Düymə basılıb: ”Yeni qoşun komandanlığı yaradılır” - Türkiyə modeli gəlir   

Azərbaycan Silahlı Qüvvələrində quru qoşunları komandanlığı yaradılır. Hərbi mənbələrdən daxil olan məlumata görə, artıq Quru Qoşunlarının strukturu, tərkibi və idarəetmə sistemi ilə bağlı məsələ yekunlaşmaq üzrədir. Quru Qoşunları Komandanlığı müdafiə nazirinə deyil, bilavasitə Silahlı Qüvvələrin Baş Qərargah rəisinə tabe olacaq.

Mənbənin məlumatına görə, gələn il, həmçinin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Türkiyədə olduğu kimi, müstəqil qoşun birləşməsi formasında Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarılaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisinə tabe olacaq.




Hərbi ekspert Ədalət Verdiyev məsələ barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun fikrincə, bu, ordumuzun Türkiyə modelinə keçməsi üçün əsas şərtlərdəndir: 

“Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordu modelinə uyğunlaşdırılması üçün ilk növbədə Quru Qoşunları komandanlığının yaradılmasına ehtiyac var.  Türkiyə Silahlı Qüvvələrinin hər bir ordu korpusunda özünə aid ciddi sayda xüsusi təyinatlıları və ya onların adlandırdığı kimi, kamando briqadaları mövcuddur.  Bunların Azərbaycanda da yaradılması gözləniləndir”.

 Ə.Verdiyevin sözlərinə görə, belə bir addım ciddi nəticələrə səbəb olacaq: 

“Radio və radiotexniki kəşfiyyat istiqamətində də hərbi hissələrin formalaşdırılmasında fərqli strukturdan istifadə ediləcək. Ortalama olaraq bütün idarəetmə və struktur sistemini Türkiyə modelinə, dolayısı ilə NATO sisteminə uyğunlaşdırılacaq. Bu, hər iki ölkənin silahlı qüvvələrinin koordinasiyalı və sinxron şəkildə idarə edilməsinə imkan verəcək. Orduda olan çatışmazlıqların aradan qaldırılması prosesləri isə fasiləsiz davam edən  normal fəaliyyətlərdir. Bilirik ki, müharibə ordunun yerinə yetirdiyi ən çətin və mürəkkəb vəzifələrdəndir. Burada çatışmazlıqların ortaya çıxması da gözlənilən idi. Həmin problemlərin də aradan qaldırılması qeyd etdiyimiz struktur dəyişiklikləri ilə paralel olaraq həyata keçiriləcək. Proseslərə artıq start verilib”.