Hər ABŞ vətəndaşı 1400 dollar ödəniş alacaq

Bayden cəmiyyəti barışığa, ümumi sabitliyə səsləyir

ABŞ Prezidenti Co Baydenin COVİD-19-a qarşı tələb olunan 1,9 trilyon dollarlıq iqtisadi dəstək paketi Senat tərəfindən qəbul edilib. Qanun layihəsinin qəbul edilməsi 11 saat 50 dəqiqə vaxt aparıb ki, bu da Amerika Senatında rekord göstərici olub. “Amerika qurtuluş planı” adlanan sənədin imzalanma mərasimi ölkənin xəbər kanalları tərəfindən Ağ Evdən yayımlanıb. Qeyd edək ki, iqtisadi dəstək paketinə əsasən, şəxsi təsərrüfatlara 1 trilyon dollar birbaşa ödəmələr nəzərdə tutulur. 415 milyard dollar koronavirusla mübarizəyə və peyvəndlənməyə, 440 milyard dollar isə kiçik şirkətlərə və sosial təşkilatlara ayrılacaq. 

Baydenin daxili iqtisadi həmləsini “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bunun hökumət tərəfindən qəbul olunan ikinci böyük paket olduğunu deyib. Budəfəki paketə görə, hər ABŞ vətəndaşına 1400 dollar birdəfəlik ödəniş nəzərdə tutulub:

“Bu yardım ölkə əhalisinə koronavirusun vurduğu ziyanın ortadan qaldırılması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılmış addımdır.

Siyasi ayağı isə ondan ibarətdir ki, prezident ona qarşı olan vətəndaşları bir növ qazanmağa cəhd göstərir. Məlumdur ki, seçki dönəmində Amerika cəmiyyəti iki cəbhəyə bölünmüşdü.

Tramp tərəfdarları ilə Co Bayden tərəfdarları arasında qarşıdurma hökm sürürdü. Bayden bu qərarı ilə cəmiyyəti barışığa, ümumi sabitliyə səsləyir.

Hər bir amerikalıya maddi yardım ayrılması məhz buna hesablanıb. Həftə sonundan bu ödəmələrə başlanılacaq. Ancaq bu, o demək deyil ki, Bayden xarici siyasətə az diqqət ayıracaq və bütün fəaliyyətini daxili siyasətə, iqtisadiyyata həsr edəcək. Addımlar paralel atılacaq. Xarici siyasətdə də müəyyən gedişlər edilir.

İrimiqyaslı iqtisadi paketin isə məqsədi əhalinin maddi vəziyyətini yaxşılaşdırmaq və biznes qurumlarının fəaliyyətinə dəstək olmaqdır”.