İrəvan məcburdur...

Zəngəzur dəhlizinin işə düşməsi Ermənistan üçün xilas yoludur

Bu məsələyə problem yaranarsa üçtərəfli bəyanata zəmanət verən dövlətin nüfuzuna ciddi şəkildə zərər dəyə bilər

Ermənistanda müharibə sonrası yaşanan dərin siyasi qütbləşmə erməni cəmiyyətini yeganə doğru seçimi etməyə imkan vermir. Seçim isə Türkiyə və Azərbaycanla normal əməkdaşlıq qurmaq, qonşularla iqtisadi tərəqqi yoluna qədəm qoymaqdan ibarətdir. Təəssüf ki, buna xaricdəki erməni lobbisinin həvəsləndirdiyi radikal müxalifət imkan vermir.

Hətta bu seçimi Ermənistan üçün “xəyanət” sayanlar da var. Halbuki, ötən 30 ilin acı təcrübəsi tam əksini göstərir. Ermənistandakı hazırkı fəlakətli durumun əsas səbəbi işğalçı, avantürist xarici siyasət nəticəsində sərhədlərin bağlı qalması, ölkənin təcrid olunmasıdır. Keçmişdən ibrət almayan erməni siyasətçilər arasında yenidən bu təhlükəli yolu addımlamaq istəyənlər önə çıxmaqdadır. Xüsusən, müxalif dairələrin və onlara yaxın media orqanlarının, sosial şəbəkələrin daim gündəmə daşıdığı və ermənilər üçün “faciə” kimi gördükləri əsas məsələ Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək quru yolunun - Zəngəzur dəhlizinin açılmasıdır. Erməni müxaliflər mühüm layihəni Ermənistanın “parçalanması”, bütövlükdə Zəngəzur bölgəsinin Azərbaycanın nəzarətinə keçməsi kimi ictimaiyyətə təqdim edirlər. Uydurma və əsassız iddialarla erməniləri ayağa qaldırmağa çalışırlar. Lakin dəfələrlə bəyan edildiyi kimi Ermənistanın bütün cəhdlərinə rəğmən, 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarının hər müddəası gec-tez reallaşacaq. Prezident İlham Əliyev YAP-ın VII qurultayında çıxışı zamanı bu məsələyə xüsusilə toxunub. Dövlət başçısı vurğulayıb ki, rəsmi Bakı əməkdaşlığa hər zaman hazır olub: “Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri bir neçə dəfə görüşüblər. Əməkdaşlıq barəsində danışıblar. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Onları məcbur edəcəyik”. 

Ölkə rəhbəri martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məqama diqqət yönəldib. Prezident bəyan edib ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” tarixdə qaldı, həll edildi və bitdi. İndi gələcəyə baxmalıyıq, bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik: “Xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq”.

Bu arada Ermənistanın sabiq xarici işlər naziri, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının deputatı Vartan Oskanyan bu günlərdə bəyan edib ki, Ermənistanda daxili siyasi və sosial böhran davam edərsə, İrəvan Sünik (Zəngəzur) ilə tam vidalaşmalı olacaq: “Biz bütün bu əraziləri Azərbaycanın nəzarətinə qaytarmağa borclu olacağıq”. Erməni şərhçi Ruben Danielyan da Azərbaycanın Zəngəzuru güc yolu ilə yox, iqtisadi yolla ələ alacağını söyləyib. Bildirib ki, əvvəl nəqliyyat-kommunikasiya əlaqələri qurulacaq, Azərbaycan və türk avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər: “Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar. İnsanlar türklərə və azərbaycanlılara qonşu kimi yanaşacaq. Sonra yolların keçdiyi ərazilərdə infrastrukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq. Ardınca türklərin özü gələcək, tədricən Zəngəzur şəhərlərində azərbaycanlıların sayı artacaq. İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək. Türklərin sayı əhalinin 20-30 faizinə çatanda isə onlar administrasiyaya ayaq açacaqlar. Beləliklə, Zəngəzur Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək. Bu, qaçılmazdır”. 
Erməni iqtisadçı Aşot Tavadyan isə deyib ki, regionda kommunikasiyaların açılmasını tək bir yox, bütün tərəflər aparmalıdırlar. O iddia edib ki, Azərbaycanın Mehri koridorunun açılmasında israr edir, amma Ağdərə-Vardenis yolunu bağlayır.

Tavadyan bir sıra marşrutların, xüsusilə Mehridən açılacaq dəhlizin Ermənistana sərf etdiyini deyib: “Bu dəhliz sayəsində Naxçıvandan Ermənistanın mərkəzinə yol olacaq, beləliklə də İrəvanın cənub və mərkəzi rayonları ilə əlaqəsi asanlaşacaq.

Hazırda Tiflis və ya Gürcüstanın Qara dəniz limanlarından İrəvana yük daşınması üçün çoxlu resurs sərf edilir. Naxçıvan dəmir yolunun açılması ilə Rusiya və Ermənistan arasında daha çox yük daşınacaq. Sovetlər dönəmində bu dəmir yolu Rusiya ilə Cənubi Qafqaz respublikaları arasında əsas yük magistralı idi. Ermənistan və Rusiya arasında əlaqə İcevandan Qazaxa açılacaq dəmir yolu sayəsində də güclənə bilər. Ona görə də bu məsələlər kompleks həll edilməlidir”. 

Tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov da bildirib ki, son zamanlar Zəngəzurun qaytarılması mövzusu erməni siyasətində çox fəal şəkildə müzakirə olunur:

“Gəlin bəzi məqamlara diqqət yetirək. Martın 5-də Yerevanda Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili Arman Totoyan mətbuat konfransı keçirdi. Onun bu konfrasda dedikləri böyük səs-küyə səbəb oldu. Totoyan bildirdi ki, Zəngəzurda və ümumiyyətlə bütün perimetrdə sərhədlərin delimitasiyası prosesi təcili olaraq dayandırılmalıdır. Çünki artıq Yerevanda hamı başa düşür ki, bu proseslər hələ sovet dövründə Ermənistanın "sürünən təcavüz" taktikası ilə əldə etdiyi bütün “erməni ərazilərinin” itirilməsinə səbəb olacaq”. Onun sözlərinə görə, sözsüz ki, söhbət Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarından gedir: “Lakin Totoyan Qazax və ya Naxçıvan haqqında danışmır. Əsas müzakirələr Zəngəzur barəsində gedir. Bu o deməkdir ki, Zəngəzurun Azərbaycan torpağı olması faktı erməni xalqının özünün də beynində mövcuddur. Hətta bu fikrin daşıyıcıları Ermənistanda durmadan artır. Artıq bəzi ermənilər özlərində güc tapıb, əsas fobiyalarını kədərli səslə səsləndirməyə qərar verib. Onlar Ermənistanda nəinki iqtisadi, həm də siyasi kollapsın qaçılmaz olduğunu, 1921-ci il Qars müqaviləsinə uyğun olan sərhədlərə qayıtmalı olduqlarını hiss edirlər. Erməni cəmiyyəti getdikcə daha aydın başa düşür ki, əgər o, ədalət qanunları ilə yaşamayacaqsa, onda o, Azərbaycanın müəyyən etdiyi güc qaydalarına uyğun yaşamalı olacaq”. 
Rusiyanın Xalq artisti, kinorejissor, ictimai xadim Karen Şahnazarov da deyib ki, revanş xəyalları tamamilə boş məşğuliyyətdir. Onun sözlərinə görə, erməni xalqı müharibədəki məğlubiyyəti ağrılı şəkildə qəbul etdi, bu, başadüşüləndir. Ancaq buna dözmək lazımdır: “Cəmiyyətin bir hissəsi revanşist əhval-ruhiyyədədir. “Gücümüzü toplayıb yeni müharibəyə başlayacağıq” düşüncəsindədirlər. Fikrimcə, bu, tamamilə çıxılmaz bir yoldur. Ancaq ermənilərin əksəriyyəti buna meyilli deyil. Əməkdaşlıq üçün imkan tapmaq lazımdır. Ümumilikdə 10 noyabr bəyanatını Prezident İlham Əliyevin böyük xidməti hesab edirəm. Axı Bakının əlində çoxlu “kartlar” var idi, lakin ən müdrik və düzgün seçim edildi”.

Politoloq Elçin Mirzəbəyli “Şərq”ə açıqlamasında deyib ki, Zəngəzur dəhlizi ilə bağlı müddəanın 10 noyabr üçtərəfli bəyanatına salınması onun icrasını Ermənistan üçün məcburi edir. Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda müxalif siyasətçilərin nə deməsindən asılı olmayaraq, razılaşmalarda yer alan bütün müddəalar həyata keçirilməlidir. Əks təqdirdə adekvat tədbirlərin görüləcəyinə şübhə yoxdur:

“Bu tədbirlər sayəsində isə Ermənistanın onsuz da ağır olan durumu indikindən qat-qat ağır vəziyyətə düşəcək. Digər tərəfdən isə üçtərəfli bəyanata zəmanət verən dövlətin nüfuzuna ciddi şəkildə zərər dəyə bilər. Sirr deyil ki, bu layihənin həyata keçməsi birbaşa Rusiyanın və Kreml rəhbərinin nüfuz məsələsidir.

Zəngəzur məsələsi ilə bağlı Ermənistanda müşahidə edilən yanaşmalar bu xalqın uzun illər ərzində zəhərlənmiş təfəkküründən qaynaqlanır. Azərbaycan və Türkiyə hansı addımları atırsa, hətta Ermənistanın mənafeyinə xidmət etmiş olsa belə ermənilərin gözündə “təhlükəli plan” kimi dəyərləndirilir.

Əslində regiona kənardan gətirilmiş bu toplum bölgədə mövcud olduqları zaman kəsiyində yalnız bir məqsədə xidmət ediblər. O məqsəd də qonşu dövlətlərə və xalqlara qarşı məkirli niyyətlərini həyata keçirmək olub.

Xəstə təfəkkürə malik ermənilər yenə eyni qaydada dəyişməz psixologiyalarından çıxış edərək, regional layihələrin Ermənistana qarşı olacağını iddia edirlər. Azərbaycan bütün dövlətlərin beynəlxalq hüquq tərəfindən tanınmış sərhədlərinə sayğı ilə yanaşır.

Eyni yanaşmanı da Yerevandan tələb edir. Dəfələrlə bəyan etmişik ki, tarixi reallıqların necə olmasından asılı olmayaraq, bütün dövlətlərin konkret sərhədləri var.

Ölkəmiz sərhədlərin toxunulmazlığı prinsipinə hər zaman hörmətlə yanaşıb. Əlbəttə ki, öz torpaqlarımızın bir qarışını belə heç kimə güzəştə getməmək şərti ilə”.

E.Mirzəbəyli vurğulayıb ki, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistan üçün xilas yoludur:

“Ermənistan siyasətçilərinin bədbəxtçiliyi odur ki, əsl qurtuluş yolu olan layihələri özlərinə “təhlükə” bilirlər. Həqiqi təhlükəli məqamları isə özləri üçün “xilas yolu” görürlər.

Uzun illərdən bəri Azərbaycanın yürütdüyü siyasət nəticəsində regionda elə bir situasiya yaranıb ki, ölkəmizin bilavasitə maraqları, mövqeləri nəzərə alınmadan hansısa addımın atılması mümkün deyil.

Ermənistan indiki şəraitdə bu və ya digər formada onu dəstəkləyən, himayə edən ölkələrin son nəticədə Yerevanın imdadına yetmədiyini dərk edərək doğru seçim etməlidir.

Zəngəzur dəhlizi Ermənistan üçün nəfəs yoludur, beynəlxalq aləmə çıxış deməkdir. Regionda baş verən iqtisadi proseslərdə aktiv iştirakın təmin olunmasıdır. Burada söhbət təkcə Türkiyə-Azərbaycan əlaqələrindən getmir.

Zəngəzur dəhlizi bütün region dövlətləri üçün əlverişli logistik imkanlar yaradacaq. İndiki şəraitdə buna ən çox ehtiyac duyan məhz Ermənistandır. Çünki Azərbaycandan fərqli olaraq Ermənistanın heç bir alternativi yoxdur. Erməni müxalifətinin buna qarşı çıxması xəstə təfəkkürün məhsuludur”. 

Analitikə görə, 10 noyabr anlaşmasında yer alan müddəaların mümkün qədər tez zamanda reallaşması nəzərdə tutulub:

“Təbii ki, regional layihələrin həyata keçirilməsində əsas amillərdən biri sabitliyin olmasıdır. Ermənistanda sabit siyasi hakimiyyət mövcud olmalıdır ki, iqtisadi layihələrin reallaşması üçün uyğun zəmin yaradılsın.

Düşünmürəm ki, Ermənistandakı qarışıqlıq nəzərdə tutulan layihələrin həyata keçirilməsinə uzunmüddətli maneçilik törədəcək. Çox güman, 2021-ci ilin sonunadək Ermənistandakı siyasi proseslərə aydınlıq gətiriləcək və öz öhdəliklərini dərk edən bir siyasi hakimiyyət formalaşacaq”. 

İsmayıl Qocayev