5 yaşlı qızcığazın davranışları dəyişdi, danışmağa başladı

Küçəyə atılmış Nərgiz atadan deyil, anadan şiddət görüb

"Əgər ananın anlaqlı olmadığı bir daha təsdiqlənərsə, valideynlik hüququ ataya veriləcək"


Küçədə köməksiz vəziyyətdə tapılmış 5 yaşlı qızcığaz hazırda Azərbaycan Uşaqlar Birliyinin Uşaq Reinteqrasiya Mərkəzindədir. Onunla birlikdə 4 yaşlı bacısı və yaş yarımlıq qardaşı da Mərkəzdə qalırlar.      
Uşaqların durumu barədə “Şərq”ə danışan AUB-nin sədri və mərkəzin direktoru Kəmalə Ağazadə qeyd etdi ki, əvvəlki günlərə nisbətən 5 yaşlı Nərgizin davranışlarında müsbət dəyişikliklər var: 


- Uşaq bizim sığınacağa təhvil veriləndə danışmırdı, sorğulara cavab vermirdi, ətrafda baş verənlərə reaksiyası zəif idi. Onunla lazımi iş aparıldı. Həkim müayinəsindən keçirildi, mütəxəssislər onunla söhbət etdilər, nervopotoloq Elşən Qarayev müalicə təyin etdi. İndi Nərgizdə müsbət dəyişikliklər var artıq. Bacısı, qardaşı da sığınacaqdadır. Və onlara da lazımi qulluq və qayğı göstərilir. Sığınacağa yerləşdirildiyində uşaqların qorxu içində olmaları, ünsiyyətə girməmələri onların evdə şiddət gördüklərini deməyə əsas verir. 

“Uşaqlar ana tərəfdən, yoxsa atadan şiddət görüblər” sualına cavabında K.Ağazadə qeyd etdi ki, uşaqlar ataları haqqında pis söz demirlər: 

- Uşaqların danışığından belə anlaşılır ki, analarından şiddət görüblər. Ataları haqqında pis danışmırlar. Yaxşı sözlər deyirlər. Mən ata ilə söhbət etmişəm. Normal təsir bağışlayır. Düzdür, hazırda işsizdir, lakin işləyən adamdır, işi olub, qazanc gətirib. Hətta mən onu qınadım ki, görürdünüz qadın xəstədir, niyə dünyaya övlad gətirirdiniz?! Məlumdur ki, qadın dördüncü övladına hamilədir hazırda. Uşaqların atası mənə dedi ki, yoldaşının xəstəliyi 2-ci övladları dünyaya gələndən sonra üzə çıxıb. Amma mənə verilən digər məlumatlara görə, qadında belə bir xəstəlik əvvəldən var imiş.      

K.Ağazadə valideynlik hüququnun böyük ehtimalla ataya veriləcəyini söylədi: 

- Anada ruhi-əsəb xəstəliyi varsa, sözsüz ki, valideynlik hüququ ataya verilməlidir. Qadın bundan əvvəl də müalicə alıb. Hazırda da müalicə alır. Əgər ananın anlaqlı olmadığı bir daha təsdiqlənərsə, valideynlik hüququ ataya veriləcək. Buna müvafiq icra hakimiyyəti orqanı yanında Qəyyumluq şöbəsi qərar verəcək. Uşaqlar hələ ki sığınacaqdadırlar. Nə qədər burda qalacaqlar, buna da icra orqanı qərar verməlidir.     

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Xətai rayonu, Naximov küçəsində köməksiz vəziyyətdə tapılmış 5 yaşlı qız uşağı Uşaq Reinteqrasiya Mərkəzinə gətirilib. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində qızın valideynləri  tapılıb. Məlum olub ki, beş yaşlı uşağın anası psixi cəhətdən sağlam deyil.
İntensiv axtarışlar nəticəsində onun valideynlərini tapmaq mümkün olub. Bu da məlum olub ki, beş yaşlı Nərgiz evin tək uşağı deyil, dörd yaşlı, Dəniz adlı bacısı və yaşyarımlıq Əziz adlı qardaşı var. Uşaqların atasının kimliyi müəyynələşib və o, Xətai İcra Hakimiyyətinə yönləndirib. Müvafiq sərəncam əsasında 3 uşaq  sığınacağa yerləşdirilib. Hazırda atalarının yazılı razılığı ilə Nərgizin bacısı ilə qardaşı da sığınacaqda qalır.