Dövlət orqanlarına kvota qoyulmayıb

Qazilərin işlə təmin olunması bir nömrəli məsələ olmalıdır

“Veteranların iş problemləri həll olunmalıdır” bu ifadələri tez-tez eşidirik. Amma çox təəssüf ki, veteranlarımızın işlə bağlı problemləri hələ də qalmaqdadır. Qeyd edək ki, məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib. Amma demək olar ki, qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqamətində ciddi dönüş yaratmaq üçün ilk növbədə ciddi işlər görülməlidir.

Çünki əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq. Ən əsas da onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Vətənimiz, torpaqlarımız uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi veteranlarının, əlillərinin işlə təminatı çox vacibdir. Günümüzün reallığıdır ki, bəzi özəl şirkətlər sağlamlığı məhdud olan qazilərimizi işə götürməkdə maraqlı deyillər. Bəs belə olan təqdirdə müharibədən çıxmış insanlar necə bir işlə təmin olunmalıdır? Ümumiyyətlə, onların işə götürülməsi ilə bağlı hansı zəruri tədbirlər görülməlidir?

Mövzu ətrafında fikirlərini "Şərq"ə bölüşən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, bütün dövrlərdə və müharibələrdə bu məsələyə xüsusi yanaşma olub. Müharibə veteranları ilk növbədə işlə təmin olunub, özü də mümkün qədər daha yaxşı işlərlə:

"Həm dövlət, həm də qeyri-dövlət idarə və müəssisələrində bu məsələyə ciddi yanaşılmalıdır. Əmək Nazirliyi buna nəzarət etməli, məşğulluq mərkəzləri müharibə iştirakçılarının boş vakansiyalara yerləşdirilməsi üçün tədbirlər görməlidir. DOST mərkəzləri də bu işə ciddi yanaşmalıdır".

E.Bayramlı əlavə edib ki, müharibə əlilləri əlillik dərəcələrinə və iş qabiliyyətlərinə uyğun işlə təmin olunmalıdırlar:

" "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının 25 avqust 1992-ci il tarixli 284 nömrəli Qanununda qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında əlil kvotası qoyulub. Belə ki, hər bir müəssisə öz işçilərinin müəyyən fazini əlillərdən götürməlidir. 25 nəfər və daha artıq işçisi olan idarə, müəssisə və təşkilatlarda işçi sayından asılı olaraq 3-5 faiz aralığında əlillər işə götürülməlidir.

Yəni, 25 nəfər işçisi olan şirkət azı 1 nəfər əlili işlə təmin etməlidir.  Burada müharibə əlillərinə daha çox üstünlük verilməlidir. Amma təəssüf ki, qanunla bu kvota dövlət orqanlarına aid edilməyib. Bu çox səhv addımdır. Dövlət orqanlarında milyondan artıq işçi çalışır, onlara niyə kvota tətbiq edilmir mənə aydın deyil. Onsuz da xüsusi şirkətlər əlilləri işə götürməkdə maraqlı deyillər, amma dövlət orqanları maraqlı olmalıdırlar".

E.Bayramlı vurğulayıb ki, qanunla yanaşı, burada vicdan məsələsi də önəmlidir:

"Ölkəmiz və xalqımız uğrunda döyüşüb sağlamlığını qurban vermiş, əlil olmuş insanların işlə təmin edilməsi bizim mənəvi borcumuz olmalıdır. Necə ki, onlar vətən və xalq qarşısında öz borclarını yerinə yetirdilər, biz də onlar qarşısında bu borcu yerinə yetirməliyik.

Hesab edirəm ki, müvafiq dövlət orqanları bu məsələ ilə ciddi məşğul olmalıdırlar".