Ordumuz daim hazırlıq vəziyyətində olmalıdır

Təlimlər qonşu ölkələrə qüdrətimizi unutdurmayacaq

"Sülh şəraitində Silahlı Qüvvələrimizi elə həddə çatdırmalıyıq ki, bundan sonra heç kim bir qarış torpağımıza göz dikməyə cəsarət etməsin"

Martın 15-dən 18-dək Azərbaycan Silahlı Qüvvələrinin növbəti genişmiqyaslı hərbi təlimləri keçiriləcək. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi, raket və artilleriya qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşmasına yönəldiləcək.

Təlimlərdə qoşunlar terrorçu dəstələr, qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları da icra edəcək. Heç şübhəsiz, genişmiqyaslı təlimlər Ermənistandan səslənən revanşist çağırışlara da ciddi mesaj olacaq. Xatırladaq ki, bu, Azərbaycan Ordusunun 44 günlük müharibədən sonra keçirdiyi ilk irimiqyaslı hərbi təlimlərdir.

Görünən odur ki, şanlı Zəfərdən cəmi bir neçə ay keçməsinə baxmayaraq, Azərbaycan Ordusu döyüş qabiliyyətini daha da gücləndirməkdə, təkmilləşdirməkdədir. Bu da Azərbaycan Ordusunun daha da gücləndirilməsi, müasir silahlarla təchizatının davam etdirilməsi barədə Ali Baş Komandanın elan etdiyi hərbi-siyasi vəzifəyə uyğundur. Məlumatda göstərildiyi kimi, təlimlərin bir hissəsi dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək. İstisna deyil ki, poliqon qismində həm də işğaldan azad edilmiş ərazilərimiz seçilib.

Təlimlərdə qarşıya qoyulan vəzifələr də yeni və mühümdür. Ordumuzun müharibədən əvvəl vaxtaşırı olaraq keçirdiyi irimiqyaslı hərbi təlimlərdə qarşıya qoyulan döyüş tapşırıqları hücum əməliyyatları üzərində qurulmuşdu. İndi senari dəyişib və Ordumuzun qarşısında dayanan başlıca vəzifə bölgədə müharibənin nəticələrindən sonra yaranmış status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Ermənistanda və Qarabağda revanşist qüvvələrin olduğu bəllidir. Yaxın zamanda qanunsuz birləşmələrin dinc yolla tərksilah edilməsi baş verməzsə, onların güc yolu ilə tərksilahı qaçılmaz olacaq. 

Təlimləri “Şərq”ə dəyərləndirən ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hazırlığına xüsusi önəm verir. Hərbi ekspertin sözlərinə görə, ordumuzun arsenalında olan demək olar ki, bütün silah-sursat müasir standartlara uyğun, ən yeni texnikalardır:

“Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin istifadə etdiyi modern hərbi vasitələrdən istifadə edir. Zabit və əsgərlər yeni texnikaları tətbiq etməyi öyrənməli, hərbi bilgilərə yiyələnməli, döyüş taktikalarını dərindən mənimsəməlidir.

Hərbi təlimlər real döyüşlər qədər əhəmiyyətlidir. Çünki ordu təlimlərlə güclənir, təkmilləşir və peşəkarlaşır.

Xüsusən, hərbi təlimlərin dağlıq və meşəlik relyefdə keçirilməsi olduqca önəmlidir. Regiondakı durum hamıya bəllidir. Hər an Qarabağın məlum bölgəsində erməni təxribatı, terrorçu qrupların qanunsuz fəaliyyəti ilə rastlaşa bilərik.

Ona görə də silahlı qüvvələrimiz daim hazırlıqlı vəziyyətdə olmalı, ayıq-sayıqlıqlarını itirməməlidir. Torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda duran ən böyük vəzifə ərazilərimizi düşməndən qorumaq və istənilən təcavüz cəhdinə ən sərt şəkildə cavab verməkdir”. 

C.Xəlilov hesab edir ki, təlimlər ordunun döyüş gücünün artırılması ilə yanaşı, zabit və əsgər heyətinin psixoloji-mənəvi durumunun, savaş ruhunun yüksəldilməsinə də xidmət edir:

“Hərbçilər çətin döyüş tapşırıqlarını icra etməklə mübarizə ruhları daha da artır. Ən əsası isə düşmənlərimiz və onların havadarları Azərbaycan Ordusunun gücünü hər zaman hiss edirlər. Təlimlər qonşu ölkələrə hərbi qüdrətimizi unutdurmayacaq. Sülh şəraitində Silahlı Qüvvələrimizi elə həddə çatdırmalıyıq ki, bundan sonra heç kim bir qarış torpağımıza göz dikməyə cəsarət etməsin”.