Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin olunub

Partiyada İcra Katibliyi ləğv edilərək əvəzinə Mərkəzi Aparat yaradılıb

Dünən hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilib. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və Birinci vitse-prezident, partiya sədrinin müavini Mehriban Əliyeva da iştirak ediblər. Dövlət başçısı qurultayda videoformatda geniş məruzə ilə çıxış edib. Daha sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.

Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edilib və bir sıra qərarlar alınıb. 6 partiyanın YAP-a birləşmək haqqında müraciətləri qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə yekdilliklə YAP-ın sədri seçilib. Hakim partiyasının sədr müavinləri də təyin olunub. Təşkilatın yeni nizamnaməsinə uyğun olaraq, Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov isə Mərkəzi Aparatın rəhbəri təyin edilib. VII qurultayda partiyanın yeni İdarə Heyəti formalaşıb. Əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb. Hacıbala Abutalıbov, Akif Əlizadə, Əli Həsənov, Abel Məhərrəmov və Siyavuş Novruzov İdarə Heyətinin tərkibindən çıxarılıb.

Partiyada İcra Katibliyi ləğv edilərək əvəzinə Mərkəzi Aparat yaradılıb. Qurultayda partiyanın Nəzarət-Təftiş Komissiyası da formalaşıb və Qadınlar Şurasının sədri dəyişib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri seçilib. Bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi. Arif Rəhimzadə isə YAP-ın yeni təsis edilmiş Veteranlar Şurasının sədri seçilib. Şura üzvlərinin sayı 35 nəfərdir. Veteranlar Şurası ləğv olunmuş Siyasi Şura əsasında yaradılıb. 

YAP İdarə Heyətinin yeni üzvü Cavid Osmanov bildirib ki, partiyada yeni Proqram hazırlanacaq. Deputat qeyd edib ki, Prezident İlham Əliyev qarşıdakı 3 ay ərzində partiyanın yeni proqramının hazırlanmasını İdarə Heyətinin qarşısında bir vəzifə kimi qoyub.  

YAP rəsmisi, millət vəkili Aydın Mirzəzadə VII qurultayın müvəffəqiyyətlə başa çatdığını deyib. Deputatın sözlərinə görə, cənab sədr İlham Əliyevin çıxışı həm ötən dövrə verilən qiymət, həm də gələcək dövr üçün partiyanın fəaliyyət proqramı idi: “6 siyasi partiyanın YAP-a birləşmək müraciəti partiyamızın yüksək nüfuzundan, həmin partiyaların daha güclü Azərbaycan uğrunda yapçılarla birgə fəaliyyət göstərmək istəyindən xəbər verir. Cənab İlham Əliyevin yenidən Yeni Azərbaycan Partiyasının sədri seçilməsi partiyanın onun rəhbərliyini yüksək qiymətləndirməsi, onun siyasi kursu ilə ölkənin qarşısında duran məsələlərin həllinə inamıdır. YAP cəmiyyətin ona olan etimadını doğrultdu və vətəndaşların problemlərinin həllində bundan sonra da fəal iştirak edəcəyi mesajını verdi”.

Partiyanın İdarə Heyətinin üzvü Azər Badamov da vurğulayıb ki, ona göstərilən etimadı öz fəaliyyəti ilə doğrultmağa çalışacaq. O qeyd edib ki, YAP-ın qurultayı çox işgüzar və layiqli şəkildə baş tutdu:

“Qurultayımız ölkə Prezidentinin iştirakı ilə keçirildi. Prezident qurultayda videoformatda çox geniş, əhatəli və məzmunlu şəkildə çıxış etdi. Həm ötən dövrdə keçilən yola toxundu, həm də qarşıdakı vəzifələr, hədəflər, perspektivlərlə bağlı fikirlərini səsləndirdi. Çıxışında həm də yeni çağırışlar, yeni tələblər vardı. Bildiyiniz kimi, ölkəmizdə illərdir ki, hər bir sahədə genişmiqyaslı islahatlar prosesi aparılır. Yeni Azərbaycan Partiyası da təbii ki, ölkənin ən güclü, bir saylı partiyası kimi, bu proseslərdə yaxından iştirak edir. Amma bununla belə, qarşıya qoyulan növbəti hədəflərə çatılmasında, yeni çağırışlara cavab verilməsində YAP daha da fəal rol almalı, ən əsası, ölkə Prezidentinin çağırışları ilə ayaqlaşmalıdır. Hesab edirəm ki, YAP yeni çağırışlara da zamanında cavab verəcək, qarşısına qoyulan bütün hədəflərə də çatacaq”.