Paşinyan devrilə bilər: “Sui-qəsd yolu ilə...” – Kreml də tələsir! 

Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad edilib. Çünki Ermənistan Prezidenti Armen Sarkisyan müəyyən edilmiş vaxt ərzində nə onun qovulması barədə fərman imzalayıb, nə də Konstitusiya məhkəməsinə şikayət edib. Bu barədə TASS Ermənistanın Baş naziri Nikol Paşinyana istinadən məlumat yayıb.

“Prezident Armen Sarkisyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifədən azad edilməsi haqqında fərman layihəsini imzalamaması, həm də eyni zamanda layihəyə Konstitusiya Məhkəməsində etiraz etməməsi faktını əsas götürərək 10 martdan etibarən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad edilir”, - deyə Ermənistan hökumətinin mətbuat xidməti N.Paşinyana istinadən xəbər yayıb.
 Bu, Ermənistanda prezidenlə baş nazir arasında ziddiyətin olduğunu göstərir. Yəni vəziyyət o həddə çatıb ki, artıq daxildə bir-birilərinə düşmən axtarırlar. Öz əlləri, öz başları...Özləri bilər. 

 Amma böyük siyasətdə səhvlər bağışlanmır. Yəni ikihakimiyyətliliyin sonu yoxdur. Gec-tez tərəflərdən biri “mat” olacaq. 



Siyasi analitik Turab Rzayev Ermənistandakı vəziyyətlə bağlı fikirlərini “Sherg.az”a bildirdi. Onun sözlərinə görə, Paşinyan yalnız bir yolla “taxtdan” gedə bilər: 

“Düzdür, iqtidara qarşı bir yox, bir neçə cəbhədə mübarizə aparan etirazçılar var. Məsələn, Köçəryan, Sarkisyan, Manukyan, prezident Armen Sarkisyan və başqaları. Amma son hadisələr də göstərdi ki, Ermənistanda hazırkı baş naziri devirə biləcək siyasi qüvvə yoxdur. Çünki onların mitinqlərə çıxardıqları insanların sayı Paşinyanın tərəfdarlarının heç on faizi deyil. Belə bir şəraitdə daha radikal addımlar atılmalıdır. Məsələn, sui-qəsd. Ola bilsin, narazı siyasi qüvvələrdən biri sui-qəsd yolu ilə baş naziri yox etsin”. 

T.Rzayev, həmçinin Rusiyanın məsələyə münasibətindən də danışdı:

“Kreml Paşinyandan yaxa qurtarmaq üçün tələsir. Çünki Moskva ABŞ-dan hansısa həmlə gəlməzdən əvvəl həm Ermənistana, həm Yaxın Şərqə gedən yola nəzarət etmək istəyir. Bunun üçün isə rəsmi İrəvan birbaşa və tamamilə onun diktəsilə ilə idarə olunmalıdır”.