Xudafərin gömrük postu yenidən açılır


Bu, Azərbaycanın xarici iqtisadi əlaqələrin genişləndirilməsi baxımından çox vacibdir
Azərbaycanla İran arasında Xudafərin gömrük postunun açılması barədə fikirlər var. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mətbuat konfransında deyib. O qeyd edib ki, İran İslam Respublikası ilə Azərbaycan arasında yeni gömrük postunun açılması ehtimalı var: “İki ölkənin gömrük qurumları və digər qurumlar arasında danışıqlar gedir.

Nə vaxt açılacağı ilə bağlı konkret tarix demək olmaz, ancaq iş gedir”.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, işğaldan əvvəl də Xudafərin gömrük postu fəaliyyət göstərirdi. Deputat qeyd edib ki, Xudafərin gömrük postu Azərbaycanın xarici iqtisadi əlaqələrin genişləndirilməsi baxımından çox vacibdir:

"Bu, Azərbaycan-İran arasında sərhəd dövriyyəsinin artırılmasına xidmət edəcək. Nəzərə alsaq ki, bu postun gələcəkdə istifadəyə verilməsi fonunda şimal-cənub nəqliyyat dəhlizi vasitəsilə daha çox yüklərin digər ölkələrə daşınmasına imkan verəcək.

Qeyd edim ki, bu nəqliyyat dəhlizi Hindistana qədər uzanan kifayət qədər böyük nəqliyyat dəhlizidir. Bu kontekstdən də gözlənilir ki, həm Azərbaycan-İran arasında ticarət dövriyyəsinin genişlənməsinə, həm Azərbaycanda aktiv şəkildə dəstəklədiyi nəqliyyat dəhlizi vasitəsilə daha çox beynəlxalq yüklərin daşınmasına imkan yaradacaq".