Hər il ekoloji fəlakətlər baş verəcək

"Gələcəkdə yaz və payız fəsli mövcud olmayacaq"

Mart ayı olmasına baxmayaraq, havanın temperaturu həddən çox aşağıdır. Bir neçə müddətdir ki, yağışlı qarlı hava müşahidə olunur. Qonşu ölkə Türkiyədə də bu iqlim dəyişikliyi hökm sürür. Hava şəraiti ilə bağlı meteoroloq, professor Orxan Şən açıqlama verib. Onun sözlərinə görə, artıq yaz fəsli 1 ay olacaq. 

Məsələ ilə əlaqədar "Altay" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq"ə danışıb:

"Belə bir proses ilk dəfə deyil. Bu, çoxdan başlayıb və hazırda da davam etməkdədir. 1853-cü ildə olan hadisə ilə indi yaşadığımız dəyişiklik eyni deyil. Burada davamlı xarakter alan iqlim dəyişməsindən söhbət gedir.

Artıq isti ölkələrə qar yağır, soyuq hava şəraiti olan yerlərdə isə insanlar istinin dərəcəsindən dünyasını dəyişir. Əksər dövlətlərin hidrometeoroloji departamentləri insanları aldadır ki, hər şey iqlim normasındadır. Əslində isə bu, tamamilə səhvdir. Çünki biz özümüz bunu müşahidə edirik. Uşaqlıqdan bilirik ki, qış və yay necə keçir.

Lakin son 5-10 il ərzində iqlim dəyişikliyi olduqca şiddətlənib. İnsanları aldatmaq doğru deyil. Dünyada çox təhlükəli proseslər gedir. Bununla bağlı hətta BMT-nin ekoloq qruplarının hesabatları da var. Açıq şəkildə deyilir ki, qarşıdan quraqlıq gəlir. Ümumiyyətlə, gələcəkdə yaz və payız fəsli mövcud olmayacaq. Ona görə ki, qlobal istiləşmə və qlobal soyuqlaşma paralel gedir. Növbəti illərdə ilin bir yarısı qış, digər yarısı isə yay olacaq.

Dünya ölkələrində fasiləsiz olaraq hər il dayanmadan ekoloji fəlakətlər baş verəcək.

Artıq qlobal istiləşmə 3 faizə qədər qalxıb. Bu yaxınlarda bir sıra ölkələr yığışıb müzakirə etdilər ki, istiləşməni müəyyən qədər azaltsınlar. Lakin bunun qarşısını almaq qeyri-mümkündür. Bir neçə gün bundan əvvəl Antarktidada nəhəng buz parçası qoparaq ayrılıb, Artikada da eyni proses gedir. Antarktidada ümumən 1.5 dərəcə temperatur artıb. Bu, dünyada rekorddur. Tarixdə belə bir hadisə olmayıb. Sadalanan əlamətlər göstərir ki, gözümüzün önündə dünyamız dağılır. Təəssüflər olsun ki, bu vəziyyətdən çıxış yolları artıq yoxdur. Dünyanın ən məşhur alimləri belə artıq bunu etiraf edir".