Qazaxın yeddi kəndi gündəm mövzusudur: “...Qaytarılacaq”

Elçin Alıoğlu: "Prosesin ləngiməyi, yəqin ki, Ermənistan daxilindəki xaotik vəziyyətlə əlaqədardır"

Tural İrfan: "Torpaqlarımız gec-tez qaytarılacaq. Ərazimizin təhvil verilməməsi üçün hansısa əsas yoxdur”

Erməni sosial media kanallarının verdiyi məlumata görə Qazaxın 7 kəndinə də növbə çatıb. Sərhədlərin demarkasiyası davam edərkən, artıq Barxudarlı kəndi boşaldılıb. Digər kəndlər də rus sülhməramlıları ilə Azərbaycan ordusunun nəzarəti altındadır və  sıra ilə təhvil veriləcək. Amma məlumat hələ rəsmiləşməyib. Necə deyərlər, yalandırsa da, doğru olsun. Doğru olsun ki, ədaləti bir az da bərpa edə bilək, sakinlərimiz öz yurdlarına köçsün.


 Siyasi analitik, “Milli.az” saytının direktor müavini Elçin Alıoğlu bu barədə “Sherg.az”a danışarkən belə bir addımın ilk növbədə düşmənlərin özlərinə lazım olduğunu dedi: 

“Qazaxın yeddi kəndinin qaytarılmasına Cənubi Qafqazda nəqliyyat-kommunikasiya infrastrukturunun bərpası baxımından yanaşılmalıdır. Bu isə rəsmi İrəvanın marağında olmalıdır. Çünki Ermənistanı Rusiya ilə birləşdirən iqtisadi cəhətdən rentabelli dəmiryolu xətləri açılacaq”.
 
E.Alıoğlunun sözlərinə görə, “kəndlərin boşaldılması” ifadəsi doğru deyil: 

“Həmin ərazilər faktiki olaraq viranə vəziyyətdədir. Normal yaşayışdan, hansısa sosial həyatdan söhbət gedə bilməz. Sadəcə ermənilər həmin torpaqları öz əraziləri kimi təqdim edirlər. Prosesin ləngiməyi, yəqin ki, daxildəki xaotik vəziyyətlə əlaqədardır. Çünki demarkasiya və demilitasiya məsələlərinin intensiv xarakter daşıması vətəndaş qarşıdurmasını artıra bilər. Həmçinin İrəvanın “Zəngəzur əldən gedir” “çığırtılar”ı şiddətlənəcək. Ona görə prosesi tələsmədən, yavaş-yavaş həyata keçirməliyik ki, regionda sülh və sabitlik təmin olunsun”.



Tədqiqatçı Tural İrfan da Qazaxın yeddi kəndinin qaytarılacağına inamını ifadə etdi: 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərkən Qazaxın yeddi kəndinin Ağdamla eyni vaxtda qaytarılmalı olduğunu demişdi. Sonradan naməlum səbəblərdən bu, baş tutmadı. Müəyyən məqamlara görə poses ləngiyir. Amma torpaqlarımız gec-tez qaytarılacaq. Ərazimizin təhvil verilməməsi üçün hansısa əsas yoxdur”.