Hələ sülh sazişi bağlanmayıb ! - “...Döyüşlər yenə başlaya bilər”

Tanınmış hərbi jurnalist, Qarabağ qazisi, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu özünün “Facebook” hesabında maraqlı təkliflərlə çıxış edib. O, həmçinin bəzi nöqsanları da üzə çıxarıb. Hərbi jurnalist ordumuzla bu və ya digər formada bağlı olan bir sıra məqamları ictimailəşdirib, onların həllini tələb edib. Etiraf edək ki, ordumuzda illərdir müzakirə edilən müəyyən çatışmazlıqlar var. Onlar mütləq aradan qalxmalıdır. Heç olmasa, Silahlı Qüvvələrimizdəki məlum islahatlardan sonra...

R. Kərimoğlu gündəmə gətirdiyi məsələlərlə bağlı “Sherg.az”ın suallarını cavablandırdı:

- Müdafiə Nazirliyinin tərkibində İctimai Şuranın yaradılmasını nəyə görə zəruri hesab edirsiniz?

- Təxminən 5-6 il əvvəl nazirliklərin İctimai Şuraların yaradılması barədə qanun qəbul edildi. Həmin sənəddə hansısa istisna yoxdur. Elə isə niyə Müdafiə Nazirliyinin tərkibində İctimai Şura yaradılmır?! Millət vəkili Zahid Oruc parlamentin Müdafiə Nazirliyinə nəzarət etməsi məsələsini gündəmə gətirəndən sonra belə bir təkliflə çıxış etdim. Doğrudan da, sözügedən nazirlik üzərində nəzarət yoxdur. Keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov nazirlikdə “at oynadıb”.  Korrupsiya, rüşvətxorluq baş alıb gedirdi. İndi düzgün nəzarət sistemi yaradılmalıdır. Beləliklə, vicdanlı hərbi ekspertlər, o cümlədən hüquq müdafiəçiləri İctimai Şuranın tərkibində yer alaraq, nazirliyin fəaliyyətinə nəzarət etməlidir.

- Hərbi hissələrdə və onların yaxınlığındakı mağazalarda qiymətlərin baha olmasına dair narazılığınızı ifadə etmisiniz. Bu informasiya sizdə haradandır?

 - Özüm görmüşəm. Düzü, belə olduğunu bilmirdim. Müharibə dövründə qazi yoldaşlarımızla birlikdə cəbhənin cənub bölgəsində olduq. Hərbi hissədə qalırdıq. Deməli, şəhərdə iki manata olan siqaret hərbi hissələrdəki və onların yaxınlığındakı mağazalarda üç manatdır. Belə misallar çox çəkə bilərəm. Orda da məsələ ilə bağlı etiraz etdik. Sonradan kiçik bir araşdırma apardım. Məlum oldu ki, sözügedən hərbi hissələr Nəcməddin Sadıqova “hesab verirlərmiş”. Məndə olan məlumata görə, Füzulidən Tovuzadək keçmiş baş qərargah rəisinə hər ay 30 min manat vəsait gedirmiş. Bu gün də pul yığılır. Lakin həmin vəsaitin hara, kimə getdiyini heç kim bilmir. Odur ki, məsələ ilə bağlı DTX-nın rəisi general-polkovnik Əli Nağıyevə “Facebook” üzərindən müraciət etdim. Onun problemi araşdıracağına inanıram. Niyə kimlərsə əsgər və zabitlərimiz hesabına ciblərini doldurmalıdırlar?!

 - Nə üçün “İkinci Qarabağ müharibəsi” anlayışının doğru olmadığını düşünürsünüz?

- Çünki yanaşma doğru deyil. Məncə, "Son döyüşlərin Şəhidləri, Qaziləri, veteranları" yazılsa, daha doğru olardı. Heç ermənilərlə sülh sazişi də bağlanmayıb hələ. Sabah yenə döyüşlər başlaya bilər. Ona da “Üçüncü Qarabağ müharibəsi deməliyik?” Bu, döyüşçülərimiz arasında da ayrı-seçkilik etmək deməkdir və əsla doğru deyil. Ona görə də təklif etmişəm ki, 2020- ci  il, sentyabrın 27- də başlayan hərbi əməliyyatlar birmənalı olaraq “Son döyüşlər” adlandırılsın.