Həyatın dəyişməz melodiyası...

Qaş düzəltdiyimiz yerdə vurub gözü çıxarırıq

Sanki qara bir əl ölkədə intiharları təbliğ edir

Bu kimi hadisələrin mediada işıqlandırılması da insanlara mənfi təsir edir


Son iki gündə medianın və sosial şəbəkələrin gündəminin əsas müzakirə mövzusu iki məktəblinin intihar etməsidir. Maraqlısı isə intihar edənlərin sinif yoldaşı olmasıdır. Bundan öncə isə 17 yaşlı Gülər Əliyevanın, 14 yaşlı Elina Hacıyevanın və 18 yaşlı Aynur Məmmədzadənin də özünə qəsdi gündəmə gəlmişdi. Çox təəssüf ki, bu hadisələrdə intihar yaşının cavanlaşması diqqəti cəlb edir. Ümumilikdə intihar qurbanlarının sayı müharibə və qətl nəticəsində həyatını itirənlərdən daha çoxdur.

Bu bir faktdır ki, dünyada hər 40 saniyədə bir insan intihar edir. Statistik məlumatlara görə, intihara cəhd edənlərin əksəriyyəti isə 15-34 yaş arasında olan gənclərdir. Təəssüflə qeyd etmək lazımdır ki, son statistikaya görə, pandemiya ilə əlaqədar olaraq intiharın artacağı da proqnozlaşdırılır. İntihar hadisələri barədə danışanda, xüsusilə sosial mediada daha çox sosial və maddi durum səbəb kimi göstərilir. Amma maddi və sosial təminatları ən üst səviyyədə olduğu Qərbi Avropa ölkələrinin intiharların sayına görə liderlik etdikləri də faktdır. Ölkəmizdə intiharların statistikası və bu sahədə aparılan mübarizə tədbirləri barədə rəsmi məlumatlar tapmaq asan deyil. Bəzi mütəxəssislər intihar hallarının artmasında medianın rolunu olduğunu bildirirlər. Onlar hesab edirlər ki, mediada ardıcıl olaraq intiharla bağlı xəbərlərin yayılması ona meyilliyi daha da artırır. Bu bir faktdır ki, son günlər ölkədə intihar hadisələri ardıcıl baş verməkdədir. Sual yaranır. Bu nə ilə əlaqədardır - daxili mənəviyyatın, dinə bağlılğın zəifliyi, yoxsa valideyn və cəmiyyətin tərbiyələndirməsinin zəifliyi ilə? Yoxsa elə mediada yayılan intihar xəbərləri ilə?

Mövzu ilə bağlı "Şərq"ə danışan “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri Lamiyə İsazadə bildirib ki, intiharın səbəblərini sadəcə sağlamlıqla əlaqələndirmək heç də doğru yanaşma deyil. O qeyd edib ki, ilkin səbəb kimi cəmiyyətdə yer alan sosial amilləri qeyd etmək olar:

"Unutmayaq ki, cəmiyyətdə insanları şəxsiyyət kimi formalaşdıran və özünə inamı artıran ən güclü amillərdən biri sosial faktlardır. Məhz bu səbəbdən də əgər fərd sosial mühitdə baş verən dəyişikliklərə uyğunlaşa bilmirsə, ailədən, cəmiyyətdən uzaqlaşıb, özünə qapanırsa, onda psixoloji sarsıntılar yaranır. Bəzi hallarda bu, intiharla nəticələnir. Həmçinin kompüter, mobil telefon, internetdən istifadə də gənclərimizin intihar etməsinə digər səbəb kimi göstərilə bilər. İnternetdə yeniyetmə və gənclər qeyri-real həyatda yaşayırlar. Onlar bəzi blogerlərin həyatını izləyir və özləri o cür yaşaya bilməyəndə bu onlara mənfi təsir edir, depressiyaya düşürlər. İnternetdə gənclərin psixologiyasına mənfi təsir göstərən yüzlərlə səhifələr var. Uşaqlarımızın internetdə nələri izlədiyinə, sosial şəbəkələrdə və real həyatda kimlərlə dostluq etdiyinə daim diqqət etməliyik. Fransız sosioloqu, Fransa sosiologiya məktəbinin banisi Emil Durkheym intiharı “sosial məcburiyyət” adlandırıb. İntiharın səbəbini problem olaraq şəxsin özündən çox onun yaşadığı ətraf mühitlə, cəmiyyətlə əlaqələndirib. Bu, həqiqətən belədir. Hər kəsin ətraf mühiti onun həyatına ciddi təsir göstərir. İstər mənfi, istərsə də müsbət. Ona görə də valideynlər övladlarının həyatına daim nəzarət etməlidir. Bu mövzuda valideynlərin üzərinə böyük məsuliyyət düşür". 

L.İsazadə əlavə edib ki, intihar hadisələrinin mediada işıqlandırılması yeniyetmə və gənclərimizə olduqca mənfi təsir edir:

"Bu kimi xəbərlər sanki intiharı təbliğ edir. Ona görə də təklif edirəm ki, milli mediamızda intihar hadisələri yayımlanmasın. Sadəcə ildə bir dəfə mediada il ərzində ölkəmizdə baş verən intihar statistikası açıqlansın. Hesab edirəm ki, intihar probleminin sosial səbəblərinin araşdırılması, bu hadisələrin qarşısının alınması üzrə irimiqyaslı proqramların hazırlanması daha məqsədəuyğundur. Bu mövzuda gənclərlə, eləcə də onların valideynləri ilə maarifləndirici tədbirlərin təşkili olduqca mühümdür. Müasir dünyada insan həyatının bütün dəyərlər sistemində ən önəmli yer tutması xarakterikdir. Buna görə də intihar və intihara cəhd halları qeyri-təbii ölüm kimi, sağlamlığa qəsd kimi mənəvi-neqativ addım olaraq cəmiyyəti onunla aktiv mübarizəyə qaldırmalıdır. Bir sözlə, “sağlam düşüncəli cəmiyyət”in formalaşdırılması və inkişaf etdirilməsi ön plana çəkilməlidir".
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə "Şərq"ə açıqlamasında bildirib ki, intihar xəbərlərin daha çox verilməsi, eyni zamanda yayılması reklam xarakteri daşıyır. Yəni bunu sanki reklam etmiş oluruq: "Bu məsələyə mediada olduqca həssas yanaşmaq lazımdır. Ən pisi odur ki, bizim mediada bu cür hadisələri açıqlığı və təfərrüatı ilə verirlər. Yəni kim harda, necə, nə üçün və s. Yəni bütün bunlar dəqiq araşdırılmayan məsələlərdir. Buna görə də, belə məsələlərdə çox diqqətli olmaq vacibdir. Ona görə ki, bu hamıda ümumi bir vəziyyət deyil. Hər bir kəsin fərdi məsələsidir. Media işçiləri anlamalıdırlar ki, hər bir kəsin ayrı psixoloji durumu mövcuddur".

Y.Məmmədli qeyd edib ki, dünyada ən çox intihar hadisələri inkişaf etmiş ölkələr baş verir:

"Skandinaviya ölkələri indi ən çox gənclərin intihar etdiyi ölkələrdir. İntiharları onunla əsaslandırırlar ki, günəş il ərzində orada az olur. Ona görə də günəş olmayan yerlərdə insanlarda özünə qapılma hissləri baş verir. Bu, intihar səbəblərindən biridir. Təbii ki, bu da tam dəqiq təsdiqlənmiş məlumat deyil. Bizdə cinayət və intihar barədə informasiyalar həddən artıq açıq formada verilir. Bir məsələyə diqqət çəkmək istəyirəm. Bu yaxınlarda medialarımız qazilərimizin intihar etməsi ilə bağlı faktları geniş formada yayımladılar. Təbii ki, bunun yayımlanması heç doğru deyildi. Nəyə görə? Birincisi, belə şəxslərin intiharındansa, qazilərimizin səhhətini, durumunu, psixoloji vəziyyətini daha çox qabartmalıyıq. Bu məsələlərin üzərinə getməliyik. Bunların hamısı da fərdi məsələlərdir. Biz bəzən bunu qaldırıb o həddə çatdırırıq ki, o, ümumi bir məsələ kimi gedir. Belə məsələlərə də həssas yanaşmaq lazımdır.  Bu o demək deyil ki, biz həmin hadisələri gizlədirik, əslində gizlətmirik. Sadəcə mediada daha çox pozitiv məsələ vermək lazımdır. Bu həm də günümüzün tələbidir. Bildiyimiz kimi, bir ilə yaxındır ki, dünya pandemiya təzyiqi, basqısı, əsarəti altındadır. Pandemiya istər-istəməz insanlarda gərginlik yaradıb. İnsanların üzərində basqı olduğuna görə onlarda gərginlik var. Hər kəs də bunu hiss edir. Bu, ellə gələn bir bəladır. Bunu təbii fəlakət kimi qəbul etmək lazımdır. Bu zaman necə davranırlar? İnsanlar daha çox bir-birinə kömək eləməlidir. Hər bir kəsin bu məsələdə fərdi dözüm məsələsi var. Bəzi adamlar dözə bilmirlər. Onlara sayqı ilə yanaşmaq lazımdır. Mənə elə gəlir ki, bu daha doğrudur. Yaxşı olar ki, mediamız həmin hadisələri araşdırsın. Hər hansı bir durumu ictimailəşdirməklə müvafiq qurum qarşısında məsələ qaldırıb insanlara kömək edə bilərik. Biz medianın üzərinə düşən də elə budur".