YAP-a birləşən partiyanın sədri: “Görüşə çağıracaqlar, iş versələr...”

“Cənab Prezidentin ətrafında olub fəallıq göstərsək, bu, bizə yetər”

“Vəzifə düşkünü olsaydım, Azərbaycan Yurddaş Partiyası olaraq fəaliyyətimizi davam etdirərdik”


Martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar 7-ci qurultayını keçirdi. Cəmiyyət tərəfindən diqqətlə izlənən qurultayda bir çox maraqlı məqamlar baş verdi. Partiyanın Siyası Şurası buraxıldı. Yeni bir qurum-Veteranlar Şurası yaradıldı. Təşkilatdakı İcra Aparatı institutu ləğv olundu. Əvəzində Aparat rəhbərliyi yaradıldı. İdarə Heyəti üzvlərinin sayı 20-dən 40-a qədər artırıldı. Və yeni tərkib seçildi. Gözlənildiyi kimi, bir sıra funksionerlər partiyadakı yüksək statuslarını itirdi.

Qurultayda baş verən maraqlı məqamlardan biri də 6 siyasi partiyanın YAP-a birləşməsi idi. Həmin partiyalar içərisində Azərbaycan Yurddaş Partiyasının (AYP) da yer alır. 

AYP-nin sədri Gülayə Səfərova YAP-a qoşulmaqları barədə “Sherg.az”ın suallarını cavablayıb:

-AYP-nin hakim partiyaya birləşməsi hansı zərurətdən irəli gəldi?

-YAP-a qoşulmaqla bağlı qərarımız cəmiyyətdə müsbət qarşılanıb. Mərhum sədrimiz Mais Səfərli 2020-ci ilin dekabr ayında dünyasını dəyişdi. Bundan sonra fəaliyyətimizi dayandırmadıq. Çünki 2021-ci ilin mart ayında qurultayımız olmalı idi, həmin qurultaya hazırlıqlar gedirdi. Hələ müharibə ərəfəsində ölkəmizdəki birlik və həmrəyliklə bağlı çağırışlar oldu, bütün siyasi partiyalar fəaliyyətlərini dayandırıb, cənab Prezidentin rəhbərliyi altında birləşdilər. 44 günlük müharibə zamanı həmin birlik və həmrəyliyin “dadını” gördük. Qələbəmizi şərtləndirən əsas amillərdən biri milli birlik nümayiş etdirməyimiz oldu. YAP-a qoşulmaqda məqsədimizi bu həmrəyliyi davam etdirməkdir. Cənab Prezidentin “Biz birlikdə güclüyük!” şüarı var idi. Həmin şüara cavab olaraq YAP-ı seçdik. Çünki YAP Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır.

-Bundan sonra YAP-dakı fəaliyyətinizi hansı istiqamətlərdə qurmağı düşünürsüz?

- Müharibə sona çatıb, lakin bu o demək deyil ki, iş bununla bitir. Qarşıda böyük işlərimiz var. Qələbimizi möhkəmləndirib, genişləndirməliyik. Azad edilmiş torpaqlarımızda quruculuq işləri aparılmalıdır. Cənab Prezident YAP nümayənlərini də bu işdə fəal olmağa çağırıb. Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtması prosesində və sosial ədalətin gözlənilməsində, şəhid ailələrinə diqqət və qayğının göstərilməsində, gənc nəslin vətənpərvər və milli dəyərlər əsasında tərbiyə edilməsində fəal olmalıyıq.

-YAP-dakı vəzifəniz nə olacaq?

- Bu sualla çox qarşılaşıram desəm, yerinə düşər. Vəzifə düşkünü olsaydım, Azərbaycan Yurddaş Partiyası olaraq fəaliyyətimizi davam etdirərdik. Yəqin ki, növbəti zamanlarda bizi görüşə dəvət edəcəklər. YAP-da sıravi işdən tutmuş hansı işi versələr, bizim üçün heç bir fərqi yoxdur. Ölkəmizin rifahı üçün işlərin görülməsində cənab Prezidentin ətrafında olub fəallıq göstərsək, bu, bizə yetər.

-YAP-a qoşularkən AYP-nın neçə üzvü var idi?

-YAP-a birləşmək üçün nəzərdə tutulan üzv baryerini aşmışdıq. Yəni, hakim partiyaya qoşulmaq üçün yetərli üzvümüz var. Fəal üzvlərimizin sayı 5 mindir.

-Bəs, AYP üzvləri YAP-a birləşməyi necə qarşıladı?

-Əslində təkfli elə öz üzvlərimizdən gəlmişdi. Gənclər Təşkilatımız və bir sıra rayon təşkilatlarımız bu təklifi verdi. Qurultayda isə bunu səsləndirdik. Qurultay iştirakçı təklifi yekdillikdə qarşıladılar, hər kəsin ürəyincə oldu. Hər birimiz birlik və həmrəyliyin adıyıq. Bir yerdə olanda daha güclü oluruq. Buna görə də düzgün addım atdığımızı düşünürəm. Bununla siyasi həmrəylik və milli birlik modelinin əsasını qoymuş olduq. Fikrimcə, gələcəkdə belə birləşmələr yenə olacaq.