Şəki-Qax yolunda güclü yanğın başlayıb: Yanğınsöndürənlər ərazidədir - FOTOLAR

 Şəki-Qax yolunda güclü yanğın başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun ətrafında, Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndlərinin sərhəd hissəsində baş verib.

Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.



Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hal hazırda yanğın bir qədər lokallaşdırılıb və alovun söndürülməsi istiqamətində işlər aparılır. İlkin ehtimala görə, yanğın vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Əraziyə söndürülməmiş siqaret atıldığı və ya ocaq qalandığı ehtimal edilir.

Qeyd edək ki, sözügedən ərazi zəngin flora və faunaya malikdir. Yanğının davam etməsi, onun dağ-meşə massivinə doğru hərəkət etməsinə səbəb ola bilər.