Çiçək satan çocuqlar...

Onları ailələrinin maddi sıxıntıları işləməyə məcbur edir


Günümüzdə ailədaxili sıxıntılar səbəbindən hələ uşaq yaşlarından işləməyə məcbur xeyli uşaqlar var. Onlar əslində təhsil almalıdırlar, uşaqlıq həyatı yaşamalıdırlar. 
Təəssüf ki, xeyli sayda azyaşlı var ki, məhz maddi sıxıntılar səbəbindən gül, salfet və s. xırdavatlar satmaqla ailəsini ayaqda saxlamağa çalışır. 
Onlardan biri də şəkildə gördüyümüz bu oğlandır. Ailəsinin dolanışığına qatqısı olmaq üçün işləməyə məcbur olan oğlan əlinə fürsət düşən kimi oxumağa meyl edir, girdiyi mağazaların rəfindəki kitabları ən azından vərəqləyir. Sanki indidən anlayır ki, oxumaq hava-su kimi lazım olacaq. Nə yazıq ki, oxumağı, təhsili onun əlindən alıb əvəzində əlinə satmaq üçün gül veriblər. 

Ağır həyat şəraitlərinə, çətinliklərə sinə gərən belə uşaqların sayı olduqca çoxdur. Onlar indinin təhsilsiz, uşaqlığını yaşaya bilməyən, yoldan ötənlərə çiçək satan mələkləri, gələcəyin isə əsgəridirlər...

Mövzu ilə bağlı "Şərq"ə danışan sosioloq Elçin Bayramlı deyir ki, məsələ sırf ağır sosial vəziyyətlə bağlıdır:

"Bu məsələ müəyyən tədbirlər görüldüyü üçün son illərdə səngimişdi. Amma axır vaxtlar yenə bu hallar artmaqda davam edir və əsasən, sosial vəziyyətin ağırlaşması ilə əlaqədardır. Ailələr təmin oluna bilmədiyindən uşaqlar məcbur olub bu cür işlərlə məşğul olurlar. 

Müəyyən orqanlar, uşaq təşkilatları bu məsələlərlə məşğul olmalıdırlar. İki halda uşaqlar küçələrə düşürlər. Birincisi, kimsəsiz olanlar, ikincisi ailəsi olub bu işə məcbur olanlar. Aidiyyəti qurumlar bunu araşdırmalıdır. Kimsəsizdirsə uşaqlar evinə yerləşdirilməli, ailəsi varsa onların yaşayışı öyrənilməlidir. 
Əsas faciə bu uşaqların təhsildən yayınması deyil. Faciə onların psixoloji sosial-mənəvi problemlərinin yaranmasındadır. Birincisi, həmin uşaqların psixologiyası pozulur. Onlar uşaqlığını yaşamaq əvəzinə işləməyə, çətinlik çəkməyə məcbur olurlar. Sağlamlığı ilə bağlı problem yaranır və s.
Bu qədər təşkilat və dövlət necə işləyir ki, bu uşaqlara yiyə çıxa bilmir? Onların sayı o qədər də çox deyil. 

Bu məsələ yenə də uşaqpulu məsələsini yenidən aktuallaşdırır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Demək olar ki, dünyanın hər yerində uşaqpulu verilir, təkcə bizdən başqa. Niyə verilmir, əsaslandıra da bilmirlər. 

Kütləvi şəkildə bahalaşma olanda əlbəttə ki, ailələr uşaqlarını işlətməyə məcbur olacaqlar. Heç olmasa əvvəlcə uşaqpulunu aztəminatlı ailələrə verməlidirlər. Kim deyir ki, varlı ailələrə də versinlər o pulu?" 
Sosioloq yaşayış minimumunun az olmasının cinayətlərə səbəb olduğunu da qeyd etdi: "Belə hallar nəinki uşaqların məcbur işlədilməsi, hətta cinayətlərə, oğurluğa da səbəb olur. İndi həyətlərində maşınların güzgülərini belə qırıb oğurlayırlar. Bunların hamısı sosial vəziyyətlə bağlıdır. 
Uşaqların istismarının 99 faizi sosial məcburiyyətdən doğur. 

İndi də əlillərin sosial müavinətini verməmək üçün bəhanə axtarırlar. Əl-ayağı olmayana belə doğru əlillik dərəcəsi yazmırlar. Belə halda əlbəttə ki, həmin əlilin uşağı küçədə işləməyə məcbur olacaq. 

Biri var sahibsiz, qaraçı qismində olanlar. Amma o biri tərəf isə sırf sosial vəziyyətin ağırlaşması ilə bağlı məcburi hallardır. 
Bunun qarşısını zorla almaq olmaz. Problemi həll etmək lazımdır".

Ağarza Elçinoğlu