Rusiya dollardan asılılığını azalda bilməz - Ekspert

“Rusiyalı diplomatın açıqlaması istənilən halda iqtisadi əsası olmayan bir yanaşmadır"

Rusiya davamlı olaraq dollardan asılılığını azaldır. Bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib. O, Avrasiya İttifaqı çərçivəsində hesablaşmaların 74%-nin milli valyutalarla aparıldığını bildirib. Volodin Çin və Türkiyə ilə milli valyutalarla hesablaşmaları artırdıqlarını da vurğulayıb. Azərbaycan kimi ölkələrdə bu addım atıla bilərmi?

Suallarımızı cavablandıran iqtisadçı-ekspert Razi Abasbəyli  Sherg.az-a bildirib ki, əslində bu açıqlama daha çox siyasi bir açıqlamadır. Ekspert vurğulayıb ki, burda söhbət hansısa iqtisadi platformada və ya geosiyasi məkanda aparılan ticarət əməliyyatlarının dəyərləndirilməsindən gedə bilməz:

“Rusiyalı diplomatın açıqlaması istənilən halda iqtisadi əsası olmayan bir yanaşmadır. Daxili valyuta ilə ticarət hesablaşmalarının aparılması üçün dünya bazarında iştirakçı olan valyutanın dəyər indeksi olmalıdır. Bu gün dünya bazarında rus rublunun da, türk lirəsinin də dəyər indeksi kifayət qədər aşağı səviyyədədir. Bu baxımdan da hər bir ölkə öz valyutasına qiymət qoya bilməz. Yəni nə Rusiya, nə Türkiyə, nə də Çin öz valyutalarını dəyərləndirə bilməz. Bu heç bir halda milli valyuta ilə ticarət əməkdaşlığının həyata keçirilməsini əsaslandırmaqda ölçü vahidi sayıla bilməz. Avropa İttifaqi deyə bir iqtisadi zona yalnız Asiya birjalarından Avropa birjalarına hansısa formada paralellik aparmaq qədər absurd yanaşmadır”. 

R.Abasbəyli əlavə edib ki, ölkələr öz aralarında o halda milli valyutayla ticarət edə bilərlər ki, ortaq sənaye istehsalı və ya aqrar tədarük mexanizmləri olsun:

“Bu baxımdan da öz valyutasının arxasında konkret dəyər indeksi olmayan ölkələr ən yaxşı halda yenə də ya ABŞ dolları ilə, ya da Avropa avrosu ilə öz valyutalarını qiymətləndirə bilirlər. Bu zaman milli valyutaların hərəkətdə olması, əskinas və ya praktik dövriyyə iştirakçısına çevrilməsindən danışmaq tezdir. Bu baxımdan da Türkiyə, Rusiya, Çin kimi dövlətlər belə bir mexanizmi tətbiq etməkdə çətinlik çəkirlərsə, bu Azərbaycan üçün də bir sıra suallar ortaya qoyur. Hesab edirəm ki, bu siyasi və diplomatik bir addımdır və Azərbaycan hələ ki, adlarını çəkdiyimiz Böyük İyirmilik dövlətləri ilə müqayisədə də dünya iqtisadiyyatı üçün cüzi faiz payına sahibdir. Bu baxımdan da Azərbaycan üçün belə bir təşəbbüs sadəcə olaraq hələ ki, uyğun deyil”.