Dəyişikliklər başlayır

Hakim partiya ölkənin siyasi həyatına dinamizm gətirəcək

"YAP Azərbaycana qarşı aparılan informasiya hücumlarına qarşı mübarizədə ön sıralarda dayanmalıdır"


“Ölkəmizin həyatında keyfiyyətcə yeni bir mərhələ yaşanır. Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ümumi inkişaf tendensiyasından kənarda qala bilməzdi”.

Bunu “Şərq”ə millət vəkili, siyasi elmlər doktoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu deyib. Deputat vurğulayıb ki, islahatların mühüm istiqamətlərindən birini məhz siyasi islahatlar təşkil edir: “YAP öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanmalıdır.

Bir sıra partiyaların YAP-a qoşulması bu mənada əlamətdar hadisə olmaqla ölkəmizin siyasi palitrasında hakim partiyaya olan inam və etimada dəlalət edir. Bu onu göstərir ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideya və dəyərlər universaldır. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edir və Azərbaycanın güclənməsini istəyən bütün siyasi qüvvələr onun ətrafında birləşərək öz məqsədlərini realizə edə bilərlər. Beləliklə, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın partiyamızın sədr müavini təyin olunması YAP-ın tarixində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

İndiyə qədər əldə etdiyimiz bütün zəfər və nailiyyətlərdə Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi əvəzsiz xidmətləri olan Mehriban xanımın YAP sədrinin müavini vəzifəsinə təyin olunması partiyanın yeni dövrün çağırışlarına daha effektiv və çevik şəkildə cavab verməsinə zəmin yaradacaq. Məlum olduğu kimi, Mehriban xanım müharibə dövründə və sonra hərbçilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yaralı hərbçilərimizin müalicəsi və reabilitasiyası, şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunmasını fədakarcasına öz üzərinə götürüb”. 

Parlament üzvü qeyd edib ki, qarşımızda dayanan əsas hədəf “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına nail olmaqdır:

“Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi təşkilatı olaraq bu prosesin önündə dayanır. YAP təşkilati təcrübəsi və ətrafında birləşdirdiyi böyük insan resursunun sayəsində bu ali məqsədin reallaşmasında önəmli töhfələr verə bilər. Qurultayda YAP-ın sədri, Prezident İlham Əliyev partiyaya 3 aya yeni proqram hazırlamağı tapşırdı.

Bu da ondan irəli gəlir ki, artıq reallıqlar dəyişib. Vətən müharibəsindəki qələbədən sonra qarşıda yeni hədəflər, yeni missiyalar var. Yaşadığımız hibrid müharibə çağının reallıqlarına uyğun olaraq, YAP Azərbaycana qarşı aparılan informasiya hücumlarına qarşı mübarizədə ön sıralarda dayanmalıdır.

Partiyanın Mərkəzi Aparatının formalaşdırılması yeni hədəflər uğrunda çevik qərarların qəbulu və innovativ həll mexanizmlərinin tətbiqinə şərait yaradacaq.

Bir sözlə, YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi, habelə rəhbər vəzifələrə edilmiş uğurlu kadr təyinatları, bütövlükdə ölkənin siyasi həyatına dinamizm gətirəcək”.