UNICEF-in nümayəndəsinə sayğısızlıq oldu

Böyük Britaniya bağışlamayacaq, Ermənistan avantürasının cavabını mütləq alacaq


Ermənistan hökuməti UNICEF-in Yerevandakı nümayəndəliyinin rəhbəri Merienn Klark-Hattinqin fəaliyyətini dayandırıb. Bu barədə Ermənistan XİN-in rəsmi sözçüsü Anna Naqdalyan bildirib. Vurğulayıb ki, BMT-nin və UNICEF-in nümayəndələri qərar barədə məlumatlandırılıb. İddia olunub ki, Klark-Hattinq öz missiyası zamanı bəzi səhvlər buraxıb.

Ancaq onun hansı səhvlər buraxdığı haqda heç nə deyilməyib. Qərardan sonra Klark-Hattinqin təcili Ermənistanı tərk etdiyi, erməni hökuməti tərəfindən “persona non grata” elan olunduğu bildirilib. Sosial şəbəkələr və media orqanları UNİCEF nümayəndəsinin Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluq etdiyini və bu səbəbdən hökumət tərəfindən “arzuolunmaz şəxs” elan edildiyini tirajlayırlar.

Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında deyib ki, UNICEF-in Yerevandakı nümayəndəsinin fəaliyyətinə xitam verilməsi və onun Azərbaycana casusluqda ittihamı daxili auditoriya üçün hesablanmış ucuz gedişdir. Siyasi şərhçiyə görə, Ermənistan 44 günlük savaşda üzləşdiyi məğlubiyyəti həzm edə bilmir:

“Erməni hökuməti ölkədəki müxtəlif qüvvələri “müqəssir” çıxartmaq istəyir. Yerevanın Böyük Britaniyaya qarşı belə sayğısız münasibəti Ermənistanın tam dalana dirəndiyini, diplomatik müstəvidə məğlub olduğunu və panikaya düşdüyünü nümayiş etdirir. Zənnimcə, bu ittihamların heç bir əsası yoxdur. Yerevan bu avantürasının cavabını mütləq alacaq. Bakının beynəlxalq təşkilatlarla və dünya gücləri ilə sıx əməkdaşlığını həzm edə bilməyən Ermənistan belə ucuz yollarla özünü “təmizə” çıxartmağa çalışır”.