"Yeni müharibə Ermənistan üçün fəlakətdir" - Şərh 

Müzəffər Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan silahlı qüvvələri martın 16-dan 20-nədək hərbi təlim keçirmək istəyir. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Ordunun döyüş qabiliyyətinin yoxlanılacağı təlimdə ümumilikdə 7500 hərbçi, 200 raket, reaktiv artilleriya qurğusu, 150 tank əleyhinə vasitə, 100 zirehli texnika, 90-dan çox hava hücumundan müdafiə sistemi cəlb ediləcək. Xatırladaq ki, martın 15-dən 18-nə qədər Azərbaycan Ordusu 10 min şəxsi heyətlə və çoxsaylı müasir zirehli hərbi texnikalarla genişmiqyaslı hərbi təlim keçirəcək. 44 günlük müharibə nəticəsində çökmüş düşmən ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə paralel təlim keçirtmək niyyətinə düşməsi heç də təsadüfi deyil. Bu təlimlərdə məqsəd erməni ordusunun tamamilə məhv olmadığını göstərmək məqsədi daşıyır. 

Düşmənin təlim hazırlığını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Anar İmanov bildirib ki, bu, böyük ehtimalla bizim təlimlərə olan ermənisayağı “cavab”dır. 

Analitikin sözlərinə görə, Ermənistan “qonşudan qeri qalma” prinsipi ilə "hərbi təlim" qərarı verib: 

"44 günlük müharibədə darmadağın olmuş Ermənistan hansı ordu ilə təlim keçirir?! Ermənilər özlərini yenə gülünc vəziyyətə qoyurlar. Paradda keşişləri nümayiş etdirənlər, təlimlərdə öz tanklarını vuranlar, xaricdə təşkil edilən hərbi döyüş texnikasının nümayişi əvəzinə buklet paylayanlar indi də "təlim" keçirəcəklər. Hansı məqsədlə təlim keçirilir? Bəlkə də Ermənistan yenidən müharibə istəyir. Əgər elədirsə, bu, Ermənistan rəhbərliyinin ağılsızlığının göstəricisidir. Çünki cəmi 44 gün göstərdi ki, Azərbaycan düşməndən on qat daha üstündür".

Ekspertə görə, Ermənistan başa düşməlidir ki, yeni müharibə ölkənin tam məhvinə olmasına gətirib çıxara bilər: 

"Bunu başa düşmək üçün akademik olmaq lazım deyil. Sadəcə bir az geri dönüb, yaxın keçmişə nəzər salmaq yetərlidir. Bəli, müharibə bitəndən sonra bəzi ermənilər partizan üsuluna əl atdılar. Amma istədikləri alınmadı və Ermənistan indiyədək yalvarır ki, tutulan terrorçular ölkəyə qayıtsın. İndiki məqamda Ermənistan təlim əvəzinə oturub düşünməlidir ki, illərlə apardığı siyasəti necə dəyişsin. Elə dəyişsin ki, bütün qonşu ölkələrlə normal münasibətlər qurulsun. Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yolu budur.  Yeni müharibə Ermənistan üçün fəlakətdir".