4 dəfə çevriliş cəhdi baş tutmayıb

Hazırda Paşinyanın hakimiyyətdə qalması Qərbin ona verəcəyi dəstəkdən asılıdır


“Paşinyan Ermənistan baş naziri kürsüsündən getsə, hakimiyyətə gələcək qüvvələr əldə edilmiş razılaşmaları pozmaqla buna mane ola bilər”. Bu iddia ilə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza çıxış edib. Onun sözlərinə görə, Ermənistan hələ də məğlubiyyətin şokundadır:

“Qarabağdakı atəşkəsə dair 10 noyabr bəyanatı sülhün təməli ola bilər. Açıqlamalardan görünür ki, müzakirələr təməl prinsiplərə dair aparılıb. Halbuki, həmin razılaşma regional layihələr, o cümlədən Şərq-Qərb enerji dəhlizi çərçivəsində çox geniş imkanlar açır”. Brayza vurğulayıb ki, bütövlükdə regional layihələr həm Azərbaycanla Türkiyə, həm də iqtisadi əlaqələrə daxil olmaq fürsəti qazanan Ermənistan üçün geniş imkanlar yaradır. Amma bunun üçün maneələr var: “Ermənistan hələ də bu cür üçtərəfli format çərçivəsində əməkdaşlığın önəmini qavraya bilmir. Görünür, hələ şokdan ayılmayıb”. 

Sabiq amerikalı həmsədrin diqqət çəkdiyi məqamı “Şərq”ə təhlil edən türkiyəli professor, “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib ki, müharibə aylar öncə başa çatsa da, Ermənistanda sular durulmur. Professorun sözlərinə görə, indiyədək Baş nazir Nikol Paşinyana qarşı 4 çevriliş cəhdi olub:

“İlk çevriliş cəhdi prezident Armen Sarksiyan tərəfindən reallaşıb. Sarkisyan Moskvaya səyahət zamanı Paşinyanın hakimiyyətdən getməsini istəyib və yerinə müvəqqəti keçid hökuməti qurulmasını təklif edib. Bu, baş nazirə qarşı ilk həmlə idi. Sonra müxalifət lideri Vazgen Manukyan etiraz aksiyaları ilə Paşinyanın istefasını tələb etdi. Ardınca kilsə xadimləri prosesə qoşuldu. Eçmiədzin (Üçkilsə -red) Antilyas papazları baş nazirə qarşı çıxdılar. Son olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi Qasparyan açıq şəkildə hökumət başçısına meydan oxudu. Ancaq Paşinyan bu həmlələrin hamısını dəf etməyi bacardı. Baş nazirə problem yaradan əsas məqam Rusiyaya məxsus “İsgəndər” raketləri ilə bağlı çıxış idi. Paşinyan rus raketi üzərindən Qərbli müttəfiqlərinə mesaj verərək öz postunu qorumuş və mövqeyini sağlamlaşdırmışdı”. 

H.Oktayın fikrincə, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr anlaşmasının davam etməsi deməkdir: 

"Baş naziri müxalif Manukyan və ya “Qarabağ klanı”na məxsus hansısa siyasətçi əvəzləsə, Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər. Daha təhlükəlisi isə erməni toplumunun azərbaycanlılara qarşı terror aktlarına sövq edilməsidir. Bunların baş verməməsi üçün Ermənistanda hökumət başında Paşinyan olmalıdır.

Paşinyanın hakimiyyətdə qalması isə Qərbin ona verəcəyi dəstəklə bağlıdır. Türkiyə və Azərbaycanın Ermənistanla normal əməkdaşlığa nail olması Cənubi Qafqaz regionunda qalıcı sülhə şərait yarada bilər. Rusiya sülhməramlılarının 5 il sonra Qarabağdan gedəcəyi bəlli deyil. Əslində Kremlin davranışlarından görünən odur ki, Moskva Qarabağda daim öz nəzarətində olan qapalı bir bölgə yaratmaq niyyətindədir.

Biz buna Ukraynada tətbiq olunan “Donbas modeli” deyirik. Paşinyanın yerinə gələn hökumət düşünmədən bu modelə “bəli” deyə bilər. Bu da bölgə üçün münaqişə qədər önəmli sıxıntı deməkdir.

Nəzərə alaq ki, Azərbaycan işğal altındakı torpaqlarının önəmli hissəsini düşməndən azad etsə də, Qarabağda qeyri-müəyyən ərazilər qalmaqdadır. BMT-nin Təhlükəsizlik Şurasının 822-ci qətnaməsi sonadək icra olunmalı, Qarabağın bütün bölgələri Azərbaycanın nəzarətinə qayıtmalıdır”.