Paşinyan rəqiblərinə qalib gəldi

Baş nazir xalqın dəstəyini itirməsə onu nə “Qarabağ klanı”, nə hərbi qanad, nə də Kreml devirə biləcək

Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyan qanunun gücü ilə vəzifəsindən azad edilib. Prezident Armen Sarkisyan Paşinyanın Qasparyanın istefası ilə bağlı müraciətini Konstitusiya Məhkəməsinə göndərməkdən imtina edib. Bunun sayəsində ötən gün 18:00-dan etibarən Qasparyan vəzifəsindən avtomatik azad edilmiş sayılıb. Bununla belə, Qasparyan hələ də ofisini tərk etməyib. Armen Sarkisyan isə “Hərbi qulluqçuların statusu haqqında” qanuna edilən dəyişikliklərin Konstitusiyaya uyğunlaşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edib. Dəyişikliyə əsasən, baş nazir orduda istənilən şəxsi prezidentin təsdiqləməsinə ehtiyac olmadan vəzifəsindən uzaqlaşdıra biləcək. Bu, Qasparyanla birlikdə baş nazirin istefa tələbinə qoşulan 40-a yaxın yüksəkrütbəli zabitin də ordudan uzaqlaşdırılmasına hazırlıq getdiyini deməyə əsas verir. Paşinyan qiyamçılara yaxın dövrdə toxunmasa belə, tezliklə onları cəzalandıracaq. Hazırda Ermənistan ordusu Qasparyanın komandası ilə Nikolun komandası arasında ikiyə parçalanıb.

Baş Qərargah rəisi Paşinyana uduzduğunu etiraf etdi

Ermənistan ordusunun eks-Baş Qərargah rəisi Onik Qasparyan orduya müraciət edib. O, istefaya göndərilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib: “Mən xalqıma xidməti başqa statusda icra edəcəm. Amma baş nazirin qərarı Konstitusiyaya zidd olduğu üçün məhkəməyə müraciət edəcəm. Bu böhran yalnız Paşinyanın istefası və növbədənkənar seçkilərin keçirilməsi ilə həll oluna bilər”. 

Paşinyan Qasparyanın yerinə namizəd tapıb

Ermənistan Baş naziri Nikol Paşinyan Qasparyanın boşaltdığı posta sabiq Baş Qərargah rəisi Artak Davtyanı təyin etmək istəyir. Çünki Davtyan Paşinyanın istefasını tələb etməyən azsaylı generallardan biridir. O, pandemiyanın geniş yayılmış vaxtında oğluna təntənəli toy mərasimi keçirdiyi üçün vəzifəsindən azad edilmişdi. Qeyd edək ki, Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan ötən gün Artak Davtyanı Baş Qərargahın xüsusi tapşırıqlar üzrə baş zabiti vəzifəsinə təyin edib. 

Sarkisyan Paşinyanın təqdimatını rədd edib

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi haqqında təqdimatını imzalamaqdan imtina edib. “Times.am” saytının məlumatına görə, Sarkisyanın belə addımına səbəb situasiyanın nəzarətdən çıxmasına imkan verməmək olub. Hökumətin hazırda Baş Qərargahla Qasparyanın yerinə müvəqqəti təyinat üçün danışıqlar apardığı bildirilib.

Ermənistan ordusu Paşinyana tabe olmaq istəmir...

Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefası tələbini yenidən təkrarlayıb. Ordu rəhbərliyi eks-Baş Qərargah rəisi Onik Qasparyanın müraciətində səslənən fikirlərə qoşulduğunu vurğulayıb: “Ermənistan ordusunun rəhbərliyi general-polkovnik Onik Qasparyanın müraciətinə qoşulur və onun respublikadakı situasiyaya verdiyi qiyməti təsdiqləyir. Bu situasiyanın həlli birdir və müraciətdə göstərilib. Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın 10 martda səslənən müraciətindəki fikirləri silahlı qüvvələr üzərinə bir tapşırıq kimi götürür”. Ermənistan ordusu Qasparyanı eks deyil, hazırkı Baş Qərargah rəisi adlandırmaqla Paşinyana tabe olmaqdan imtina etdiyini göstərib. 

Moskva Ermənistandakı siyasi gərginliyi şərh etdi

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Ermənistandakı situasiya bu ölkənin daxili işidir: “Rusiya bu ölkədə vəziyyətin normallaşmasında maraqlıdır. Biz orda gedən proseslərə qarışmırıq və heç kimin tərəfini tutmuruq”. 

“Qasparyanın gedişi “Qarabağ klanı”na da ciddi mənfi təsir göstərəcək”

Ermənistandakı vəziyyəti “Şərq”ə təhlil edən politoloq Turan Rzayev deyib ki, Onik Qasparyanın istefaya göndəriləcəyi gözlənilən idi. Siyasi şərhçi bildirib ki, Baş nazir Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin onun ən böyük təhlükə olduğunun fərqində idi:

“Hər an orduda hökumətə qarşı hərbi çevriliş ola bilərdi. Qasparyanın geri dönüş imkanları azdır. Bundan öncə sadəcə Baş nazir Paşinyan onu istefaya göndərirdi, ancaq eks Baş Qərargah rəisi ölkə konstitusiyasına görə vəzifəsindən uzaqlaşdırıldı. Belə şəraitdə baş nazirə etiraz əsassızdır. Qasparyanın vəzifədən getməsi “Qarabağ klanı”na da ciddi mənfi təsir göstərəcək. Bu istefa Koçaryan-Sarkisyan üçün ciddi itki sayıla bilər. General Kreml üçün də vacib kadr idi. Moskva Qasparyan üzərindən ölkədə rahatlıqla hərbi çevrilişə cəhd edə bilərdi. Paşinyan təbii olaraq özünə sadiq hərbçinin Baş Qərargah rəisi olmasını istəyir”. 

Analitikin sözlərinə görə, baş nazirin boşalan posta öz namizədini yerləşdirməsindən sonra hökumətə qarşı etirazlar sadəcə siyasi müstəvidə cərəyan edəcək:

“Müxalifət Rusiyanın dəstəyi olmadan heç nəyə nail olmaq iqtidarında deyil. Moskva Paşinyanın arxasındakı dəstəyi gördüyü üçün təmkinli davranır. Reallıq odur ki, Paşinyan ermənilər arasında dəstəyini itirməzsə, ciddi səhvlər nəticəsində xalqın qəzəbinə tuş gəlməzsə, onu nə “Qarabağ klanı”, nə hərbi qanad, nə də Kreml devirə biləcək. İnqilabla hakimiyyətə gəlmiş şəxslərin siyasətdən gedişi o qədər də asan proses deyil. Paşinyan təhlükəli bildiyi şəxsləri özünə sadiq kadrlarla əvəzləməklə öz ətrafını daha da gücləndirir. Bütün bunlar baş nazirin hakimiyyətdə qalacağına işarədir”.