“Paşinyan ziyanın öhdəliyini üzərinə götürdü” – Zəngəzurmu, milyardlarla dollarmı? 

“Əgər düşmən həmin maddi təzminatı ödəmək iqtidarında deyilsə, onda Zəngəzuru qaytarmalıdır”

“Qarabağda hansısa statusdan və muxtariyyətdən söhbət gedə bilməz”

“Xəritələr verilməyənədək hansısa məsələ ermənilərin xeyrinə həll edilə bilməz”


Sonuncu Qarabağ müharibəsinin xeyli vaxtdır bitməsinə rəğmən, diplomatik müstəvidəki “manevrlər” davam edir. Ermənistanda müxalif qüvvələrin “yağışdan sonrakı göbələk” kimi baş qaldırması hərbi əməliyyatların bərpa olunacağını istisna etmir.  Azərbaycan isə heç bir halda yeni qanların tökülməsinin tərəfdarı deyil.

Hətta “Dəmir yumruğ”umuzun daim havada olmasını hökumət səviyyəsində dəfələrlə elan etsək, belə. Maraqlı məqam ondan ibarətdir ki, düşmən əvvəlki cinayətlərinin cəzasını ödəmək barədə düşünmür. Görünür, vicdanları, ürəkləri ədalətdən məhrum olan xunta rejiminin rəhbərliyinin heç ilahi ədalətdən də xəbəri yoxdur. Ona görə onlara öz məsuliyyətlərini və öhdəliklərini xatırlatmaq məqsədilə Azərbaycanın  Fövqəladə və Səlahiyyətli Səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyevlə söhbətləşdik:

- Azərbaycanın tarixi qələbəsini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev televiziya kanallarına verdiyi müsahibələrin birində şanlı qələbəmizin bölgə və bütün dünya üçün böyük əhəmiyyət daşıdığını söyləmişdi. Bizim çəkdiyimiz əziyyətləri, məruz qaldığımız haqsızlıqları bütün dünya yaxşı bilir. “Ermənistanın Azərbaycan ərazilərini işğalı faktoru təkcə Azərbaycanda gərginlik yaratmırdı. Analoji vəziyyət Gürcüstanda da proqnozlaşdırılırdı”- Bu fikirlə razılaşmamaq olmur. Həqiqətən, Azərbaycan ərazisindəki ilk Qarabağ müharibəsindəki "uğurdan" “ilham alan” ermənilər Gürcüstana qarşı ərazi iddiaları qaldırdılar. 1992-93-cü illərdə Abxaziyada gürcülərin ən qanlı etnik təmizlənməsini məhz ermənilər  həyata keçirdi.  Nəticədə minlərlə mülki vətəndaş öldürüldü, yüz minlərləsi qaçqın düşdü. Onların çoxu hələ də evlərinə qayıda, atalarının məzarlarını ziyarət edə bilmirlər. Fikrimcə, Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti, əbədi ərazi iddiaları, nasizmə çevrilən erməni millətçiliyi region ölkələri üçün ciddi problemdir. Nəhayət, biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirdik. Nəticədə haqq-ədalət qismən də olsa bərpa edildi.

- Ermənilər “B variant” kimi Qarabağa muxtariyyət verilməsi iddiasına düşüblər. Bu barədə nə düşürsünüz?

- Təxminən 30 illik sülh danışıqları dövründə Azərbaycan Respublikası "Madrid prinsipləri"nə razılaşdı və onların tətbiq olunmasını ardıcıl olaraq müdafiə edirdi. Lakin erməni tərəfi əvvəlcə həmin sənədə məhəl qoymadı. Sonra tamamilə imtina etdi. İndi Ermənistan da bu prinsiplərin onlara bəxş etdiyi imkanları itirdi. Qarabağda hansısa statusdan və muxtariyyətdən söhbət gedə bilməz. Muxtariyyət işğalçı qoşunlarının geri çəkilməsi müqabilində Azərbaycanın verdiyi güzəşt idi. Düşmənlərin müqavimətinə baxmayaraq, əraziləri hərbi yolla işğaldan azad etmişiksə, hansı güzəştdən və muxtariyyətdən danışmaq olar?!

- Bəs vətəndaşlıq məsələsi necə həll edilməlidir?

- Qarabağ bölgəsinin rayonları dövlətimizin inzibati ərazi vahidləridir. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər  Qarabağda qala bilərlər. Biz onların təhlükəsizliyinə təminat veririk. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, digər milli azlıqlar kimi, ermənilər də bizimlə bərabər hüquqlara sahib ola bilərlər. Çünki dövlət başçısının dediyi kimi, biz erməni xalqı ilə yox, Ermənsitandakı xunta rejimi ilə müharibə aparırıq. Bu gün - işğal sona çatdıqda Qarabağ ermənilərinin vahid, normal, sabit və firavan bir ölkədə yaşamaq imkanları yarandı. İndiyədək isə belə şansları yox idi. Onu da deyim ki, Azərbaycan qanunvericiliyinə görə ölkə ərazisində ikili vətəndaşlıq tanınmır. Yəni Qarabağda yaşayamaq istəyən ermənilər mütləq öz digər vətəndaşlıqlarından çıxmalıdırlar. Əks halda torpaqlarımızda yaşamaq imkanları olmayacaq. Bu təcrübə etnik azlıqların öz daimi yaşayış yerlərini, yurisdiksiyasına mənsub olduqları ölkəni sərbəst seçmələrinə imkan verir. Sözügedən  yanaşma eyni zamanda millətlərarası münasibətlər sahəsindəki həddi aşmamağa, dövlətlərin suverenliyini gücləndirməyə və qonşu dövlətlərin daxili işlərinə müdaxilə imkanlarını məhdudlaşdırmağa imkan verəcək.

- Gündəmdə olan məsələlərdən biri də Zəngəzurun döyüşsüz Azərbaycana qaytarılmasıdır. Bu məsələ nə qədər realdır?

- Birinci Qarabağ müharibəsi və sonrakı dövrdə ərazilərimizin işğalı da daxil olmaqla Ermənistan-Azərbaycan münaqişəsinin 32 ili ərzində ölkəmizə böyük maddi ziyan dəyib. Həmin ziyanın qiyməti on milyardlarla ABŞ dollarıdır. Əlbəttə, məsuliyyəti işğalçı daşıyır. Bu məsələlər beynəlxalq hüquqla tənzimlənir. İkinci bir tərəfdən noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana dəymiş ziyana görə öhdəliyi öz üzərinə götürdü. Əgər düşmən həmin maddi təzminatı ödəmək iqtidarında deyilsə, onda əvvəlki vaxtlarda işğal etdiyi torpaqları, o cümlədən Zəngəzuru qaytarmalıdır. Ermənilərin törətdikləri cinayətləri, eləcə də, mülki əhalinin hədəf alınması, tarixi-memarlıq abidələrinin dağıdılması II dünya müharibəsində almanların etdiklərini xatırladır.

- Ermənilərin dinc əhalimizi hədəf almasının adekvat cavabı necə olmalıdır?

- Ermənilərin Gəncəni vurması təsadüfi deyildi. Onlar Azərbaycandan müvafiq cavab alacaqları təqdirdə KTMT-dən kömək istəmək niyyətində idilər. Amma bir məsələni unutmuşdular: KTMT yalnız özünümüdafiəyə şərait yaradır. O, heç bir ölkənin işğal siyasətini dəstəkləmir. Bu, qurumun ruhuna ziddir. Ermənistan 1990-cı ildə Cenevre Konvenziyasına qoşulsa da, hərbi cinayətlər törətməklə onun və beynəlxalq humanitar hüququn tələblərini dəfələrlə pozub. BMT, ATƏT və digər beynəlxalq təşkilatlar işğalçını sərt şəkildə qınamalı, sanksiyalar tətbiq etməlidir.

- Bilirsiniz ki, müharibənin bitməsinə rəğmən, hələ də şəhidlər veririk. Bu isə namərd ermənilərin ərazini minalaması ilə əlaqədardır. Problemi necə həll etməliyik?

- Torpaqların minalardan təmizlənməsi bu gün ən aktual məsələlərdəndir. Həmin ərazilərin xəritəsinin rəsmi Bakıya verilməməsi ermənilərin hələ də müharibə istədiklərinin göstəricisidir. Bəlkə də, məğlubiyyətin “dadı damaqlarında qalıb”. İndiki situasiyada onlar bizim vətəndaşlarımızı öldürmək üçün hər şey edirlər. Deməli, düşmənə hansısa güzəşt olmamalıdır. Xəritələr verilməyənədək hansısa məsələ ermənilərin xeyrinə həll edilə bilməz. Əslində bu məsələ təkcə Azərbaycan daxilində yox, beynəlxalq aləmdə gündəm mövzusuna çevrilməlidir. ATƏT-in Minsk Qrupu, həqiqətən, sülh və sabitlik istəyirsə, xəritələrin verilməsi üçün ermənilərə təzyiq etməli və bununla da öz xoş niyyətini göstərməlidir. Mövcud vəziyyət erməni faşizminin növbəti təzahürüdür. Nəzərinizə çatdırım ki, beynəlxalq sənədlərə əsasən belə silahlardan istifadə həm də müharibə cinayəti hesab olunur. Ermənistan qanunvericiliyinin Cinayət Məcəlləsinin “Sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlər” fəslində qadağan edilmiş döyüş vasitələrindən və silahlarından istifadə ilə bağlı xüsusi maddə var. Deməli, ermənilər anti-türk siyasətləri ilə həm də öz qanunlarına zidd davranırlar. Onların cinayət əməlləri cəzasız qalmamalıdır. Erməni xalqının faşizmin onların milli ideologiyası olmadığını sübut etməkdən ötrü hələ şansları var. Nə qədər ki, gec deyil bu şansdan yararlanmalıdırlar.  Ümumiyyətlə, rəsmi İrəvan Cənubi Qafqazda törətdiklərinə görə tezliklə cavab verəcək. Ermənilərə, eləcə də, onların rəsmi şəxslərinə ölkələrinin sərhədlərinin olduğunu başa salmaq çox çətindir. Çünki uşaqlıqdan “Böyük Ermənistan” ideologiyası ilə tərbiyə olunublar. Onlara “Hayastanın sərhədlərinin olmadığı” deyilib. Elə bilirlər ki, təkcə İrəvan deyil, Bakı, Kiyev, Moskva, Lvov...da onların paytaxtlarıdır. Əslində isə, doğrudan da, Ermənistanın sərhədləri yoxdur. Çünki “Ermənistan” adlı dövlət mövcud deyil. Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın bir müddət əvvəl Qarabağa səfəri birbaşa revanşistlərin diktəsi idi. Onlar hələ də əraziyə nəzarət etdiklərini göstərmək və eyni zamanda bəyanatın şərtlərini pozmaq istəyirdilər. Rəsmi Bakı bu təxribatlara qarşı kəskin reaksiya göstərməyəcəyi təqdirdə, qanunsuz “səfərlər” təkrarlanacaq. Ermənistan rəsmilərinin hansınısa “person non qrata” elan etmək digərlərinə də dərs olacaq. 

- Ümumiyyətlə, rəsmi İrəvanın hazırkı ritorikasını necə dəyərləndirirsiniz?

- Ermənistanda olan bəzi qüvvələr ölkənin xarici siyasətini dəyişərək Rusiyanın təsir dairəsindən çıxmağa çalışır. Və Azərbaycanın döyüş getməyən bölgələrinə Rusiya istehsallı raketlər ataraq, Rusiya mətbuatında təxribat xarakterli məlumatlar yayaraq bu ölkə ilə münasibətlərimizi korlamaq istəyir. Lakin bunu bacarmayacaq.