İslahatların başlanğıc nöqtəsi...

Güclü, oturuşmuş bələdiyyə sistemi yaradılmalıdır

Ölkəmizin dünyadakı demokratik imicini daha da artıra bilər


Azərbaycanda bələdiyyələrin statusunun qeyri-müəyyənliyi illərdir müzakirə olunan mühüm məsələlərdən biridir. “Bələdiyyələrin statusu haqqında” qanuna görə, yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkili sistemidir. Bu sistem bələdiyyələrə qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil, sərbəst şəkildə həll etmək hüququ versə də, bələdiyələr asılılıqdan xilas ola bilmir. Bələdiyyələrin statusunun dəyişdirilməsi və səlahiyyətlərinin artırılması Milli Məclisin sonuncu plenar iclasında da müzakirə edilib. Parlament üzvü Qüdrət Həsənquliyev bildirib ki, bələdiyyələrlə bağlı islahatlar dərinləşdirilməlidir.

Deputatın sözlərinə görə, bələdiyyələr rayon icra hakimiyyətinin hansısa şöbəsinin bir bölməsi kimi fəaliyyət göstərir: “Bələdiyyələrə yerli dövlət orqanı statusu verilməli, icra hakimiyyəti orqanları isə ləğv olunmalıdır. Bundan başqa, Bakı və Gəncə şəhər bələdiyyələri yaradılmalıdır. Şəhərin problemləri ilə insanların seçdiyi insanlar məşğul olmalıdır. Bələdiyyələrə seçkilər professional seçki sistemi əsasında keçirilməlidir”. Deputat Jalə Əhmədova da vurğulayıb ki, Azərbaycanda Türkiyə bələdiyyələrinin təcrübəsindən yararlanmaq və türk modelini tətbiq etmək lazımdır. Deputatın qənaətincə, Azərbaycan telekanallarında bələdiyyələrin fəaliyyətini əhatə edən verilişlər hazırlamağın da vaxtı çatıb. Millət vəkili Razi Nurullayev də vurğulayıb ki, bələdiyyələrin iş görmək, pul qazanmaq, problemləri həll etmək üçün resursları yoxdur: “Torpaqları qəpik-quruşa icarəyə verib başlarını atıb yatırlar. Özləri öz resurslarını kapitala çevirməyi öyrənsinlər, biz də onlara kömək edək. Kənd yerlərində mal-qara var, kiçik sexlərdə süd məhsulları, yem istehsalı mümkündür. Bitkiçiliklə, əkinçiliklə, arıçılıqla, meyvəçiliklə, gülçülüklə də məşğul ola bilərlər. Öyrədək, deməyək get elə, edə bilmir də. Çünki ora seçilənlərin çoxu təsərrüfatçıdan daha çox siyasi düşüncəlidir”. 
Ekspertlər də Azərbaycan bələdiyyələrinin səlahiyyətləri kimi maliyyə resurslarının da son dərəcə məhdud olduğunu deyirlər. Məsələn, kənd bələdiyyələrinin illik büdcəsi 10 min manatdan azdır. Bu məbləğlə 4-5 nəfərlik heyəti olan bir bələdiyyədə əmək haqqı və inzibati xərcləri belə ödəmək mümkün deyil. Neft-qaz şirkətlərində çalışan bir işçinin aylıq məvacibi kənd bələdiyyələrinin aylıq büdcə gəlirlərindən çoxdur. Bələdiyyələrin fəaliyyəti əsasən Türkiyə və Gürcüstandakı yerli idarəetmə sistemləri ilə müqayisə olunur. Məsələn, Gürcüstanda ilk dövrlərdə bələdiyyələrin sayı çox olsa da, 2013-ci ildə yerli özünüidarə sahəsində islahatların ikinci dalğası çərçivəsində bələdiyyələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb. 2017-ci ildə qəbul edilmiş yeni qanunvericilik paketinə əsasən, Gürcüstanda əhali bələdiyyələri rayon və şəhərlər səviyyəsində seçir. Kəndlər isə rayon bələdiyyələri tərəfindən təyin edilən şəxslər tərəfindən idarə olunur. Bələdiyyələr partiya sistemi əsasında formalaşır. Tbilisi şəhərinin isə paytaxt kimi xüsusi, həmçinin seçkili yerli özünüidarə statusu var. 



Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə deyib ki, bələdiyyələrin mülkiyyətində əmlak və torpaq olmaması, bu qurumlarla icra hakimiyyətlərinin bir-birini təkrarlaması, asılı vəziyyətdə qalmaları olduqca aktual məsələlərdir. Partiya rəhbərinin fikrincə, bu məsələlərin hər birinə zamanın çağırışlarına və tələblərinə uyğun şəkildə yenidən baxılmalıdır:

“Bu sferada islahatların aparılması və bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi zəruri və qaçılmazdır. Hazırda ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar heç şübhəsiz ki, bələdiyyə sektorunu da əhatə etməlidir. İlk növbədə rayon icra hakimiyyətləri ilə bələdiyyələrin münasibətlərinə aydınlıq gətirmək və bununla əlaqədar mövcud qanunvericilikdəki boşluğu aradan qaldırmaq lazımdır. Elə etməliyik ki,  bələdiyyələr icra başçılarının monopoliyasından, dərəbəyliyindən, diktəsindən həmişəlik qurtulsun. Ümumiyyətlə, icra başçıları institutu tamamilə ləğv edilməlidir. Onların səlahiyyətlərinin əksəriyyəti məhz böyük şəhər bələdiyyələrinə və yerli bələdiyyələrə verilməlidir. Qardaş Türkiyənin təcrübəsindən yararlana bilərik. Bələdiyyələri formal mövcudluq durumundan xilas etmək lazımdır. İnkişaf etmiş bələdiyyə sisteminin formalaşması əsas hədəflərimizdən biri olmalıdır. Oturuşmuş bələdiyyə sisteminin və güclü bələdiyyə ənənələrinin mövcudluğu ölkəmizin dünyadakı demokratik imicinin formalaşması baxımından böyük əhəmiyyət kəsb edir”. 
Ə.Hüseynov vurğulayıb ki, paytaxtımızda və bir sıra digər iri şəhərlərimizdə böyük şəhər bələdiyyələrinin yaradılması çox vacibdir: “Bakı və Gəncədən başqa Sumqayıt və Naxçıvanda da böyük şəhər bələdiyyələri yaradıla bilər. Şəhər merlərinin və ya bələdiyyə başçılarının real seçkilər nəticəsində seçilməsi iri şəhərlərimiz arasında rəqabətə səbəb olacaq və inkişaf üçün yeni imkanlar yaradacaq. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada da bələdiyyə institutunun əsaslarının yaradılması istiqamətində bəri başdan düşünmək lazımdır. Bir sözlə, bütün ölkə miqyasında bələdiyyələrin inkişafı prosesinə start verməyin zamanı çatıb. Bu sahədə ciddi islahatlar aparmaqla bələdiyyələrə “ikinci nəfəs” verilməsinə ehtiyac var. Bələdiyyə institutunun dirçəlməsi və inkişaf etməsində siyasi partiyalar da öz töhfəsini verə bilər”.

İsmayıl Qocayev