Əmək Məcəlləsinə edilən dəyişiklik problemlərin qarşısını alacaqmı? - Fikirlər haçalandı

Müşfiq Ələsgərli: "...KİV-lərdə və QHT-lərdə işçini mülki-hüquqi müqavilə ilə çalışdırmaq praktikasına da son qoyulacaq"

Sahib Məmmədov: "Ola bilsin, sadəcə vəziyyəti bir qədər yaxşılaşdırsın, amma problemin qarşısını almağa gücü çatmayacaq"


Əmək Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasının ikinci oxunuşunda qəbul olunub. Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır. Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu, həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminati məsələlərinə mənfi təsir göstərir.

Qanunvericilik təşəbbüsü işçilərin əmək hüquqlarının möhkəmləndirilməsinə, onların istirahət, məzuniyyət, sosial təminat, habelə gələcəkdə pensiya təminati məsələlərinin müsbət həll edilməsinə yönəlib. Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma və əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədardır. Məcəllənin 7-ci maddəsində nəzərdə tutulan əlavəyə görə, tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.  

Bir sıra ekspertlərin sözlərinə görə, dəyişikliklər qüvvəyə mindikdən sonra KİV-lərdə və QHT-lərdə işçini mülki-hüquqi müqavilə ilə çalışdırmaq praktikasına da son qoyulacaq.

Çünki mülki-hüquqi müqavilə hamımızın xidmət müqaviləsi kimi tanıdığımız razılaşma formasıdır. İndiyədək demək olar ki, bütün qəzet və saytlarda, eyni zamanda QHT-lərdə çox az işçinin rəsmiləşdirilməsi əmək müqaviləsi vasitəsilə reallaşdırılırdı. Belə qurumlarda çalışan işçilər rəhbərliyin tövsiyəsi ilə özlərinə VÖEN açaraq əmək haqqı deyil, xidmət haqqı alırlar. 

Mövcud qanunla bağlı tənzimlənməni “Şərq”ə dəyərləndirən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, bu məsələ Əmək Məcəlləsində öz əksini tapıb. Məcəllədə göstərilib ki, daimi fəaliyyət göstərən müəssisədə daimi çalışan işçi ilə müddətli müqavilə bağlamaq olmaz. M.Ələsgərlinin sözlərinə görə, əgər müəssisə daimi fəaliyyətdirsə, işçilərlə müqavilələr də daimi olmalıdır:

“Əslində bu məqam işçinin xeyrinədir. Çünki xidməti müqavilə ilə çalışan işçilərin gələcəkdə fəaliyyətinə xitam verilməsi hallarında onların hüquqlarının müdafiəsində problemlər yaranır. Həmkarlar İttifaqı olaraq bu məsələni zaman-zaman qaldırırdıq və bəyan edirdik ki, Azərbaycan mediasında bu cür problemlər var. Əfsuslar olsun ki, daimi redaksiyalarda belə işçilərlə müddətli müqavilələr bağlanılır. Bu da sonda işçilərin hüquqlarının pozulması ilə nəticələnir. O baxımdan məsələyə konkretlik gətirilməsi yaxşı haldır. Xidməti müqavilə ancaq işçinin xidmətinin qarşılığını, hüququnu tanıyır. Amma onun işçi kimi hüquqlarını tanımır”. 

Media təmsilçisinin qənaətincə, dəyişiklik media qurumlarının özü üçün problem yaratmaycaq:

“Hazırda “Yeni Media qanunu” adlı başqa bir qanunvericilik layihəsi hazırlanır. Yaxın vaxtlarda parlamentə təqdim olunacaq. Qanunun ictimai müzakirələrində mən də iştirak etmişəm. Həmin qanunda yer alan xüsusi müddəaya görə, Azərbaycanda sərbəst çalışan jurnalistlərin hüquqları tanınmış olacaq. Qanun qəbul olunandan redaksiyalarda ştatdankənar çalışan müxbirlərlə əməkdaşlıq problemi aradan qalxacaq. Qanunla müəyyən olunacaq ki, sərbəst jurnalistlər də media nümayəndələri sayılır, amma konkret hansısa KİV-lə əməkdaşlıq etmirlər. Sadəcə öz məhsullarını müqavilə qarşılığında hansısa redaksiyaya satırlar. Belə olan təqdirdə redaksiyaların da problemi aradan qalxmış olacaq”. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə “Şərq”ə açıqlamasında Əmək Məcəlləsindəki növbəti dəyişikliyi uğursuz cəhd adlandırıb:

“Bir yerdə ki, işçi əmək müqaviləsi ilə işə cəlb olunmalıdır, yəni görülən iş, göstərilən xidmət muzdlu işin xarakterinə uyğundur, orada işçilərlə mülki-hüquqi müqavilələr bağlanılırdı. Dəyişiklikdə məqsəd bunun qarşısını almaqdır. Əslində bununla bağlı xeyli cəhdlər olub. Qanunvericiliyə, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edilib. Amma dəyişikliklər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəziyyətini ağırlaşdırmaqdan o yana keçməyib. Bu dəfə də ciddi nəticə gözləmirəm. Əslində mexanizmlər düzgün tapılsa, bu, olmalıdır. O yerdə ki, işçi müəssisənin daxili qaydalarına, Əmək Məcəlləsi və əmək qanunvericiliyinə uyğun işləyirsə, onunla mülki-hüquqi müqavilə bağlanmalı deyil. Belə halda həm işçi itirir, həm də dövlət büdcəsinə, sosial ödəmələrə mənfi təsir edir. Ancaq təklif olunan dəyişikliyin bu problemin qarşısını almağa gücü çatmayacaq. Ola bilsin, sadəcə vəziyyəti bir qədər yaxşılaşdırsın”. 

S.Məmmədov vurğulayıb ki, mülki-hüquqi müqavilələr Mülki Məcəllənin əsas institutlarından biridir və onu təxirə salmağa heç kimin ixtiyarı yoxdur:

“Əgər müqavilə əsasında sifariş tapşırığı, yaxud xidmət tapşırığı həyata keçirirəmsə, yoxlayıcı orqan bunu yoxlaya bilər. Araşdırarlar ki, doğrudan da burada mülki işçi çalışır, yoxsa sadəcə olaraq onları aldadırlar. Amma məhdudiyyətlərlə problemin qarşısını almaq çətin olacaq”. 
Ekspert KİV və QHT-lərlə bağlı da fikirlərini ifadə edib: “QHT bir layihə həyata keçirirsə, təbii ki, orada layihəyə rəhbərlik edən şəxsin əmək müqaviləsi olmalıdır. Amma tutaq ki, təlim keçməyə ekspert cəlb edirsə, yaxud hansısa sənədin hazırlanması üçün mütəxəssisə sifariş verirsə, bu halda əmək münasibətlərinin yaranmasına ehtiyac yoxdur. KİV-lərdə isə yanlış praktika var idi. Xüsusən, özəl televiziyalarda işçilərlə əmək müqaviləsi bağlanmırdı. Əvəzində mülki-hüquqi müqavilə bağlayırdılar və həmin adam illərlə telekanalda çalışırdı. Bu, problemdir. Ancaq televiziya hansısa proqram üçün ekspertə müraciət edirsə və ondan bir neçə verilişin təqdim olunmasını istəyirsə, belə əməkdaşla mülki-hüquqi müqavilə bağlana bilər. Çünki həmin işçi müəssisənin daimi ştatında olmur. Lakin bir işçinin illərlə faktiki muzdlu kimi çalışdırılması doğru deyil və bunun qarşısı alınmalıdır”.