Yaşar Nurinin həyat yoldaşı:“Deməyə sözüm də, haqqım da var”

“Hələ ki, mənə nə cavab gəlib, nə də əlaqə saxlayıblar”  


Bir müddət öncə mərhum sənətkar, xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva mətbuata açıqlamasında diqqətsizlikdən gileylənib. Onlara Mədəniyyət Nazirliyinin qayğı göstərmədiyini söyləyib. Rəhimə xanım 2012-ci ildən bu günə sözügedən qurumdan Y.Nurinin ailəsinə zəng edilmədiyini xüsusi vurğulayıb.

Mədəniyyət naziri Anar Kərimov isə yaxın günlərdə sənətkarın ömür-gün yoldaşının şikayətinə baxılacağını, məsələ ilə maraqlanacağını bildirib.

“Sherg.az” da R.Nuriyeva ilə əlaqə saxlayıb. O, nazirin açıqlamasından xəbərdar olmadığını deyib: 

“Dəfələrlə çıxış etmişəm, sözümü demişəm. Dünəndən bəri nazirliyə zəng edirəm. Martın 10-u milli teatr günü idi. Heç olmasa o zaman maraqlanardılar. Mən mənəvi əzab çəkmişəm, Yaşarın otağından aksesuarları oğurlanıb.

Ona görə zəng edərdilər, mənəvi dəstək göstərərdilər. Bu jestlər yoxdur. Kimdənsə çəkinmirəm, deməyə sözüm də, haqqım da var. Belə məsuliyyətsizlik olmaz.

Anar müəllim vəzifəyə yeni təyin olunub, onu tanımıram və qınamıram. Sadəcə elə məsələlər var ki, gündəmə gəlməlidir. 2012-dən bu günə nazirlik bizimlə maraqlanmır. 

Aidiyyəti orqanlara, qurumlara yazmışam, onlar da Mədəniyyət Nazirliyinə yönləndiriblər. Ordan isə cavab gəlməyib. 9 ildir ki, bir məsələyə belə  hə cavabı almamışam.

Çox maraqlıdır, bu işin sonu necə olacaq? Azərbaycan sənətinə töhfələr verən, “Şöhrət” ordenli insanın ailəsinə qayğı yoxdursa, digər aktyorların yaxınlarının vay halına...

Həyatda hər şeyi pul həll etmidir, mənəvi dəstək tamam başqadır. Xülasə, hələ ki, mənə nə cavab gəlib, nə də əlaqə saxlayıblar”.