İslahat yolunda geriyə addım yoxdur: ya təmiz işlə, ya da cəza...


Prezident İlham Əliyev məmur özbaşınalığının aradan qaldırılması, qanunsuz əməllərə yol verən vəzifə sahiblərinin cəzalanması istiqamətində mühüm tədbirlər görür. Bu baxımdan korrupsiyaya yol verən, dövlət vəsaitini talayan hər bir məmurun həbsi qaçılmazdır. Təsadüfi deyil ki, ölkə başçısı çıxışlarında bütün vəzifə sahiblərinin xalqa layiqli xidmət etməli olduğunu xüsusilə vurğulayır. Lakin qanunsuz əməllərə yol verən məmurlara yenə də rast gəlirik.
Dünən 2 vəzifə sahibinin həbsi, 1 nəfər barəsində isə cinayət işinin açılması gündəmi zəbt elədi. Naxçıvanın sabiq Daxili işlər naziri ilə təhsil naziri həbs olundu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında müavinət sektorunun baş məsləhətçisinə isə korrupsiyaya yol verdiyi üçün cinayət işi açıldı.

Maraqlıdır ki, məmur həbsləri və digər cəza mexanizmləri davam etsə də, bu durumdan nəticə çıxarmayanlar da var. 

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Sherg.az”a bildirib ki, Prezidentin başçılığı ilə dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davam edir. Onun sözlərinə görə, bu tədbirlər sayəsində hansısa məmur həbs olunur və ona qarşı müxtəlif ittihamlar irəli sürülür:

“İnanıram ki, hüquq-mühafizə orqanları tərəfindən obyektiv və ədalətli araşdırmalar aparılır. Düşünürəm ki, cəmiyyətdə korrupsiya yol verənlərlə bağlı həbslər başlasa da,  məmur özbaşınalığı davam edir. Onlar yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Ona görə də ilk növbədə məmurlar  nəticə çıxarmalıdırlar. Onlar vəzifə səlahiyyətlərindən istifadə etməməli, rüvşətxorluq və korrupsiyaya yol verməməlidirlər. Çünki ölkə başçısı da dəfələrlə bildirib ki, bu proseslərin geriyə yolu yoxdur. Bu işdə hər birimiz hökumətin yanındayıq. MQF rəhbəri olaraq şəffaf və ədalətli cəmiyyətin qurulmasını istəyirəm. Bu istiqamətdə irəliləməliyik. O cəmiyyətdə ki, şəfaffalıq və ədalət hökm sürür, vətəndaşların hüquqları yüksək səviyyədə qorunur, bu zaman insanlar üçün heç bir təhlükə olmur”.