Buzlar əriyir

Misir-Türkiyə münasibətləri normallaşmağa başlayıb



Misirdə Əbdülfəttah əs-Sisinin 2013-cü ildə qiyamla hakimiyyətə gəlişindən sonra gərginləşən Misir-Türkiyə münasibətləri normallaşmağa başlayıb. Ankara Aralıq dənizinin şərqindəki anlaşılmazlıqla bağlı Qahirə ilə razılaşmanın ola biləcəyi mesajını verib. İddialara görə, Sisi Misir mediasına Türkiyə əleyhinə yayımların dayandırılması təlimatını verib.
“Şərq” qəzeti Türkiyənin “milliyet.com.tr” saytına istinadən xəbər verir ki, Aralıq dənizinin şərqində gərginlik ortaya çıxdıqdan sonra Misir Yunanıstan və Cənubi Kiprin yanında yer alıb. 

Üstəgəl, Türkiyənin Liviya siyasətinə qarşı çıxıb. Ancaq bu gərginliyə baxmayaraq, Türkiyə-Misir münasibətlərində normallaşma zərurəti yaranıb. İndi Aralıq dənizinin şərqində yeni balans formalaşır. Bölgənin qarşıdakı dönəmdə önəmli dəhliz olma ehtimalı var. Bu baxımdan, Misirin həm strateji, həm iqtisadi, həm də siyasi əhəmiyyəti artır. Türkiyə və Misir Aralıq dənizinin iki önəmli ölkəsidir. Hər iki ölkənin bir-birinə ehtiyacı var. 

Yaranmış vəziyyətlə bağlı danışan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Misirlə diplomatik təmaslara başlanılıb. Çavuşoğlu əlavə edib ki, təmaslar zamanı Misir hər hansı bir ön şərt irəli sürməyib:

“Bizim tərəfimizdən hər hansı şərt qoyulmayıb. Amma illərcə bağlar qopub, heç nə olmamış kimi davranmaq mümkün deyil. Müzakirələr nəticəsində “Yol xəritəsi” hazırlanacaq və mövzular tədricən ortaya gətiriləcək. Arada bir etimad məsələsi var. Misirlə həm kəşfiyyat sahəsində, həm də xarici işlər nazirləri çərçivəsində təmaslar qurulacaq”. 

Çavuşoğlu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ilə də əlaqələrin qaydaya salınmaması üçün səbəb olmadığını deyib:

“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi təsirli addım atarsa, biz də buna uyğun davranacağıq. Bizim dərdimiz kiminləsə mübahisə etmək deyil”. Türkiyənin baş diplomatı xatırladıb ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi Qətərlə yeni mərhələyə daxil olub: “Bunun Türkiyə ilə də olması neqativ atmosferin dağılmasına, önümüzdəki günlərdə nəticəli olmasına fayda verə bilər.

Son zamanlar Abu-Dabidən məntiqli mesajlar gəlir. Türkiyəyə qarşı əsassız kampaniyaların azaldığını müşahidə edirik. Bizim onlarla heç bir problemimiz yoxdur, amma onların bizə qarşı əsassız yanaşmaları var. Lakin indiki halda onların hərəkətlərini daha isti görürük”.

Xatırladaq ki, Türkiyə uzun müddətdir Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliyi ilə münasibətlərdə gərginlik yaşayır. İndiki halda Ankaranın Qahirə ilə diplomatik təmaslara başlaması, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ilə münasibətlərin qaydaya salınmasında problemlərin olmadığını elan etməsi ciddi irəliləyiş sayıla bilər.

Əgər bu ölkələrlə Ankaranın əlaqələri normallaşarsa, bu, Türkiyənin Suriyadakı mövqelərini gücləndirməklə yanaşı Şərqi Aralıq dənizində Yunanıstanın əl-qolunu müəyyən qədər bağlayacaq.