Gürcüstan siyasətində “pat” olacaq: “Etirazlar nəticəsiz qalacaq”

Məlum olduğu kimi, ötənlərdə bir qrup aktivist və siyasi fəal Gürcüstan parlamentinin önündən Bidzina İvanişvilinin iqamətgahına doğru yürüş edib. İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma yaşanıb.
Etirazçılar iqamətgaha gedən yolda divara "Qatillər" yazmaq istəyib. Polis isə buna icazə verməyib. Sonra polislə etirazçılar arasında sözlü və fiziki qarşıdurma yaşanıb.

Etirazçılar həmçinin Bidzina İvanişvilinin iqamətgahının önünə taxta kukla gətirərək, Qaribaşvilini İvanişvilinin kuklası adlandırıblar.
Xatırladaq ki, etirazçıların tələbləri Nika Melianın azad olunması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Onlar həmçinin TV Pirvelinin  yayımladığı səs yazılarında iştirak edənlərə qarşı qanuni əməliyyat keçirilməsini və baş nazirin istefasını tələb ediblər.

Son hadisələr Gürcüstanda vəziyyətin ağır olduğunu göstərir. Xaotik durumun nə vaxtadək davam edəcəyi məlum deyil. Lakin bəzi ekspertlərin fikrincə, hakimiyyət çevrilişi müzakirə mövzusudur.



Politoloq İlqar Vəlizadə isə “Sherg.az”a açıqlamasında səylərin nəticəsiz qalacağını bildirdi:

“Heç nə olmayacaq. Çünki etirazçılar mütəşəkkil deyillər. Düzdür, Saakaşvilinin rəhbərliyi ilə Vahid Hərəkat Partiyası müəyyən addımlar atır. Buna baxmayaraq, həmin partiyanın təsir gücü kifayət qədər deyil.

Düzdür, müxtəlif vaxtlarda siyasi qruplar da partiyaya dəstək verirlər.

Fəqət,  hansısa nəticə gözləmək doğru olmaz.
Üstəgəl, karantin iğtişaşlara nəzarət etmək üçün hakimiyyətə imkan verir. Yəni şahmat dili ilə desək, “pat” olacaq. İvanavşili isə rəsmi olaraq siyasətdən uzaqlaşıb.

Onun siyasi proseslərə müdaxilə imkanları olsa da, təsir vasitələri əlində deyil. Yəni İvanavşilidən nəsə tələb edə bilməzlər”.