30 qəpiyin ağrısı... - Yenə bahalaşır?

Əvvəlcə insanların aldığı maaşa, pensiyalara baxmaq lazımdır

İctimai nəqliyyatda qiymətlərin bahalaşması əhalinin büdcəsinə uyğun deyil


Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizimi tətbiq olunacaq. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq. Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür. Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir. 

Nəqliyyat eksperti İlqar Hüseynli "Şərq"ə açıqlamasında vurğulayıb ki, güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işlərinin görülməsi məqsədəuyğundur.  Ekspert bildirib ki, yaxın vaxtlarda sərnişindaşımada qiymətlərin qalxması da gözləniləndir, ancaq bu, doğru deyil:

"Hazırda ölkəmizdə sərnişindaşınmada istifadə olunan avtobusların əksəriyyəti dizellə işləyir. Dizelin qiyməti bahalaşmadığına görə, gediş haqlarının qalxmasına lüzum yoxdur. Çünki ölkədə fəaliyyət göstərən sərnişindaşıma avtobusların yüzdə 99-u dizeldir. Təbii ki, benzinlə işləyən avtobuslar olsaydı bu, rentabelli olmazdı. Yəni qiymətlər son dərəcə baha olmalı idi. Amma burda bir məsələ var ki, deyək ki, həm ailələrin büdcələri baxımından, həm də xidməti həyata keçirən şirkətlər baxımından ictimai nəqliyyatdakı qiymətlər hazırda adekvatdırmı?

Təbii ki, burda bir-birini inkar edən iki əsas məqam var. Onlardan biri ondan ibarətdir ki, hazırda doğrudan da sərnişindaşımada tətbiq olunan qiymətlər çox da baha deyil. Amma burda nəzərə alaq ki, aztəminatlı ailələr var və onlar vətəndaşlarımız üçün əlçatan olmalıdır. Amma biz nəzərə alaq ki, bir ailədə 30 qəpikdən istifadə edən bir neçə ailə üzvü var və üstəlik, gün ərzində bir neçə marşrut dəyişir. Təbii ki, belə olan halda bu, ailələrin büdcələrinə kifayət qədər ciddi vəsait hesabına başa gəlir". 

İ.Hüseynli qeyd edib ki, burada ayrı-ayrı şirkətlərin  yox, tam olaraq əhalinin mənafeləri baxımından baxsaq, bu günləri qiymətlərin qaldırılmasına hər hansı bir zərurət yoxdur:

"Bəzən fikir səsləndirilir ki, metroda gediş haqqı bahalaşdırılacaq və ondan sonra insanların üzünə açılacaq. Təbii ki, ümumi götürəndə metrolarda gediş haqqı dünya ölkələri ilə müqayisədə normal deyil, hətta deyərdim ki,  müqayisə olunmazdır. Amma inkişaf etmiş ölkələrdə yaşayan insanların aldığı pensiyalar və əmək haqları da Azərbaycanla müqayisədə yuxarı vəziyyətdədir.

Hesab edirəm ki, ilk növbədə insanları kifayət qədər pensiya və maaşla təmin etmək lazımdır. Bundan sonra ictimai nəqliyyatda qiymətlərin bahalaşmasına gedə bilərik.

Amma müşahidələrimiz onu deyir ki, burda hər şey baş verə bilər. Ona görə də, sözsüz ki, sərnişindaşımada qiymətlərin artmasını ehtimal etmək olar".