Ermənistanda vəziyyət qəlizləşir: “1999-cu il terroru təkrarlana bilər” 

Məlum olduğu kimi, Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad edilib. Çünki Ermənistan Prezidenti Armen Sarkisyan müəyyən edilmiş vaxt ərzində nə onun qovulması barədə fərman imzalayıb, nə də Konstitusiya Məhkəməsinə şikayət edib. Bu barədə TASS Ermənistanın Baş naziri Nikol Paşinyana istinadən məlumat yayıb.

“Prezident Armen Sarkisyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifədən azad edilməsi haqqında fərman layihəsini imzalamaması, həm də eyni zamanda layihəyə Konstitusiya Məhkəməsində etiraz etməməsi faktını əsas götürərək 10 martdan etibarən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad edilir”, - deyə Ermənistan hökumətinin mətbuat xidməti N.Paşinyana istinadən xəbər yayıb.
 Bu isə onu göstərir ki, daxili qarşıdurma getdikcə artır. Paşinyanla Sarkisyan sanki kəndir imiş  dövlət idarəçiliyini hərəsi bir tərəfə çəkirlər. Beləliklə, əslində bilə-bilə, göz görə-görə dövlətlərinin sonunu gətirirlər.


 
BDU-nun professoru, politoloq Əlimusa İbrahimov Ermənistandakı vəziyyəti “Sherg.az”a şərh etdi: 

“Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefasına nail olsa da, müxalifət mübarizədən və hərbi çevriliş cəhdindən belə tezliklə əl çəkməyəcək. Bəli, Onik Qasparyan rəsmi olaraq tutduğu vəzifəni tətk etdi. Onun vəzifədən azad edilməsi haqqında əmr verildiyi vaxtdan iki həftə sonra olsa da, qüvvəyə mindi. Nikol Paşinyanın növbəti əmri ilə Artak Davtyan artıq Ermənistan silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisidir. Müxalifət isə qərarın qeyri-qanuni olduğunu sübut etmək üçün fəaliyyətini davam etdirir.

Onik Qasparyanın müdafiəsinə qalxan və özlərini “Qarabağ hərbçiləri” adlandıran 124 nəfərin vəziyyəti isə olduqca çətinləşib. Onlar Azərbaycan əsgərlərinə tabe olub əsir düşmək, yaxud İrəvana gedib Paşinyanın göstərişi ilə həbsxanaya salınmaq arasında seçim etməlidirlər.

Təbii ki, həbsxana təkcə onların deyil, Paşinyana qarşı müxalifətlə birləşən bütün hərbçilərin gələcək məkanıdır. Zənnimcə, general paqonları və Rusiya xüsusi xidmət orqanlarına işləmələri onları Paşinyanın “caynağından” qurtarmayacaq. İkinci bir tərəfdən, silahlı qüvvələrdə baş nazirin etibar etdiyi səriştəli kadrlar tükənməkdədir. Bunu 2020-ci ilədək Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi olmuş və karantin zamanı oğluna dəbdəbəli toy etdiyinə görə istefaya göndərilmiş Davtyanın geri qatarılması isbat edir.

Amma hələlik Paşinyan vəziyyəti gərginləşdirmmək deyil, sabitləşdirmək yolunu tutub. O, prezident Armen Sarkisyanla birlikdə bu istiqamətdə hərəkət edir. Baş qərargahda çıxışı zamanı hərbçilərə müraciəti dediyimiz fikrin əyani sübutudr: “Onik Qasparyan qanuna uyğun olaraq silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsindən azad edilib. Ermənistan qarşısında xidmətlərinə görə cənab Qasparyana təşəkkür edirəm... Burada oturanların hamısından xahiş edirəm, Ermənistan naminə fəaliyyətlərini davam etdirsinlər.””

 Politoloq daxildəki durumun bundan sonra daha da qəlizləşəcəyi qənaətindədir: 

“Yeni baş qərargah rəisinin vəzifəsinin icrasına başlaması üçün hələ müəyyən qaydalara əməl olunmalıdır. Prezident üç gün müddətində baş nazirin sərəncamını imzalamalıdır. Əks təqdirdə sərəncam yenidən Nikol Paşinyana geri göndəriləcək və o, ikinci dəfə prezidentə müraciət edəcək. Bəlkə, nəzəri cəhətdən Armen Sarkisyan istəsə idi, Onik Qasparyanı vəzifəsində saxlaya bilərdi. Amma Paşinyanla qarşıdurmanı son həddədək çatdırmaqda maraqlı olmadığını gostərdi.

Ola bilsin, baş nazirin əlində olan və istifadə etməyə hazırlaşdığı məlumatlar  prezidentin onunla razılaşmasına təsir göstərdi. Ermənistan prezidenti bununla müxalifətin ona bəslədiyi ümidi itirdi. Bundan sonra İrəvan küçələrində səslənən şüarlar zamanı Armen Sarkisyanın da adı Paşinyanla birgə xain kimi çəkiləcək.

13 martda prezident Armen Sarkisyan “Ölkənin xilası hərəkatı” nın üzvləri və Ermənistan parlamentinin fraksiya liderləri ilə görüşmək istəyir. Görüş zamanı prezident ölkədə vəziyyəti sabitləşdirmək üçün ortaya atacağı təkliflər haqqında qabaqcadan fikir söyləmək çətindir. Amma müxalif qüvvələrin yeni yaranmış şəraitə uyğun mübarizə vasitələri haqqında düşündükləri artıq məlumdur.

Hərçənd, onların əllərindəki vasitələr son həddə qədər məhdudlaşdırılıb. İndi Ermənistanda 1999-cu il 27 oktyabrında parlamentdə baş verən   terrorun bu və ya digər formada təkrarlanması daha real görünür.

Xatırladım ki, həmin terror nəticəsində  Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs paytaxt  İrəvanda Ermənistan Milli Məclisinə silahlı basqın etmişdi. Nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir   Vazgen Sarkisyan və parlamentin spikeri  Karen Dəmirçiyan daxil olmaqla 8 nəfər öldürülmüşdü.

Sarkisyan və Dəmirçiyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qalib gəlmiş və praktiki olaraq prezident  Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı”.