Keçmiş məcburi köçkünlər sorğuya cəlb olunub

Qarabağa dönəcək insanların rəy və təklifləri öyrənilir

Qayıdışın səmərəli təşkili bu bilgilərdən çox asılı olacaq


Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun rəşadəti sayəsində dövlət və xalq qarşısında ən vacib məsələ həll edildi - torpaqlarımız işğaldan azad olundu. Bunun məntiqi davamı olaraq  hazırda qayıdış mərhələsindəyik. İşğaldan azad edilmiş torpaqlara qayıdış planı hazırlanıb, buna uyğun olaraq da iqtisadi və sosial layihələr icra edilir. Hazırkı mərhələdə qarşıda duran ən vacib məsələ işğaldan azad edilmiş ərazilərin bərpası və 30 ilə yaxın bir müddətdə yurd-yuva həsrəti ilə yaşayan, “məcburi köçkün adını” daşıyan vətəndaşlarımızın doğma torpaqlara qayıdışına qısa zamanda nail olmaqdır. 

Qayıdışa hazırlıq və prosesin səmərəli şəkildə təşkili üçün repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq tələb olunur. Bu məqsədlə də məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək vacibdir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır.
Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.

Keçmiş köçkünlərin istək və tələbatları öyrənilir

Prezidentin sərəncamından irəli gələrək tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçirilməsi planlaşdırılıb. Onların birincisi – internet üzərindən keçirilən onlayn-sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir. Sorğuya fevral ayından etibarən başlanılıb və aprel ayınadək davam edəcəyi gözlənilir. Onlayn sorğu sistemi hazırda açıqdır, yəni keçmiş məcburi köçkünlər sorğu suallarını istənilən vaxt cavablandıra bilər. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır. Sorğunun internet ünvanı da qeyd edilir. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin tps://sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir. Onu da qeyd edək ki, keçmiş köçkünlər arasında sorğu yalnız internet üzərindən, onlayn qaydada aparılmır. Keçmiş köçkünlər arasında internet imkanlarından istifadə edə bilməyən təbəqənin də olduğu nəzərə alınaraq telefon bağlantısı da yaradılır, onların rəyi, istəkləri, ehtiyacları, tələbatları öyrənilir.   
Tədqiqat Qrupu məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırıb. Bu sorğu da buna bənzər digər araşdırmalar da Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçündür. 
Qeyd edək ki, sorğunun keçirilməsində Azərbaycan Dövlət İqtisad Universiteti də iştirak edir.  Əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin Vətən müharibəsinədək məcburi köçkün statusu daşıyan, lakin əldə edilmiş Böyük Qələbə nəticəsində artıq keçmiş köçkün hesab edilən əməkdaşları və tələbələri iştirak edirlər. UNEC-dən bildirilib ki, sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları, cavabları məxfi qalacaq. Sorğu mərhələsi bu gün də davam edir. Keçmiş köçkünlərin istək və tələbatlarının dəqiq öyrənilməsinə calışılır. 

Keçmiş köçkünlər bərpa prosesində iştiraka can atır 

Bundan sonra məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr, yaşayış kompleksləri Dağlıq Qarabağda salınacaq. Qayıdış planı ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bildirib ki, keçmiş köçkünlərin qayıdışı yüksək səviyyədə təmin olunacaq, məcburi köçkünlər üçün dünənədək Bakıda, ətraf qəsəbələrdə, bölgələrdə salınan yeni yaşayış massivlərinin ünvanı artıq Qarabağ olacaq.    
Sədr müavini qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə köçkünlərimizi doğma yurd-yuvalarına qaytardı. Müharibədən sonra işğaldan azad olunmuş torpaqlara könüllü qayıdışla bağlı keçmiş köçkünlər tərəfindən yüzlərlə, minlərlə müraciət daxil olur. Bu müraciətlər müxtəlif beynəlxalq təşkilatların kürsülərində səsləndirilib. Bu müraciətlərdə keçmiş köçkünlər işğaldan azad edilmiş torpaqlarda bərpa işlərində də iştirak etmək istədiklərini bildirir. 
Sədr müavini Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə qayıdıb-qayıtmamaqla bağlı məcburi köçkünlər arasında sorğu keçirilməsi ilə bağlı tapşırığına da toxunub: “Son 25-30 il ərzində məcburi köçkünlər və qaçqınlar arasında həm beynəlxalq təşkilatlar, həm QHT, həm də müxtəlif xarici beynəlxalq təsisatlar, özəl şirkətlər, bu yaxınlarda isə Sosial Təhqiqatlar Mərkəzi tərəfindən belə sorğular aparılıb. Bu sorğuların yekdil nəticəsi bundan ibarətdir ki, keçmiş  köçkünlərin mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq niyyətindədir. Ölkə Prezidentinin qərarının məqsədi keçmiş məcburi köçkün və qaçqınlar arasında hərtərəfli, genişmiqyaslı sorğu keçirilməsidir. Bununla bağlı artıq tapşırıqlar verilib. Dövlət Komitəsi olaraq sorğunun anketinə daxil olacaq suallar üzərində iş aparılır. Bu sorğu böyük sosioloji tədqiqatın predmetidir. Əsas məqsəd bir tərəfdən keçmiş köçkün soydaşlarımızın niyyətini öyrənməkdirsə, digər məqsəd işğaldan azad olunmuş hər bir məntəqə üzrə keçmiş köçkünlər üçün sosial iqtisadi profil yaratmaqdır. F.Hüseynov bildirib ki, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş torpaqlarda ən yüksək səviyyədə şərait yaradılacaq: “Bu, həm daimi məskunlaşma, həm məşğulluq, həm səhiyyə, həm təhsil, həm də digər sosial məsələlər baxımından olduqca aktualdır. Prezidentin çıxışına istinad edərək bildirmək istərdim ki, məcburi köçkünlərdən qayıtmaqla bağlı səmimi cavab verməsi xahiş olunur. 

Gənclərin peşə bacarığına yiyələnməsi vacibdir

Qeyd edək ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən elan edilən “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” layihəsi icra edilib. Layihənin məqsədi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşmüş məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması vasitəsilə Azərbaycan Hökumətinin bu sahədə həyata keçirdiyi dövlət siyasətinə dəstəyin göstərilməsidir.
Layihənin hədəf qruplarına aid edilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərində məskunlaşmış məcburi köçkün gənclərinin məşğulluq imkanlarının artırılması üçün layihənin birinci mərhələsində hədəf qrupları arasında sorğu keçirilib, həmin sorğuların nəticələrinə əsasən təlim istiqamətləri və bu peşə təlimlərində iştirak edəcək şəxslər müəyyən olunub. Cari ilin 06 oktyabr tarixindən layihə çərçivəsində “Kompüter operatoru”, “Əməliyyatçı-mühasib” və “Vizajist” peşələri üzrə təlimlərin keçirilməsinə başlanılıb. Ümumilikdə, təlim prosesində 44 nəfər iştirak edib. Layihə gənclər arasında məşğulluğun təmin edilməsinə kömək edəcək. Peşə bacarığı əldə edən gənclər öz doğma yurdlarında işlə təmin ediləcək. Müasir dövrün tələbləri nəzərə alınmaqla gənclərin müasir peşələrə yiyələnməsi vacibdir.  

“Gənclər indidən kənd təsərrüfatı ixtisaslarına yiyələnsin”

Qayıdışla bağlı fikirlərini “Şərq”lə bölüşən Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yeni Sabah” informasiya saytının baş redaktoru, əslən Cəbrayılın Soltanlı kəndindən olan Seymur Verdizadə böyük qayıdışla əlaqədar yaxın 5 ildə kənd təsərrüfatı ixtisaslarına böyük tələbat olacağını dedi: 

- Keçmiş köçkünlər arasında onlayn sorğunun hansı məqsədlə keçirildiyi məlumdur. Bu, lazımlı, gərəkli işdir. Dövlət köçkün ailələrin tərkibini, keçmiş köçkünlər arasında əmək qabiliyyətli olanların sayını, onların hansı peşələrdə, hansı sahələr üzrə çalışdığını, hansı ixtisaslar üzrə mütəxəssislər olduğunu bilməlidir. Qayıdışın səmərəli təşkili bu bilgilərdən çox asılı olacaq. Bu proses elə aparılmalıdır ki, dövlət maraqları da təmin edilsin, vətəndaş maraqları da. Sabah, birisigün doğma yurduna qayıdan vətəndaş işsiz qalmasın, maddi cəhətdən özünü təmin edəcək səviyyədə olsun. Bu sorğular, aparılan statistika, öyrənilən rəylər işğaldan azad edilmiş ərazilərdə hansı müəssisələrin, hansı iş yerlərinin açılmasının zəruriliyi üçün əsas məlumat bazasını təşkil edəcək. Şəxsən mən təklif edirəm ki, orta məktəbi bitirmək üzrə olan gənclərimiz ixtisas seçərkən Azərbaycanın gələcəyini və paralel olaraq öz gələcəklərini düşünsünlər. Azərbaycan böyük Qələbə nəticəsində həm də geniş torpaq sahələri əldə etdi. Bu torpaqlarda sabah iri təsərrüfatlar yaranacaq. Məsləhətlidir ki, gənclərimiz aqronom, zootexnik, baytar, bitkiçilik üzrə ixtisaslara yiyələnsinlər. Çünki yaxın illərdə bu ixtisaslara böyük tələbat olacaq. Niyə hamı həkim, hüquqşünas olmağa can atır? Gözəl Qarabağımızda ixtisaslı aqronim və ya zootexnik yeri gələndə həkimdən də, hüquqşünasdan da  üstün olacaq. Valideynlər də indidən övladlarını doğru yola yönəltsinlər. Bir rayonda uzaqbaşı 1, ya 2 bank olacaq. Kəndlərdə də isə bankomatlar quraşdırılacaq, uzaqbaşı hansısa bankın filialı fəaliyyət göstərəcək. Hazırda mənim 3 qohumum paytaxtda bank işində çalışır. Onların doğma yurdlarında eyni işlə təmin edilməsi çətin ola bilər. Bəlkə də mümkün olacaq, tələbat az olan ixtisaslarda çalışanlar uyğun gələn ixtisaslar üzrə digər işlə təmin ediləcəklər. Amma dediyim budur ki, gənclər ölkəmizin gələcəyinə açıq gözlə baxsınlar və istiqamətlərini düzgün müəyyənləşdirsinlər. Bəzən məndən də soruşurlar ki, kənddə iş tapa biləcəksən?! Cavab verirəm ki, niyə tapmıram? Kənddə böyümüşəm, istənilən işdə çalışa bilərəm. Kəndimiz işğaldan azad olunanda bildirdim ki, kəndə ilk qayıdanlardan biri mən olacam. Amma bəzən xoşagəlməz fikirlərin səsləndiyini də görürəm. Guya ki, keçmiş köçkünlər yurdlarına qayıtmağa həvəs göstərmir. Xahiş edirəm ki, qayıdış məsələsini köçkünlər üzərində mənəvi basqıya çevirməsinlər. Ayrı-ayrı adamlar vəziyyətdən sui-istifadə edib cəmiyyətdə təbəqələri üz-üzə qoymağa cəhd etməsinlər. Biz kiminsə təsiri olmadan da qayıdacağıq. Hamı da qayıtmaq istəyir. Heç kim doğma yurdunu, ev-eşiyini könüllü atıb gəlməyib, paytaxta. Burda məskunlaşdığımız ev, mənzillər kənddəki evlərimizin, həyətlərimizin heç 100-də 1-i deyil. Şəxsən mən kənddə bostan əkməyi burda kimdənsə müsahibə almaqdan üstün tuturam.