Turana açılan qapı...

Bakı və Ankara Zəngəzur məsələsində israrlı olmalıdır

Ermənilər çalışır ki, Kreml buna razılıq verməsin, maneçilik törətsin


Prezident İlham Əliyevin YAP-ın növbədənkənar qurultayında səsləndirdiyi “Ermənistan Zəngəzur dəhlizinin tətbiqinə mane olmağa çalışır, ancaq bacarmayacaq. Biz onları məcbur edəcəyik” bəyanatı düşmən ölkədə ciddi rezonans doğurub. Dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı sərt mesajı erməni mediasında və xüsusən sosial şəbəkələrdə narahatlıq dolu sərlövhələrlə tirajlanıb. Məsələn, Ermənistanın “Alternativ Layihələr Qrupu” ictimai təşkilatının rəhbəri Vahe Ovannisyan “Facebook” səhifəsində yazıb ki, Prezident İlham Əliyevin bu sözləri gözəl günlərin birində Azərbaycan-Türkiyə qoşunlarının Ermənistana girəcəyi barədə açıq mətndir.

Onun sözlərinə görə, əgər keçmiş prezidentlər mövcud “təhlükəni” başa düşürsə, fikir ayrılıqlarını açıq şəkildə həll etməli və ölkənin Nikoldan qurtuluşunu qətiyyətlə elan etməlidirlər. Ovannisyan orduya da çağırış edib: “Əgər Baş Qərargah və Ermənistan ordusu reallığı dərk edirsə, “aristokrat” əhvalından çıxmalı, hər bir ordunun ölkənin 100 faiz dağılma təhlükəsi dövründə atmalı olduğu addımları atmalıdır. İctimai xadimlər isə həyəcan təbili çalmalıdır. Milli Təhlükəsizlik Xidmətinin hərəkətə keçməyinin vaxtıdır. İnsanları ayağa qaldırmalıyıq. Sabah aktyorluq etməyin bir mənası olmayacaq”. Ovannisyan Azərbaycan-Türkiyə birliyindən qorxusunu isə belə ifadə edib: “Türk tərəfi konkret formulaları və xüsusi xəritələri ilə yaxın gələcəkdə Ermənistanı böləcəklər. Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirirlər. Ermənistan hökuməti isə meydandakı “uydurma” mitinq və Ermənistan ordusuna qarşı aksiyalar şəklində “hərbi təlimlər” təşkil edir. Ermənistanın silahla, təbliğatla və iqtisadiyyatla “türkləşdirilməsi” prosesi gedir. Reallıq odur ki, uğursuzluq nəticəsində türklərə təslim olduq. Əfsuslar olsun ki, hökumətimiz dinc şəraitdə Türkiyə və Azərbaycanla layiqli münasibətlər qurmaq lazım olduğunu anlaya bilmir”. 

Erməni şərhçi Ruben Danielyan da Azərbaycanın Zəngəzuru güc yolu ilə yox, iqtisadi yolla ələ alacağını söyləyib. Bildirib ki, əvvəl nəqliyyat-kommunikasiya əlaqələri qurulacaq, Azərbaycan və türk avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər:

“Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar. İnsanlar türklərə və azərbaycanlılara qonşu kimi yanaşacaq. Sonra yolların keçdiyi ərazilərdə infrastrukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq. Ardınca türklərin özü gələcək, tədricən Zəngəzur şəhərlərində azərbaycanlıların sayı artacaq. İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək. Türklərin sayı əhalinin 20-30 faizinə çatanda isə onlar administrasiyaya ayaq açacaqlar. Beləliklə, Zəngəzur Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək. Bu, qaçılmazdır”. 

Politoloq Əhəd Məmmədli “Şərq”ə vurğulayıb ki, Zəngəzur Azərbaycanın Türkiyəyə, türklərin Turana açılan qapısıdır. Ekspertin fikrincə, Zəngəzur dəhlizi olduqca strateji əhəmiyyətə malik nəqliyyat yoludur:

“Ermənilərin narahatlığı başadüşüləndir. Mümkün qədər media və sosial şəbəkə vasitəsi ilə “türk təhlükəsi”ni qabartmağa, Moskvanın diqqətini bu məsələyə yönəltməyə çalışırlar. Hay-küy salırlar ki, Azərbaycan və Türkiyənin Zəngəzur vasitəsi ilə əlaqəsi sadəcə həmin əyalətin itirilməsi ilə başa çatmayacaq, bütövlükdə regionun əldən çıxmasına gətirib çıxaracaq. Çalışırlar ki, Kreml buna razılıq verməsin, maneçilik törətsin. Amma ortada konkret anlaşma var və Rusiya bu razılaşmaya imza atıb. Üçtərəfli razılaşmanın bütün bəndləri yerinə yetirilməlidir. Biz Laçın rayonundakı dəhlizi məhz Zəngəzur dəhlizinin qarşılığı olaraq vermişik. Rəsmi Bakı və Ankara Zəngəzur məsələsində mümkün qədər tələsməli, yubanmasına imkan verməməlidirlər”. 

Ə.Məmmədlinin sözlərinə görə, indiki məqamda ermənilərin müqaviməti və narahatlığı gözləniləndir. Çünki Yerevanın bir nömrəli müttəfiqi Rusiya belə Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edilib:

“Qarabağdan sonra növbə qədim yurdumuz Zəngəzura çatmalıdır. Dövlət başçısının çıxışları göstərir ki, Qarabağdan sonrakı hədəfimiz Zəngəzurdur. Təzminat məsələsi fasiləsiz gündəmə daşınmalı, tələb olunan vəsait ödənmədiyi halda əvəzinə Zəngəzur tələb olunmalıdır. Çalışmalıyıq ki, bunu Qarabağdan daha aktual problemə çevirək. Təzyiqləri o həddə çatdırmalıyıq ki, ermənilər Qarabağdan tam imtina etməklə Zəngəzurun dərdinə düşsünlər”.