ola bilməz. Bildiyimiz kimi, Ermənistan iki ən əsas türk dövlətçiliyi arasında süni yaradılmış bir maneədir. Bunun geosiyasi niyyətinin arxasında iki türk cümhuriyyətinin arasında əngəl olması məsələsi dayanır. Ayrıca həm də NATO-nun ən güclü ölkələrindən olan Türkiyənin qonşuluğunda, yəni cənub sərhədlərində Ermənistanın yerləşməsi Ermənistanı Rusiya üçün cəlbedici edir. Belə bir vəziyyətdə düşünmürəm  ki, Rusiya öz geosiyasi maraqlarından artıq imtina etsin.  Azərbaycanın Ermənistanı tamamilə darmadağın etməsi Qarabağda Azərbaycanın hegemoniyasını, ərazi bütövlüyünü birmənalı olaraq təmin edəcək. Bu da Rusiyanın həm Azərbaycanda, həm də regionda geosiyasi maraqlarına ziddir. Ona görə də Rusiya bu gün hansısa terror hadisələrini Ermənistanda törətməkdə maraqlı deyil. Əksinə, düşünürəm ki, bundan sonra Paşinyanın müəyyən mənada ictimai dəstəyi mövcud olacaq. Hansı ki, biz bunu Yerevanda keçirilən son mitinqdə də müşahidə etdik.  Belə olduğu təqdirdə, Rusiya 10 noyabr bəyanatından irəli gələn bütün ağırlıqlı müddəaları məhz Paşinyan hökumətinin əli ilə həyata keçirməyə çalışacaq. Çünki bildiyiniz kimi, burada çox ağrılı məsələlər var ki, bu bir siyasi hakimiyyət üçün o qədər də xoş olmayan məsələlərdir. Yəni minlərlə erməni əsgərlərinin ölüsünün tapılmasından tutmuş, Ermənistana verilməsinə qədər, habelə Azərbaycanda olan erməni terrorçularının geriyə qaytarılması kimi bir sıra problemlər və ən nəhayət, erməni əsgərlərinin Qarabağda hərbi xidmət etməməsi kimi bir çox  məsələlər var ki, bunu məhz Paşinyan hökumətinin əli ilə Rusiya həyata keçirməyə çalışacaq. Ona görə də indiki mərhələdə  Ermənistanda kiberqarşıdurma, terror hadisələri gözlənilmir. Əksinə, Rusiya bundan sonra daha çox Paşinyana yol açacaq. İlk növbədə Rusiya regiondakı "3+3" əməkdaşlıq platformasının həyata keçməsində maraqlıdır. Bildiyiniz kimi bu platforma eyni zamanda şimal-cənub nəqliyyat dəhlizini həyata keçirəcək. Rusiyadan başlayan yol Hindistana, Cənub Şərqi Asiyanın istənilən bir ölkəsinə qədər uzanacaq. Bunun iqtisadi dəhlizi özündə ehtiva etməsi Rusiyanın maraqlarına uyğun bir davranışdır". 

N.Miri vurğulayıb ki, Azərbaycan "İpək yolu"nda körpülərinin qovuşduğu kəsişmə xəttində yerləşir ki, bu da onun "3+3" əməkdaşlıq platformasının nə qədər geosiyasi əhəmiyyəti olduğunu ortaya qoyur:

"Düşünürəm ki, Rusiya əgər həqiqətən də, Ermənistanda  vəziyyəti gərginləşdirərsə və terror hadisələri törədərsə, o, regionda bu əməkdaşlığın üstündən birmənalı olaraq xətt çəkmiş olar. Hesab edirəm ki, indiki iqtisadi böhran vəziyyətində olan Rusiya bu məsələdə o qədər də maraqlı deyil".