Möhtəkirlər meydana girmək istəyirlər

"Qara bazarda" peyvənd də var, saxta peyvənd sertifikatı da

"Bu, qanun pozuntusu olmaqla yanaşı, həm də çox təhlükəli tendensiyadır. İnsanlar buna aldanmamalıdır"


Koronavirus peyvəndi, saxta peyvənd sertifikatı, hətta peyvəndlənmə arayışı da internetdə satışa çıxarılır. Bu barədə informasiya təhlükəsizliyi sahəsində məşhur “Kaspersky” şirkəti məlumat yayıb. Məlumatda qeyd edilir ki, "Kaspersky" 15 kölgə saytını araşdırıb və üç növ patentləşdirilmiş koronavirus peyvəndi - Pfizer / BioNTech, AstraZeneca və Modernanın, eyni zamanda hələ patentləşdirilməmiş bəzi digər peyvəndlərin satışına dair elanlar aşkarlayıb. Bir nəfər üçün bir dozanın qiyməti 250-1200 dollar arasında dəyişir və ortalama 500 dollara təklif olunur.

“Kaspersky”nin məlumatına görə, elanlar əsasən Fransa, Almaniya, İngiltərə və ABŞ-dan gəlir. Satıcılarla ünsiyyət üçün mesajları taymerlə silmək funksiyasına malik etibarlı messencerlərdən istifadə olunur. Ödəniş əsasən bitkoinlərlə tələb olunur. Əməliyyatların təhlilinə əsasən, "Kaspersky" tərəfindən aşkarlanan bir çox elan müəllifi 100-dən 500-ə qədər əməliyyat həyata keçirib.

“Darknetdəki (anonim iştirakçılardan ibarət gizli şəbəkə) peyvənd satışı elanlarının skam olub-olmaması və ya alıcıların həqiqətən axtardıqlarını əldə edib-etməməsi barədə qəti bir nəticə çıxarmaq mümkün deyil. Bu elanlardan bəzilərinə müsbət rəylər yazılıb. Bəzi əməliyyatlar nəticəsində insanların həqiqətən də istədikləri məhsulu aldıqlarını düşünmək olar. Nəzəri cəhətdən bu mümkündür, çünki dünyanın müxtəlif yerlərindəki xəstəxanalarda bəzən peyvənd paketi açıldıqdan sonra istifadə olunmamış dozalar qalır. Bununla belə, peyvəndin düzgün saxlanılması üçün bütün şərtlərin yerinə yetirildiyinə dair bir zəmanət əldə etmək mümkün deyil. Ampulaların içində həqiqətən də peyvəndin satıldığına dair bir zəmanət də yoxdur,” deyə "Kaspersky"nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Dmitri Qalov bildirib.

“Qara bazar”da saxta peyvənd sertifikatları da satılır. Məsələn, Avropa sertifikatı nümunəsinin müvafiq sənədinin qiyməti təxminən 20-25 ABŞ dollarıdır. Bundan əlavə, bəzi ölkələrdə, məsələn, ofisə getmək və ya işgüzar səfərlər, məzuniyyət gəzintiləri üçün COVID-19-a yoluxmama barədə arayış tələb olunur. Darknetin rus dilində danışan seqmentində bu sənədin qiyməti 3500-5000 rubl (47-67 ABŞ dolları) arasında qiymətləndirilir.

Görünən budur ki, işbazlar, saxta və yüngül yollarla nəhəng qazanc əldə etməyə çalışanlar bəşəriyyəti ölümlə üz-üzə qoymuş virusdan da qazanmaq istəyirlər. İnternet üzərindən koronavirus vaksini əldə etmək mümkündürmü? Tutalım, kimsə, peyvənd aldı, aparıb həkimə verəcək ki, bu vaksini ona vursun?! Qəribə və müəmmalı vəziyyətdir. Həmçinin, internet üzərindən peyvənd vaksini sertifikatı almaq fikrinə düşənlərin məqsədi nədir? Peyvənd istehsalçısı olmaq? 


Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında koronavirus əleyhinə vaksinin satışının mümkünsüz olduğunu bildirdi: 

- Vaksinin internet üzərindən satışı ola bilməz. Peyvəndlənmə bütün dünyada pulsuzdur. Pulsuz olmalıdır. Dövlətlər vaksini alır və vətəndaşlarına pulsuz peyvəndləmə həyata keçirir. Kimlərsə, hansısa ölkədə  vaksini alıb-satırlarsa, bu artıq kriminaldır. Ola bilsin, hansısa şirkətlər korporativ maraqlardan çıxış edir. Vaksinlərlə bağlı qayda belədir ki, ölkələr onu sifariş edir. Əhali sayı, nə qədər dozada vurulacağı nəzərə alınaraq. Görürük ki, inkişaf etməmiş ölkələrdə vaksinasiya ilə bağlı problemlər var. Hazırda Dünya Səhiyyə Təşkilatı kasıb ölkələrdə vaksinasiyanın həyata keçirilməsi üçün yollar axtarır, nəhəng şirkətləri bu işə cəlb etməyə çalışır. Belə olduğu halda, vaksinin internet üzərindən satışını təşkil etmək cinayətdir. 

A.Qeybulla qeyd etdi ki, bu məsələnin qaranlıq tərəfləri çoxdur: 

- İnternet üzərindən vaksin satışı, inandırıcı görünmür. Həm də təhlükəlidir. Vaksinin xüsusi daşınma qaydaları var. Hansı temperaturda, necə daşınmalıdır. Bunlara dəqiq əməl edilməsə, vaksin xarab olur. Yararsız hala düşür. Hər sahədə olduğu kimi vaksinlə bağlı da möhtəkirlər meydana girmək istəyirlər. Lakin bu, qanun pozuntusu olmaqla yanaşı, həm də çox təhlükəli tendensiyadır. İnsanlar buna aldanmamalıdır. 

A.Qeybulla xəstəxanalarda bəzən peyvənd paketi açıldıqdan sonra istifadə olunmamış dozalar qalması ilə bağlı məlumatların da həqiqətə uyğun olmadığını bildirdi: 

- İstifadə olunmamış dozalar qalması faktiki mümkün deyil. Vaksin flakonu 3 və ya 5 dozalıq olur. 3 dozalıqdırsa 3 nəfərə, 5 dozalıqdırsa 5 nəfərə vurulmalıdır. Flakon açılırsa, dozasından asılı olaraq  3 və ya 5 nəfərə vurulur. Vaksinlər sayla, nömrələnmiş halda olur. Burda “istifadə olunamamış doza” söhbəti inandırıcı deyil. Eləcə də, saxta vaksin arayışı almağa nə lüzum var? Belə çıxır ki, insan özünü aldadır?! Vaksinasiya yoluxma halında xəstəliyi yüngül keçirmək, ağıırlaşmalara məruz qalmamaq üçündür. Yalandan saxta arayış əldə etməklə nəyə nail olmaq istəyirlər? Tutalım, saxta arayışla hansısa ölkəyə səfər edildi, bəs yoluxma baş verəcəksə, onda vəziyyət necə olacaq? Yəni bu məsələlər möhtəkirlərin oyunlarıdır. Vətəndaşlar gərək aldanmasın. İnternet üzərindən  sertifikat əldə etməksə, mümkündür. Buna da farm-kompaniyalar can ata bilər. Özlərini peyvənd  istehsalçısı kimi tanıtmaq üçün. Bu məsələlərlə ÜST ciddi məşğul olmalı, saxtakarların ələ keçirilməsində maraqlı olmalıdır.