"...Dönərxanalar naməlum ətlər alır” – AQTA hərəkətə keçsin! 

“Heyvan xəstəlikləri məhv olmayan ətlər şişə taxılır və isindikcə ətin suyu tökülür”

“Dönərçi isə doğradığı əti həmin su ilə qarışdırıb istehlakçılara verir”


Paytaxt küçələrində addımbaşı dönərxanalara rast gəlirik. Bu obyektlər daha çox insanların sıx olduğu yerlərdə, əsasən metro stansiyalarının ətrafında fəaliyyət göstərir. “Fast-food” yeməklərinin satışı üçün bu yerləri əlverişli məkan hesab etmək olar. Ayaqüstü və tez hazırlanan bu qidalara tələbatın çox olduğu da bəllidir. Lakin bütün dönərxana obyektlərindəki mövcud durum heç də xoşagələn deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) davamlı olaraq dönərxanalarda monitorinqlər keçirir. Bu yoxlamalar zamanı neqativ məqamlar da üzə çıxır: Mənşəyi məlum olmayan ətlər, sanitar-gigiyena qaydalarına riayət edilməməsi və.s. Agentlik tərəfindən müəyyən tədbirlər görülsə də, yenə standartlara cavab verməyən dönərxanalara rastlayırıq.



“Azad İstehlakçılar İctimai Birliyi”nin sədri Eyyub Hüseynov ölkəmizdəki dönərxanaların son durumu ilə bağlı “Sherg.az”a danışıb. Onun sözlərinə görə, dönərxanalarda vəziyyət getdikcə müsbətə doğru dəyişir:

“Lakin bu dəyişikliyin sürəti çox aşağıdır. AQTA mümkün qədər işlər görür ki, vəziyyət dəyişsin. Amma hökumətin biznes qurmaq üçün yaratdığı toxunulmazlıq siyasəti var. Bu siyasət gətirib o yerə çıxarıb ki, bütün biznes qurumları, o cümlədən dönər biznesi ilə məşğul olanlarda ərkəsöyünlük obrazı yaranıb. Onlar dövlətin istehlakçı hüquqlarına dair qanunlarını inkar edirlər. Dövlətin yaratdığı şəraitdən sui-istifadə edərək istehlakçıların hüquqlarnı pozurlar”.

E.Hüseynov qeyd edib ki, mənşəyi məlum olmayan ətlərdən dönər hazırlanması davam edir:

“Bu yaxınlarda DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi yenə də leş ətinin satıldığını ifşa etdi. Həmin ətlər dönərxanalara verilir. Düşünürəm ki, vəziyyəti kökündən dəyişmək üçün ciddi işlər görülməlidir. Bu ciddi işdə ictimaiyyət, alıcılar və digər şəxslər birlik göstərib çalışmalıdır. Hələ 10 il öncə dövlət orqanları dönərxanaların standartını hazırlayıb. Dönərləri təmiz və təhlükəsiz ətdən hazırlayıb, şişə taxıb və onu “-40” dərəcədə şok dondurmadan keçirən müəssisə müəyyən olunub. 

Sadəcə 2 müəssisədə bu avadanlıq var: “Səhliyyalı firması” və “AzProtein Foods” MMC. Bu iki şirkətdə avadanlıq var, dövlət həmin firmalara hətta toyuq dönəri hazırlamağa icazə verir. Dövlət bu firmalara hətta toyuq dönəri hazırlamağa icazə verir. Lakin dönərxanaların heç 1 faizi də bu firmadan ət almır və naməlum ətlərlərdən istifadə edirlər.

İstehsalçılar elə yerlərdən ət almalıdırlar ki, həmin ətlər qanuni olsun. Heyvan xəstəlikləri məhv olmayan ətlər şişə taxılır və isindikcə ətin suyu tökülür. Bütün baytarlıq dərmanlarının qalıqları və heyvani xəstəliklər həmin suda olur. Dönərçi isə doğradığı əti həmin su ilə qarışdırıb istehlakçılara verir. Ona görə də “-40” dərəcə şok dondurucu avadanlıq mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, AQTA elə nümunəvi dönərxanalar yaratmalıdır ki, digər müəssisələr də onlara baxıb standartlara uyğun fəaliyyət göstərsinlər. Lakin bu sahədə problem yaşanmaqda davam edir”.