Donbasda atəş səsləri artır

Rusiya və Ukrayna arasında qarşıdurma istisna olunmur

Bu, ABŞ və Qərbə Kremlə yönəlik təzyiqləri artırmaq üçün əlavə səbəblər verə bilər

Son günlər Donbasda yenidən müharibənin başlayacağı barədə ardıcıl məlumatlar yayılır. Atəşkəs rejimi də mütəmadi pozulur. Ukrayna silahlı qüvvələrinin komandanlığı separatçıların bölgəni hər gün atəşə tutduqlarını bildirirlər. Üçtərəfli Təmas Qrupunun Ukraynadan olan üzvü Sergey Qarmaş isə bildirib ki, Rusiya Donbasda hərbi təxribat hazırlayır. Onun sözlərinə görə, “almanlar və fransızlar “Normand” formatı çərçivəsində tərəflərə təkliflərlə bağlı işi tamamlayıb.

Müharibəni bitirmək üçün yol xəritəsi hazırlanıb. İndi Rusiyanın bu addımlara reaksiyasını gözləyirlər: “Normand dördlüyü”ndəki vəziyyətdən narazı qalan və təşəbbüsü itirdiklərini görən Rusiya Donbasda hərbi təxribat hazırlayır ki, bu da rus sülhməramlılarının işğaldakı torpaqlara daxil olmasına səbəb ola bilər”. Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynadakı münaqişənin təhlükəli həddə çatdığını söyləmişdi.

Bildirmişdi ki, Moskva Ukrayna silahlı qüvvələrinin və başqa silahlı birləşmələrin Donbas ərazisini getdikcə daha çox intensiv atəşə tutmasından narahatdır. Peskovun sözlərinə görə, “Normand dördlüyü” adlanan qrup öz nüfuzundan istifadə edərək Ukraynada “vətəndaş müharibəsinin” yenidən qızışmaması üçün əlindən gələni etməlidir”.

Putinin sözçüsü vurğulayıb ki, Ukraynanın şərqində yaranmış vəziyyət “təhlükəli həddə” yaxınlaşıb. Rəsmi Kiyev isə Peskovdan fərqli olaraq əmindir ki, Donbasda “vətəndaş müharibəsi” yox, Moskvanın başlatdığı separatçı münaqişə davam edir: “Donbasda vəziyyətin gərginləşməsinə başlıca səbəbkar Rusiyadır”.

 

Politoloq Elçin Xalidbəyli “Şərq”ə açıqlamasında vurğulayıb ki, son vaxtlar Rusiya üçün ağır dövr başlayıb. ABŞ və Qərb Kremli Rusiyanın sərhədləri içərisinə sıxışdırmağa çalışır.

Ona görə də hazırda Rusiya hər tərəfdən ciddi şəkildə təzyiqlərlə üzləşmiş durumdadır. Ekspertin sözlərinə görə, Rusiya ilə bağlı bu vəziyyətin hələ uzun müddət davam etmə ehtimalı böyükdür:

“Rusiya-Ukrayna arasında qarşıdurma mühitinin yaranması, daha da gərginləşməsi qətiyyən istisna deyil. Hazırda belə bir qarşıdurmanın olması ABŞ və Qərbin maraqlarına tamamilə cavab verir. Məsələ ondadır ki, Rusiya ilə Ukrayna arasında qarşıdurma ABŞ və Qərbə Kremlə yönəlik təzyiqləri artırmaq üçün əlavə səbəblər verə bilər.

Çünki Rusiya bir tərəfdən Ukrayna ərazisi olan Krımı ilhaq edib. Digər tərəfdən isə Ukraynanın cənub-şərqində Rusiyanın təsir dairəsində olan separatçılar əlavə münaqişə ocaqları yaradıblar.

Həmin bölgədəki separatçıların Rusiyanın səhnə arxası yardımları ilə silahlanıb, Ukrayna dövlətinə müqavimət göstərdikləri heç kəsə sirr deyil. Bu baxımdan, münaqişə yenidən bərpa olunarsa, Rusiyanın da prosesə hansısa formada cəlb olunacağı istisna deyil”. 

Analitikin fikrincə, əslində, məhz belə bir situasiya ABŞ və Qərb üçün ən əlverişli təzyiq bəhanələri yarada bilər:

“Amerika və Qərb Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə xüsusi həvəs göstərir. Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı Rusiya üçün olduqca ciddi beynəlxalq sanksiyalara yol aça bilər. Təbii ki, rəsmi Kiyev də bu faktorları nəzərə alır.

Üstəlik, Vaşinqton və Qərbdən siyasi və hərbi-texniki dəstək ala biləcəyinə arxayındır. Digər tərəfdən, Ukrayna ordusu son illərdə öz hərbi-texniki bazasını və döyüş hazırlığı səviyyəsini gücləndirib. Nəhayət, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməsi Ukraynanı ciddi şəkildə həvəsləndirib.

Türkiyədən “Bayraktar TB2” PUA-ları alan Ukrayna bu dəfə savaşdan qələbə və ərazi bütövlüyünü bərpa etməklə çıxa biləcəyinə əmindir. Bu baxımdan, Ukraynanın cənub-şərqində silahlı münaqişənin yenidən bərpa olunma ehtimalı kifayət qədər yüksəkdir”.