Dünyada əkiz doğulan uşaqların sayı kəskin artır



Dünyada əkiz uşaqların sayında kəskin artım müşahidə edilməkdədir.

"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədqiqatçılar 165 ölkədən 2010-2015-ci illər arasında əkiz doğuş sayı haqqında məlumatlar toplayıblar. Əldə edilmiş məlumatlar  1980-1985-ci illər arasındakı nisbətlərlə müqayisə edilib. Araşdırmaya görə, dünyada indi əvvəllər olduğundan daha çox əkizlər dünyaya gəlir. Yəni hazırda dünyada  1000 doğuşda əkiz uşaqların doğum sayı  9-dan 12-yə yüksəlib. Ən yüksək göstərici isə Avropa və Şimali Amerikada görülməkdədir.

Qeyd edək ki, dünyada hər il təxminən 1,6 milyon əkiz uşaq dünyaya gəlir. Bu o deməkdir ki, 42 uşaqdan biri əkiz olaraq dünyaya göz açır. Süni mayalanma kimi tibbi üsullar da 1980-ci illərdən bəri əkiz doğuş nisbətini üç dəfəyədək  artırıb. Əkiz doğuşların sayının çox olması demək olar ki, dünyanın bütün bölgələrində müşahidə olunmaqdadır. Mütəxəssislər Afrikada əkiz doğum sayının həmişə yüksək olduğunu qeyd edirlər. Hesab edirlər ki,  son 30 ildə də bu göstərici dəyişməyib. Hazırda Afrika və Asiya dünyadakı bütün əkiz doğuşların sayına görə liderdir və  80 faiz təşkil edir. Oksford Universitetinin professoru Kristiyan Monden bunun səbəbini belə izah edir: “Afrikada əkiz doğuş nisbəti çox yüksəkdir, çünki burada cüt yumurta əkizlərinin sayı çoxdur. Bu, ehtimal ki, Afrika əhalisi ilə digər populyasiyalar arasındakı genetik fərqlərə görədir".

Məlumat üçün bildirək ki, Avropada, Şimali Amerikada və Okean ölkələrində də əkiz doğum sayı artmaqdadır. Buna ilk növbədə tibbi yardımla çoxalma - ekstrakorporal mayalanma, intrasitoplazmatik sperma inyeksiyası, süni mayalanma, yumurtalıq hamiləliyi. Bunlar təbii ki,  1970-ci illərdən bəri əsas hərəkətverici qüvvə olub. Tədqiqatçılar daha yaşlı hamiləliyin artdığını, doğuşa nəzarətin mütəmadi olmasının saya təsir etdiyini qeyd ediblər.
Ancaq professor Monden tək hamiləliklərin daha az riskli olduğunu söyləyir: "Əkiz doğuşlar zamanı körpələr və analar arasında ölüm riski daha yüksəkdir. Belə hallarda bəzən hər ikisində həm doğuş zamanı, həm də sonrasında bir çox fəsadlar olur. Yaxud da ki,  vaxtından əvvəl doğulurlar, daha az çəkili olurlar". 

Aparılmış araşdırmaya görə, aşağı və orta gəlirli ölkələrdə əkizlərin yaşamaq ehtimalı varlı ölkələrə nisbətən daha azdır. Xüsusilə Afrikanın Sahara bölgəsində əkizlərdən biri çox zaman həyatlarının ilk ilində ölür. Bu isə hər il 200 mindən çox körpə deməkdir. Tədqiqatçılar gələcəkdə Hindistan və Çində də əkiz doğum sayının artacağını proqnozlaşdırırlar. Gələcəkdə süni mayalanma da  əkiz sayına təsir edəcək.