Vətənpərvərlik tərbiyəsi haqqında qanun hazırlanır


Azərbaycanda Vətənpərvərlik tərbiyəsi haqqında yeni qanun layihəsi hazırlanır. Milli Məclisin Elm və təhsil komitəsinin martın 15-də keçiriləcək iclasında bu barədə məsələ müzakirə ediləcək. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı mövzu ilə bağlı "Şərq"ə açıqlamasında bildirib ki, qanun layihəsində hərbi vətənpərvərlik tərbiyəsinə daha çox yer verilməlidir:

"Hesab edirəm ki, bu çox gözəl təşəbbüsdür. İndiyə kimi həmin məsələ ilə bağlı qanunun olmaması əslində nöqsandır. Həmin sahədə kifayət qədər işlər görülür. Düşünürəm ki, bunun qanuni bazası olacaqsa daha yaxşıdır. Qanun layihəsində bütövlükdə vətənpərvərlik tərbiyəsinə diqqət yetirilməlidir. Bununla bağlı müəyyən institutların da yaranmasına ehtiyac var. Bağçadan başlayaraq, orta və ali təhsil müəssisələrində bu məsələyə ayrıca və xüsusi diqqət yetirilməlidir. Həmçinin hərbi vətənpərvərlik tərbiyəsinə də yer verilməlidir. Biz başqa ölkələrin təcrübəsində görmüşük ki, bir çox hərbi mərkəzlər yaradılır və ora gənclər cəlb olunur. Qanunda buna nəzər yetirilsə daha yaxşı olar".