20 il hakimiyyətdə olan qüvvələr məğlub oldular

Ermənistandakı proseslər artıq final mərhələsinə yaxınlaşır

"Müharibə çağırışları edən revanşist qüvvələrə müharibə istəməyən Ermənistan cəmiyyətinin cavabı sərt oldu"

Ermənistan müxalifəti ölkədə yaranmış xaosdan - baş nazir, prezident və ordu rəhbərliyi arasındakı intriqadan istifadə edərək növbəti dəfə inqilaba cəhd edəcək. Bu barədə erməni KİV-ləri yazıblar. Yazıda hazırda Ermənistan tarixinin ən ağır günlər yaşadığı qeyd olunub. Həmçinin, məqalədə İrəvandakı siyasi oyunlarda artıq iki tərəf deyil, üçüncü qüvvənin də meydana atıldığı yazılıb. "Top" isə prezidentin qərarı ilə meydandan kənara çıxdı.

Qeyd edək ki, dünən Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Bundan bir qədər əvvəl isə Baş nazir Nikol Paşinyan Onik Qasparyanın 10 mart tarixindən etibarən vəzifəsindən azad edildiyi barədə bəyanat verib. Paşinyan bildirib ki, ölkə prezidentinə təqdim olunan fərman layihəsini imzalamayıb, qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməyib. Bununla da Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur.

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında politoloq Xəyal Bəşirov vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra gözlənildiyi kimi Ermənistanda siyasi təlatümlər davam edir. Politoloq bildirirb ki, ancaq hazırkı mərhələdə proseslərin final mərhələsinə yaxınlaşdığını görmək olur:

"Ən az mühüm bir mərhələ geridə qalmaqdadır. Dörd aylıq zaman ərzində səriştəsiz, təcrübəsiz və idarəetmə bacarığı olmayan Paşinyanın müxalifətə qalib gəldiyini görürük.

10 noyabr Bəyanatından sonra baş verən əsas hadisələrə nəzər yetirsək hər şey aydın olur. Koçaryan və Sarkisyanın rəhbərlik etdiyi Qarabağ klanı bir neçə amilə ümid edirdi. İlk olaraq onlar müharibəni uduzan Paşinyanın hər bir halda hakimiyyətdən gedəcəyinə əmin idilər. Daha sonra, onlar özlərinin, xüsusilə də Koçaryanın Vladimir Putinlə şəxsi münasibətləri amilindən istifadə etməyi düşünürdülər. Bu münasibətlərin fonunda rəsmi Moskvanın Paşinyana rəğbətinin yox səviyyəsində olması Ermənistan müxalifətini bir qədər də arxayın edirdi. Ancaq proseslər göstərdi ki, hətta zəif Nikolla mübarizədə belə, Ermənistanda 20 ildən artıq hakimiyyətdə olan qüvvələr məğlub olmaqdadırlar. Bunu şərtləndirən əsas amil Paşinyana aid olan hansısa xüsusiyyət deyil. Sadəcə, müharibə çağırışları edən revanşist qüvvələrə müharibə istəməyən Ermənistan cəmiyyətinin cavabı sərt oldu. Ermənistan əhalisi gec də olsa artıq anladı ki, onların bütün bədbəxtliklərinin əsası Azərbaycana qarşı işğal və təcavüz siyasəti, o cümlədən qonşulara ərazi iddiaları ilə bağlıdır. Onların bu cür qənaətə gəlməsində Azərbaycan dövlətinin də rolu az olmadı. Azad edilmiş ərazilərimizi görəndən sonra anladılar ki, bu illər ərzində onları hansı vəhşi və vandal xislətli insanlar idarə edib". 

X.Bəşirov qeyd edib ki, Paşinyanın məğlub dövlətin rəhbəri və məğlub ordunun Ali Baş Komandanı olması reallıq olsa da, erməni xalqı bu məğlubiyyəti tək onun adına yazmağın düzgün olmadığını da anlayıb:

"Prezident İlham Əliyev azad edilmiş ərazilərdəki çıxışlarında heç də əbəs yerə demirdi ki, biz Paşinyanın yox, Koçaryan və Sarkisyanın ordusunu məğlub etdik. Bu fikirlər, Ermənistan cəmiyyətində məğlubiyyəti təkcə Paşinyanın adına yazmağa cəhd edən erməni müxalifətinə qarşı düzgün mövqe seçməkdə yardımçı oldu. Bu gün Ermənistan əhalisinin mütləq əksəriyyəti müharibəyə qarşıdır. Bu da müxalifəti ictimai dəstəkdən məhrum edir. Elə bu səbəbdən də, onsuz da xarici təpkiyə məruz qalan hərbi çevriliş cəhdi də uğursuz oldu.

Bu günə olan nəticələr hələ ki, Paşinyanın qalib gəldiyini diktə etməkdədir. Siyasi proseslərdən uzun müddət kənarda qalan Ermənistanın ilk Prezidenti Ter Petrosyanın dəstəyinə rəğmən Qasparyanın vəzifəsi ilə vidalaşdığı deyilir. Baş qərargah rəisi Onik Qasparyanı Ermənistanın siyasi müxalifəti olan Qarabağ klanının ən son ümid yeri hesab etmək olardı. Bu artıq gərgin bir mərhələnin sonu deməkdir. Paşinyanın və arvadının Çauşesku cütlüyü kimi güllələnməsi səhnəsini nümayiş etdirən müxalif cəbhədəki düşmənlərə qarşı qisas addımları reallaşa bilər. Hər bir halda, bu gün Ermənistan hakimiyyəti uğrunda gedən mübarizə artıq çoxdan şəxsi intiqam və qisas müstəvisinə qədəm qoyub. Qalib gələn tərəfin qarşı tərəfə münasibətdə vendetta təşkil edəcəyi də istisna olunmur.

Bu vendetta bəlkə də, Ermənistanı dalana çevirən və təcrid vəziyyətinə salan siyasətdən xilas edəcək. Bu isə artıq zamanın iradəsindən asılı olan bir məsələdir".