Məntiq qanunları tərsinə işləyir

Xeyir iş üçün 50 adam bir məclisə toplaşırsa, cərimə var 

Amma avtobuslarda 100 adam presslənmiş vəziyyətdə 2 saatdan artıq yol gedir, bu, icazəlidir

Azərbaycanda 8 Mart Beynəlxalq Qadınlar günü müxtəlif kafe və restoranlarda təntənəli şəkildə qeyd edildi. Xüsusi hazırlanmış konsert proqramlarından, tanınmış müğənnilərin çıxışlarından videolar sosial şəbəkələrdə yayıldı. Bu cümlələrə bir il öncə təəccüblənməyə bilərdik.

Lakin indi maraq doğurur. Axı, pandemiya dövrüdür və COVİD-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi var. Buna baxmayaraq kafe və restoranlara onlarla insan yığışır. Bəli, toylara icazə yoxdur. Lakin bəzi məkanlardakı yığıncaqların toylardan tək fərqi gəlin və bəyin olmamasıdır. 
Qəribədir, amma həqiqət budur. 

Mövzu ilə bağlı “Şərq”ə danışan tanınmış jurnalist İlhamə Rəsulova deyib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, burada məntiq qanunları tərsinə işləyir:

“Çox ağıllı virusla gizlənpaç oynayırıq. Ona görə ağıllı deyirəm ki, bizim koronavirusumuz yaxşı bilir ki, avtobusda nəfəs-nəfəsə dayanan adamları yoluxdurmaq olmaz.

Amma açıq havada maskasız gəzənin burnunun deşiyindən girməlidir. Bu üzdən cərimə yazılmalıdır. Metroda yoluxma çox olur. Lakin ağzınacan dolu avtobuslarda yoluxma olmur.

Avtobus sürücüləri ölkəmizdə kütləvi immunitetin yaranmasında vaksindən və həkimlərdən daha mühüm rol oynayırlar. Bizim virusumuz anlayır ki, toy və ya yas mərasimi keçirilən zalda, küçədə gəzişəndə yoluxma yarada bilər. İçəridə çox adamın maskasız əyləşdiyi, yeyib-içdiyi restoran və kafelərə isə giriş ona qadağandır, şəriətlə haramdır. Bizim virusumuz idman zallarının yoluxma mənbəyi olduğunu bilir.

Muzeylərdə isə kiməsə toxunmur. Bizim COVİD o qədər ağıllıdır ki, kimsə evində tanıdığı, bildiyi qohum-əqrəbalarla balaca şənlik edəndə qorxuncdur, hər gün tanımadığın yüzlərlə insanla avtobusda, küçədə, marketdə isə təhlükəsizdir.

Xeyir iş üçün 50 adam bir məclisə toplaşırsa, cərimə var, avtobuslarda 100 adam presslənmiş vəziyyətdə 2 saatdan artıq yol gedir, bu, icazəlidir. Açıq havada maskalı gəzilir, kafelərdə yemək icazəsi var. Sanki XX əsrin əvvəllərində yaşayırıq. Sabirin, Mirzə Cəlilin yaratdığı prototiplər olaraq qalırıq. Maska məsələsi lap karikaturadır. Virusdan qorunmaq əvəzinə əla pul tələsinə çevrilib, kasıbın evini yıxır”.

Həmkarımız onu da əlavə edib ki, koronavirusun ölkəmizdə bir yaşı tamam olsa da, haqqında yayılan söz-söhbət səngimək bilmir: “Demək olar ki, hər nəsil bu virusa bir qurban verdi, az ailə yoluxmamış olar.. Lakin hər kəs onun reallığını bildiyi halda arxasında gizli bir komplo nəzəriyyəsinin olmasına da əmindir.

Buna görə, vaksinasiya  və onun gündəlik artım tempinə şübhə ilə yanaşanlar var. Ən pisi də budur ki, el arasında gəzən söz-söhbətin çoxu düz çıxır, gec də olsa rəsmilər tərəfindən təsdiqlənir.

Necə deyərlər, daha bulaq başında  qadınların etdiyi söhbətə daha çox inam var, nəinki rəsmi dairələrin ilk gündə verdikləri təkzibə. Artıq insanlar vaksinasiya olunur və risk qrupuna daxil təbəqəyə 1 aydan çoxdur zaman verilib ki, gedib vaksin vurdursunlar.

Vaksinin təhlükəli xəstəlik yaratması barədə fikirlər əsassızdır.

Peyvənd olunmaq istəyən insanların sayı getdikcə artır. Burda bir qədər problem yaradan yenə də rəsmi qurumların özləridirlər. Yəni  dedikləri ilə etdikləri ziddiyyət təşkil etməməlidir.

Vaksin varsa, sərt karantinə gərək yoxdur. Amma ehtiyat tədbirləri mütləq davam etdirilməlidir. Yox əgər vaksin də vurdurub, yenidən sərt karantinə gedəcəyiksə, onda vaksin nəyə lazım olur?

Bu bir qədər Bəhlul Danəndənin siçan dərmanı satması lətifəsinə bənzəməzmi? İlk növbədə  insanlarda  görülən tədbirlərə inam, etimad yaradılmalıdır ki, bunu narazılıqla qarşılamasınlar. Məlum məsələdir ki, hamı dövlət işində işləmir, hamı sosial yardımlar almır.

Dükan-bazarda qazandığı 5-10 manatlıq imkanı sadə vətəndaşın əlindən almaq onun qarşısında koronadan, yoxsa acındanmı ölmək sualını qoyur.

Anlamsız, məntiqsiz qərarlar onsuz da gərgin olan, yorulan  cəmiyyətdə vəziyyəti kəskinləşdirə bilər. Belə getsə intiharları daha sıx görəcəyik”.