Qrip bizdən uzaq qaldı

Koronavirus tədbirlərinin xeyri çox oldu, virus artıq qorxulu deyil


Ölkələr tərəfindən koronavirusla mübarizə çərçivəsində tətbiq edilən tədbirlər qripə yoluxma hallarının sayını azaldıb.
“TASS” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Pandemiya və Epidemiya Xəstəlikləri şöbəsinin müdiri Silviya Brayand deyib. S.Brayand bildirib:

“Mövsümi qripə yoluxmaları izləyirik və Cənub Yarımkürəsində son dərəcə aşağı sirkulyasiya gördüyümüzü deyə bilərik. Bunun bir sıra açıqlamaları ola bilər, amma ən real açıqlama ondan ibarətdir ki, koronavirusla mübarizə üçün tətbiq edilən tədbirlər mövsümi qriplə mübarizədə son dərəcə təsirlidir”.

Şöbə müdiri vurğulayıb ki, ÜST vəziyyətin xüsusilə koronavirusa qarşı vaksinasiya fonunda necə dəyişdiyini yaxından izləməyə davam edəcək:

“Bu mərhələdə koronavirusla mübarizədə təsirli olan tədbirlərin digər yoluxucu xəstəliklərə qarşı da son dərəcə təsirli olduğu qənaətinə gələ bilərik”.
Belə çıxır ki, dünyanı lərzəyə salan, həyatımızı alt-üst edən koronavirusun xeyri də varmış. Mütəxəssislər hesab edir ki, pandemiyanın gedişində tətbiq edilən karantin qaydaları - maska taxmaq, məsafə saxlamaq, təmizliyə riayət etmək və sair karantin tədbirləri sağlamlığa heç bir şəkildə zərər verməyib, əksinə, qripə qarşı kollektiv immunitetin yaranmasına kömək edib. Adətən payız-qış mövsümündə, eləcə də hava dəyişikliyinin intensiv olduğu mart ayında qrip və digər infeksion xəstəliklər, yuxarı tənəffüs yolları xəstəliklərinə yoluxma sayında artım müşahidə edilərdi. 2020-ci ildən etibarən – yəni “koronavirus” həyatımıza daxil olduqdan sonra yoluxma sayında kəskin azalma var.   

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında koronavirus əleyhinə tədbirlərin qrip virusuna yoluxma sayının azalmasında əhəmiyyətli olduğunu bildirdi:  

- Tibdə “populyasiya immuniteti” anlayışı var. Yəni kütləvi immunitetin yaranması. Kütləvi immunitet yaranırsa, heç bir virus artıq qorxulu deyil. Koronavirusa qarşı görülən tədbirlər qrip və paraqrip kimi tanıdığımız viruslara qarşı da effektlidir və immunitet yaranmasına kömək edir. Sentyabr-oktyabr aylarında Azərbaycanda qrip əleyhinə vaksinasiya aparıldı. Risk qrupuna daxil olanlar, 60 yaş üstü vətəndaşlar, həkimlər, müəllimlər peyvənd olundu. Sonra isə koronavirus əleyhinə vaksinasiyaya başlandı. Yenə də əvvəlcə risk qrupuna daxil olanlar, sonra 50 və yuxarı yaş şəxslərə çağırışlar edildi. Vaksinasiyanın ikinci mərhələsi də lazımi qaydada davam edir. Həm qrip əleyhinə vaksinasiyanın, eləcə onunla yanaşı görülən tədbirlərin koronavirus infeksiyası ilə mübarizədə böyük rolu var. Vaksinasiya infeksiyanın yayılmasında ağırlaşmaların qarşısını alır. Biz indi koronavirus vaksinasiyasından da eyni müsbət nəticəni gözləyirik. Vaksinasiya ona görə vacibdir ki, virusa qarşı orqanizmdə anti-tellər yaranır. Qrip əleyhinə peyvənd olunmuş şəxs, üstəlik, koronavirus əleyhinə də peyvənd edilirsə, orqanizmdə yaranmış anti-tellərin üzərinə biri də əlavə olunur. Bu da orqanizmin müqavimət gücünü artırır. Bu mənada qarşıdakı illərdə biz kəskin respirator xəstəliklər, qrip viruslarının yayıldığını görməyəcəyik. Olacaq, amma əvvəlki miqyasda deyil. Xüsusən, gənclər və uşaqlar – gələcək nəsildə immunitet yaranacaq və möhkəmlənəcək. Gələcək nəsil qrip viruslarından əziyyət çəkməyəcək. 

Ş.Məmmədov karantin müddətində insanların qaydalara əməl etməsinin, tibbi maskalardan müntəzəm istifadənin, təmizliyə riayət edilməsinin və xüsusən də immunitetin gücləndirilməsinin qrip virusuna qarşı effektiv tədbirlər olduğunu dedi: 

- İki il əvvəl küçədə, ictimai nəqliyyatda tibbi maska taxmış 2-3 nəfər ancaq görərdik. Məlum məsələdir, hazırda tibbi maskalardan istifadə məcburidir, karantin qaydaları bunu tələb edir. Amma gəlin, düşünək, koronavirusdan əvvəl, neçə nəfər qripə yoluxduğu halda maska taxırdı? 2-3 nəfər. Əksəriyyət maska taxmağı ağlına gətirmirdi.

Ona görə də qrip virusu sürətlə yayılırdı. İş yerində bir əməkdaş qripə yoluxurdusa, qısa zamanda daha bir neçə əməkdaşı da yoluxdururdu. Koronavirus dünyaya bəla gətirməklə yanaşı, həm də insanların ayılmasına, maariflənməsinə səbəb oldu. Artıq insanlar özlərini qoruyur. Ətrafda virus ola biləcəyi şübhəsi insanları diqqətli, məsuliyyətli olmağa sövq edir. Düzdür, məsuliyyətsiz insanlar yenə var. Amma kütləvi baxdıqda, insanlar daha diqqətli, daha təmizkar olublar. Əllərini gün ərzində bəlkə də yumayan adam indi tez-tez yuyunur, əllərini sabunlayır, spirtləyir.

O cümlədən insanlar xəstəlikdən, yoluxmadan qorxduqları üçün sağlamlıqlarının qayğısına da qalmağa başlayıblar. Vitaminli qidalara üstünlük verirlər, immunitetlərinin güclü olmasına çalışırlar. Bu mənada koronavirus insanlara məsuliyyətli olmağı öyrətdi.